| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Azərbaycan və Cənub Şərqi Avropanın yeni enerji geosiyasəti” kitabı nəşr edilmişdir

2015-07-08 09:24:53

İyun, 2015-ci il Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə ABŞ-ın Ceymstaun Fondu (Jamestown Foundation) “Azərbaycan və Cənub Şərqi Avropanın yeni enerji geosiyasəti” (Azerbaijan and the New Energy Geopolitics of Southeastern Europe) kitabını nəşr etmişdir. Nəşrin müəllifləri Marqarita Assenova və Zaur Şiriyevdir.

 

Kitab ön söz, giriş, üç hissədən və tövsiyyələrdən ibarətdir. Kitabın birinci hissəsi “Strateji mənzərə”, ikinci hissəsi “Cənub qaz dəhlizi: Tranzit ölkələr”, üçüncü hissəsi isə “Cənub-Şərqi Avropanın qarşılıqlı bağlanması” adlanır.  

 

Ceymstaun Fondunun da kitabda göstərdiyi kimi həmin tədqiqat işi Şərqi və Cənub-Şərqi Avropada hərbi, iqtisadi və enerji təhlükəsizliyinə ciddi təhdidlərin və yeni çağırışların olduğu bir dövrdə işıq üzü görmüşdür. Müəlliflər enerji mənbələrinin məhdudluğu və alternativsizliyi fonunda Cənubi Şərqi Avropanın enerji təhlükəsizliyinə olan çağırışları təhlil edir, Xəzərin qaz resurslarının və Azərbaycanın verəcəyi tövfənin enerji mənbələrinin müxtəlifləşdirilməsində təsirləri nəzərdən keçirirlər. Bir sıra ekspertlər hesab edir ki, ölkəmizin yeni qaz strategiyası Xəzər dənizi hövzəsinin təbii qaz ehtiyatlarını Azərbaycandan başlayaraq Cənub-Şərqi Avropaya gətirməklə regionda yeni imkanlar yaradacaq, bütövlükdə bölgədə geosiyasi vəziyyəti dəyişəcəkdir.

 

Kitabda ABŞ, Avropa və Azərbaycandan 10-dan çox enerji və beynəlxalq münasibətlər üzrə dünyanın qabaqcıl mütəxəssislərin Azərbaycanın enerji siyasətinin Avropanın ümumi geosiyasi vəziyyətinə təsiri, xarici siyasətimizdə yeni istiqamət olan Balkan yarımadasındakı fəaliyyət, bölgənin müxtəlif ölkələrinə ayrıca təsirləri barəsində, habelə enerji texnologiyalarında baş verən inqilab və s. məsələlərə dair məqalələr toplanmışdır.

 

Xəzər dənizi hövzəsinin qaz ehtiyatlarının Avropa bazarlarına çıxarılması Azərbaycan xarici siyasətinin mühüm tərkib hissəsi olduğu üçün kitabda Azərbaycanın Cənub-Şərqi Avropaya yönəlik siyasəti və sərmayə qoyuluşu təhlil edilir. Kitabda Azərbaycanın Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolu oynaması istiqamətində fəaliyyəti və potensialı, bununla əlaqədar ölkəmizin Avropa İttifaqı və ABŞ-la münasibətlərinin genişlənməsindən də bəhs edilir.

 

Müəlliflər Azərbaycanın qaz strategiyasının əsasının 1990-cı illərdə ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasının davamı olduğunu göstərirlər.

 

 

Topluda Bakının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr fonunda Azərbaycanın Avropa İttifaqı və ABŞ-la münasibətlərinin daha da dərinləşdirilməsi və yeni imkanlar açması potensialı da nəzərdən keçirilir. Belə ki, müəlliflərə görə, Cənub-Şərqi Avropanın bir sıra dövlətləri, eləcə də, Avropa İttifaqı və NATO-ya üzv ölkələr rəsmi Bakının Avropa İttifaqında mövqelərinin möhkəmləndirilməsində, ABŞ-la münasibətlərin genişləndirilməsində mühüm rol oynaya bilər.

 

Kitabda müəlliflərin araşdırmalarının nəticəsi olaraq Azərbaycan Respublikasının milli maraqları və regional təhlükəsizlik məsələlərinə dair siyasətçilər və qərarvericilər üçün praktik tövsiyələr irəli sürülmüşdür. Bu tövsiyələrə ABŞ Konqresi tərəfindən 907-ci düzəlişin ləğv edilməsi zərurəti, ABŞ və Avropa İttifaqının Cənubi Qafqazdan başlayan enerji kəmərlərinin keçdiyi ərazilərdə təhlükəsizliyin təminatı üçün daha da fəallaşdırmağın vacibliyi, ABŞ, Avropa İttifaqı və NATO-nun Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsinə  yönəlik daha fəal siyasət yeritməsinin əhəmiyyəti vurğulanır. Tövsiyələrdə həmçinin region ölkələrinin ərazi bütövlüyünün təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Burada həmçinin Avropa İttifaqının DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsinin tanınması, Azərbaycanın həyata keçirdiyi regional enerji layihələrində ABŞ və Avropa İttifaqının daha geniş iştirakı, Xəzərin dibindən keçəcək Trans Xəzər qaz layihəsində Türkmənistan və Azərbaycana Avropa İttifaqı ölkələrinin yekdil və hərtərəfli dəstək verilməsi kimi tövsiyələr daxildir.


 

: 1936