| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan-Almaniya münasibətləri Cənubi Qafqaz kontekstində

2011-03-19 05:47:00

11 mart 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Per Kristofer Stankinanı qəbul etmişdir. Görüşdə Azərbaycan və Almaniya arasındakı əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yüksək səviyyədə qarşılıqlı səfərlər mübadiləsinin və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan tərəflər, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki ölkənin "beyin mərkəzləri” arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin Azərbaycan və AFR arasında təmasların daha da sıxlaşmasına öz töhfəsini verəcəyinə əmin olduqlarını qeyd etmişlər. Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır.

Daha sonra Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Per Kristofer Stankina "Azərbaycan-Almaniya münasibətləri Cənubi Qafqaz kontekstində” mövzusunda məruzə ilə çıxış etmişdir. Səfir Azərbaycanın strateji baxımdan üç məsələdə Almaniya üçün önəm daşıdığını xüsusi vurğuladı. Bunlar: ölkəmizin Qərbə inteqrasiyası, Cənubi Qafqazda sabitliyin təmin olunmasında və Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında oynadığı mühüm roldan ibarətdir. Qonaq öz məruzəsində regional əməkdaşlıq məsələlərinə toxunaraq, Almaniyanın Cənubi Qafqaz regionunun hər üç ölkəsi ilə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. O, qeyd etmişdir ki, Almaniya Federativ Respublikası bu regionda sülhün və sabitliyin tərəfdarıdır və bu istiqamətdə həm Almaniya, həm də Avropa İttifaqı tərəfindən addımlar atılmaqdadır. Tədbirdə 2008-ci ilin avqust ayında Gürcüstanda baş verən hadisələr, NATO və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq perspektivləri, Almaniya-Rusiya münasibətləri, Avropa Qonşuluq Siyasəti, "Şərq Tərəfdaşlığı” proqramı, enerji sahəsində əməkdaşlıq, Nabukko layihəsi, terrorizmə qarşı mübarizə, beynəlxalq təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi və digər bu kimi məsələlər müzakirələrin əsas mövzusu olmuşdur.


 

: 6