| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

27 fevral “Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət” mövzusunda “dəyirmi masa” keçirilmişdir

2014-02-27 14:10:52

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Sumqayıt hadisələrinin 26-cı ildönümünə həsr olunmuş “Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət” mövzusunda “dəyirmi masa keçirilmişdir.

AzərTAc xəbər verir ki, SAM-ın direktoru Fərhad Məmmədov tədbiri açaraq 1988-ci il fevralın 28-də baş vermiş bu hadisənin Azərbaycan tarixində çox böyük fəlakətlərə gətirib çıxardığını söyləmişdir. Çünki məhz həmin hadisədən sonra ermənilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məkrli fəaliyyəti daha da fəallaşmışdır. Onlar bu hadisələri qabardaraq fəaliyyətlərinə legitimlik donu geyindirməyə çalışırlar. Sumqayıt hadisələri həm də SSRİ miqyasında yeni bir prosesin başlanğıcı oldu. Ermənilərin və erməni diasporunun həmin hadisələrdən fəal şəkildə istifadə etmələri ona gətirib çıxarmışdı ki, dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məhz bu kontekstdə məlumat alırdı.

Bütün bu hadisələr bizim üçün bir dərs oldu. Həmin hadisələr xüsusi xidmət orqanlarının, erməni diasporunun gördüyü işlər, Azərbaycana qarşı yönəlmiş təxribat zəncirinin bir halqası idi. Bu hadisələrə dünya ictimaiyyəti tərəfindən obyektiv qiymətin verilməsi ilə bağlı işlər görülür.

Sonra tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, tanınmış jurnalist İbrahim Məmmədovun müəllifi olduğu “Azərbaycana qarşı Sumqayıt təxribatı: Qriqoryanın işi” kitabının təqdimatı olmuşdur.

Bildirilmişdir ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılmış və nəşr olunmuşdur. Kitabın öz sözünün müəllifi və elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Qeyd edilmişdir ki, bu kitab Azərbaycan xalqının yaxın tarixində qaranlıq mərhələ təşkil edən Sumqayıt hadisələri haqqında jurnalist təhqiqatının məhsuludur. Kitabın hazırlanmasında məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Kitab artıq rus dilinə tərcümə olunmuşdur. Yaxın vaxtlarda isə ingilis dilinə tərcümə ediləcəkdir.

“Dəyirmi masa” da iştirak edən Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov demişdir ki, bu kitab 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində baş vermiş hadisələrin gedişinin, tarixi köklərinin, səbəblərinin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

R.Usubov bildirmişdir ki, Sumqayıt hadisələrindən 26 il keçməsinə baxmayaraq, ermənilər dünya ictimaiyyətini, beynəlxalq təşkilatları hadisələrin mahiyyəti ilə bağlı aldatmaqdan əl çəkmirlər. Onlar həmin hadisələrin əsl mahiyyətini gizlədərək Azərbaycan xalqı haqqında “vəhşi” obrazı yaratmaq üçün əllərindən gələni edirlər. Halbuki Sumqayıt hadisələri zamanı azərbaycanlılar tərəfindən yüzlərlə erməninin həyatı xilas edilmişdir. Həmin ermənilər özləri sonralar dəfələrlə azərbaycanlılar tərəfindən xilas edildiklərini bildirmişlər. Həmin vaxt Sumqayıtda 18 minə yaxın erməninin yaşamasına baxmayaraq, onlardan cəmi 26 nəfəri ölmüşdür. Amma ermənilər faktları təhrif edərək bildirirlər ki, ölənlərin sayı əslində çoxdur. Lakin həmin 26 nəfərin hamısının kimliyi haqqında dəqiq materiallar vardır.

Diqqətə çatdırılmışdır ki, iş üzrə təqsirləndirilmiş şəxs kimi 6 nəfərin qətlində iştirak etmiş milliyyətcə erməni Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları çox çalışmışlar. Bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilmiş, sonra da azadlığa buraxılmışdır.

R.Usubov demişdir ki, Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi tərəfindən Sumqayıt hadisələri ilə bağlı birgə istintaq qrupu yaradılmışdır. İstintaq işinin gedişi göstərir ki, hadisələrin əsl mahiyyəti açılmamış, gizlədilmiş, əsl təşkilatçılar məsuliyyətdən kənarda qalmışlar. Onların məsuliyyətə cəlb edilmələri üçün heç bir tədbir görülməmişdir. Ona görə də Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurəti yaranmışdır. Məqsəd həmin hadisələrin günahkarlarını, əsasən də təşkilatçılarını üzə çıxarmaqdır.

Baş prokurorun müavini qeyd etmişdir ki, istintaq materiallarına əsasən, Sumqayıt hadisələri zamanı 26 erməni ilə yanaşı, 6 azərbaycanlı ölmüşdür. Erməni milliyyətindən olan bir şəxs avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürmüş və 4 nəfəri öldürmüşdür. Lakin SSRİ-nin hüquq mühafizə orqanları bu faktın üstünü ört-basdır etmişlər. Hazırda həmin iş də təzələnmişdir və istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sonra kitabın müəllifi İbrahim Məmmədov çıxış edərək demişdir ki, Sumqayıt hadisələri zamanı 6 erməninin qətlində iştirak etmiş Eduard Qriqoryanın özünün də erməni olması bütün fakt və sənədlərlə sübuta yetirilmişdir. Bunu hətta E.Qriqoryanın özü də etiraf etmişdir. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, ermənilər və SSRİ xüsusi xidmət orqanları bu hadisələrə əvvəlcədən hazırlıq görmüşlər. Əldə edilmiş faktlar sübut edir ki, Sumqayıt hadisələri Azərbaycana və Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış təxribat idi.

Tədbirdə kitabda yer almış materiallar əsasında çəkilmiş sənədli filmdən bəzi epizodlar nümayiş etdirilmişdir.

“Dəyirmi masa”da digər çıxış edənlər - Milli Məclisin deputatları və tədqiqatçılar kitabın əhəmiyyətindən danışmış, bu nəşri Sumqayıt hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirmişlər.



 

: 1735