| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycanlı alimlər Çində keçirilən beynəlxalq konqresdə iştirak etmişlər

2018-08-21 05:44:51

13-20 avqust 2018-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində XXIV Ümumdünya Fəlsəfə Konqresi (ÜFK) keçirilmişdir. Konqresdə ilk dəfə rekord sayda – dünyanın 100-dən artıq ölkəsindən on minə yaxın alim iştirak etmişdir. Buna görə də Konqresin rəsmi açılışı Çin Xalq Respublikasının Parlamentində – Böyük Xalq Məclisində keçirilmişdir.



Azərbaycan Respublikasını konfransda AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Könül Bünyadzadə və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Tahirə Allahyarova təmsil etmişlər.



Beş ildən bir keçirilən ÜFK -nin bu ilki XXIV Konqresinə Pekin Universiteti ev sahibliyi etmişdir. Əsas devizi “İnsan olmağı öyrənmək” ("Learning to be Human") olan mötəbər tədbirin məqsədi bəşəriyyətin üzləşdiyi problemlərin həllində insan amilinin təhlili olmuşdur. Konqres işini çoxşaxəli problemlərin müzakirə edildiyi 92 elmi sessiya, dəyirmi masalar, master-klass formatlı müzakirələrlə davam etdirmişdir. Azərbaycanlı alimlər Konqresin müxtəlif mövzular üzrə plenar iclaslarında, “Musiqinin fəlsəfəsi”, “Dinlərarası dialoq”, “İslam fəlsəfəsi”, “Siyasətin fəlsəfəsi” , “Qloballaşma və maraqların toqquşması” adlı sessiyalarda məruzələrlə çıxış etmiş və müzakirələrə qoşulmuşlar. Müasir dünyada etnik münaqişələr və qloballaşma mövzusu ilə bağlı sessiyada Azərbaycan xalqına qarşı aparılan işğalçı müharibə və Xocalı soyqırımı haqda ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.



Konqres çərçivəsində təşkil edilən vacib tədbirlərdən biri də bütün dünyada nəşr edilən fəlsəfi kitab və jurnalların sərgisi olmuşdur. İlk dəfə bu sərgidə Azərbaycandan “Metafizika” fəlsəfə və fənlərarası jurnal da nümayiş etdirilmişdir.



Bundan başqa, azərbaycanlı alimlər Çin İctimai Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda dəvətli məruzəçi qismində çıxış etmiş, Konqres iştirakçları üçün Pekin Universitetində təşkil edilmiş dəyirmi masada fikir mübadiləsinə qatılmışlar.



XXIV Ümümdünya Fəlsəfə Konqresinin keçirilməsi üçqat yubiley tədbirlərinə təsadüf etmişdir. Belə ki, Konqresin keçirildiyi günlərdə Pekin Universitetinin 120, Ümumdünya Fəlsəfə Cəmiyyətləri Federasiyasının 75, K.Marksın anadan olmasının 200 illik yubileyləri qeyd edilmişdir.



Konqresə müasir dünyada baş verən problemlərdə elmi ictimaiyyətin daha məsuliyyətli və fəal olması ilə bağlı çağırışlarla yekun vurulmuşdur. Azərbaycanlı alimlər Konqresin sədri, Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyasının prezidenti Dermot Moran və Çin Təşkilat Komitəsinin sədrləri-Hao Ping və Lin Jianhua ilə gələcək iclaslardan birinin ölkəmizdə keçirilməsi ilə bağlı təkliflərini səsləndirmişlər.



 

: 597