| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

5 ildir ki, nəşr edilən "Caucasus International" jurnalının yeni sayı işıq üzü görmüşdür

2017-06-14 07:44:12

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən 2012-ci ildən nəşr edilən “Caucasus International” jurnalının indiyədək 15 sayı işıq üzü görmüşdür. Bu saylarda əksini tapan 177 məqalənin 42-si Azərbaycanlı müəlliflər, 135-i isə 31 müxtəlif ölkəni təmsil edən xarici müəlliflər tərəfindən yazılmışdır. Jurnalla fəal şəkildə əməkdaşlıq edən müəlliflər baxımından ABŞ (23), Böyük Britaniya (12), Kanada (5), İsrail (4), Almaniya (3) və İtaliyalı (3) alim və tədqiqatçıları qeyd edə bilərik. Həmçinin, jurnalda dərc edilmiş məqalələrin büyük bir hissəsi Cənubi Qafqaz regionunu və onun qonşularını - Türkiyə (21), Gürcüstan (13), Rusiya (13), Ukrayna (5), Qazaxıstan (3) və İranı (2) təmsil edən tədqiqatçıların müəllifliyi ilə dərc edilmişdir. Jurnal, eləcə də, dünyanın tanınmış alimləri və dövlət xadimləri ilə 14 müsahibə dərc etmişdir ki, bunlar sırasında Novruz Məmmədov, Zbiqnev Bjezinski, Donald Ramsfeld, Corc Fridman, Con Mirşaymer, Fyodr Lukyanov, Stanislav Çernyavski, Martin İndik, Metyu Brayzə, Qlen Hovard və digərlərini qeyd edə bilərik. Jurnalın hər sayında beynəlxalq münasibətlər və siyasətə dair ən önəmli kitabların geniş icmalı, eləcə də Cənubi Qafqaz regionuna dair dərc edilmiş digər əsərlərin qısa icmalı verilmişdir. Qeyd edək ki, jurnal dərc edildikdən sonra dünyanın 127 ən önəmli kitabxanası, universiteti və tədqiqat institutları və eləcə də regionumuzla maraqlanan beyin mərkəzlərinə göndərilir.


"Caucasus International" jurnalının yeni nəşri Cənubi Qafqaz ölkələrinin  1991-ci ildə müstəqillik əldə etmələrindən sonrakı dövrdə qarşılaşdıqları çağırışlar, əldə etdikəri uğur və nailiyyətləri  təhlil edir.


Dünyanın müxtəlif regionlarından olan müəlliflər tərəfindən yazılan məqalələrdə Cənubi Qafqaz dövlətlərinin xarici siyasəti və regiondakı təhlükəsizlik dinamikası, bu dövlətlərin qurduqları ittifaqlar, regional münaqişələr və beynəlxalq hüquq, region daxilində və ətrafında əməkdaşlıq və rəqabət, regional və qlobal aktorların Cənubi Qafqazdakı rolu kimi aktual mövzulara aydınlıq gətirilir.


Jurnalının hazırkı sayı Vaşinqtonda yerləşən Ceymstaun fondunun presidenti Qlen Hovardın ABŞ-ın Cənubi Qafqaz siyasəti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Post-Sovet araşdırmaları mərkəzinin direktoru Stanislav Çernyavskinin Rusiya-Azərbaycan münasibətlərinə dair yazılı  müsahibələri ilə başlayır. Jurnal Azərbaycanın xarici siyasətinin əsas prioritetləri, prinsip və nəaliyyətləri, Gürcüstanın demokratiya yolundakı mübarizəsi, regionun dövlətlərinin təhlükəsizlikləri və üzləşdikləri təhdidlərin qarşılıqlı asılılğı, həmçinin qlobal güclərin region ətrafında mübarizəsinə həsr olunmuş məqalələrlə davam edir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki rolu və müstəqilliyin 25 illik dövründə  Azərbaycan – Almaniya  münasibətləri də jurnalın bu dəfəki sayının aktual mövzuları sırasındadır. Jurnalın bu sayında, həmçinin, Azərbaycan-Gürcüstan münasibətləri, Ermənistanın xarici siyasətindəki ideoloji məhdudiyyətlər və Avropa İttifaqının Cənubi Qafqazdakı roluna dair üç şərh yer almışdır.


Ənənəvi olaraq, jurnalın qeyd edilən sayında Maykl  Auslin yeni nəşr edilmiş “Asiya əsrinin sonu: Dünyanın ən dinamik regionunda müharibə, durğunluq və risklər” kitabının geniş, eləcə də Cənubi Qafqaz və Avrasiya regionlarına dair  nəşr edilmiş bir sıra digər kitabların qısa icmalı öz əksini tapmışdır.


Jurnalın hazırkı sayını aşağıdakı keçid vasitəsilə oxuya bilərsiniz.

http://cijournal.az/category/new-issue



 

: 995