| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia ilə müzakirəli görüş

2010-02-18 18:33:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi xüsusi layihə üzrə Azərbaycanda diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir. Qeyd olunan layihə çərçivəsində 18 fevral 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Azərbaycan-Avropa İttifaqı münasibətləri: əməkdaşlığın perspektivləri” mövzusunda müzakirəli görüş təşkil edilmişdir. Mövzu üzrə məruzəçi qismində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfiri Roland Kobia təqdimatla çıxış etmişdir. Tədbirdə XİN–in məsul əməkdaşları, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin eləcə də SAM-ın əməkdaşları iştirak etmişlər.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev tədbiri giriş sözü ilə açaraq, cənab Roland Kobianı salamladı və hazırda dünyada cərəyan edən geosiyasi proseslərlə bağlı, enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədəki rolundan danışdı. Cənab Nuriyev xüsusilə vurğuladı ki, Xəzər hövzəsi Avropanın enerji təchizatının divesifikasiyasında çox mühüm rol oynayır. Bu kontekstdə isə Azərbaycanın rolu çox böyükdür. Sonra SAM-ın rəhbəri sözü qonağa verdi.

Səfir Roland Kobia çıxışına Azərbaycan-Aİ arasında olan siyasi, iqtisadi və mədəni əlaqələrə toxunaraq, Azərbaycanın regionda və dünyada enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rola malik olmasını vurğulamaqla başladı. O, həmçinin Avropa Qonşuluq Siyasəti, "Şərq Tərəfdaşlığı” proqramı, Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq məsələlərindən də danışdı.

Regionda cərəyan edən proseslərə və münaqişələrə toxunan cənab səfir bildirdi ki, istənilən münaqişənin ən yaxşı həlli, öz rəqibləri ilə danışıqlar stolu arxasına əyləşməyə hazır olmaqdır. "Şərq Tərəfdaşlığı" bu dialoqa yardım edəcəkdir. Diplomatın fikrincə, "Şərq Tərəfdaşlığı" proqramı Azərbaycana iqtisadi fayda verməklə yanaşı qonşularla dialoqa başlamağa kömək edəcək ki, bu da istənilən münaqişənin həllinin mühüm aspektidir.

"Şərq Tərəfdaşlığı” proqramı barəsində çıxışını davam etdirən cənab Kobia vurğuladı ki, proqram Aİ-nin Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə yaxınlaşmasına yönəldilib. Proqramda göstərilən ölkələrə 2009-2013-cü illərdə 600 milyon avro məbləğində yardım ayrılması planlaşdırılıb. Bu vəsait dövlət institutlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və kiçik şirkətlərə kömək üçün nəzərdə tutulub.

"Şərq tərəfdaşlığı"nın perspektivlərinə gəlincə, cənab Kobia qeyd etdi ki, bu proqram həm Avropa İttifaqı, həm də Azərbaycan üçün ambisiyalı təşəbbüsdür. Bu proqram Azərbaycana böyük fayda gətirəcək və onun fəal inkişafına yardım edəcək. Cənab səfir bildirdi ki, proqram ölkələri ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi, sərbəst ticarət zonasının yaradılması kimi mühüm məsələlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ermənistan - Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə də toxunan səfir bildirdi ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa cəlb edilməməsinə baxmayaraq, Aİ hərbi qoşunların cəlb olunduğu regionların bərpa edilməsinə, əhaliyə yardım etməyə hazırdır.

Tədbirin sonunda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfiri Roland Kobia müzakirələrin nəticəsindən razı qaldığını, yenidən dəvət edilərsə məmnuniyyətlə gəlməyə, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmağa həmişə hazır olduğunu bəyan etdi. Mərkəzin direktoru Elxan Nuriyevə öz dərin təşəkkürünü bildirdi.


 

: 726