| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan Rusiya əlaqələri müasir regional geosiyasət kontekstində

2009-06-05 14:16:00

5 iyun 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Müzakirələr üçün toplantılar” adlı xüsusi layihə çərçivəsində ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşlərə həsr olunan tədbirlərə start verildi. İlk müzakirə «Müasir regional geosiyasət kontekstində Azərbaycan Rusiya münasibətləri»nə həsr edilmişdir. Tədbirin ilk qonağı Rusiyanın Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Elxan Nuriyev tədbiri giriş sözü ilə açaraq, Rusiyanın Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini iştirakçılar adından salamlamışdır. Elxan Nuriyev giriş sözündə layihənin əsas məqsədi barədə tədbir iştirakçılarını məlumatlandırmış, mərkəzin dəvətini qəbul edib gəldiyi üçün səfirə təşəkkürünü bildirmiş, onun əsas məruzəçi kimi çıxış edəcəyini qeyd etmişdir.
Daha sonra Elxan Nuriyev Rusiya-Azərbaycan münasibətləri, mövcud regional geosiyasətin iki ölkənin qarşılıqlı əlaqələrinə təsiri barədə məruzə ilə çıxış etmək üçün sözü Rusiyanın Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə vermişdir.
Səfir Vladimir Doroxin öz çıxışına başlayaraq tədbirə dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini qeyd etmişdir. O diplomatiya sahəsi ilə uzun müddətdir ki, peşəkar şəkildə məşğul olduğu, bu sahədə işlədiyi vəzifələr və ölkələr barədə məlumat verdi. Azərbaycanda səfir kimi fəaliyyətini isə öz diplomat karyerası üçün son dərəcə yüksək və şərəfli bir dönəm olduğunu qeyd etdi.O dedi ki, Azərbaycan Rusiyanın xüsusi önəm verdiyi ölkələrdəndir. Elə buna görə də Bakıda çalışmaq diplomat kimi mənim üçün həm çətin, həm də məsuliyyətlidir.
Rusiyanın Azərbaycandakı səfiri MDB məkanında ən yaxşı münasibətlərin Azərbaycan və Rusiya arasında yaradıldığını xüsusi vurğuladı: "İki ölkə arasında ən sıx münasibətlərin yaradılmasına təsir göstərən əsas məsələ, Azərbaycanda və Rusiyada güclü liderlərin olması amili ilə izah etmək olar.. Ölkələrimiz arasında münasibətlərin böhranlı anında Azərbaycanda və Rusiyada Heydər Əliyev və Vladimir Putin kimi liderlərin olması, bu liderlərin ölkələrimiz arasında mehriban münasibətlərin əsasını yaratmaları tarixi faktdır. Əlamətdar haldır ki, bu xətti indiki prezidentlər- İlham Əliyev və Dmitri Medvedev uğurla davam etdirirlər”.Səfir 17 illik tarixi olan diplomatik münasibətlərin qədim tarixi köklərə dayandığını və bu əməkdaşlığın təməlinin möhkəm olduğunu söylədi və bu sahədə bəzi rəqəmləri tədbir iştirakşılarının nəzərinə çatdırdı.
Vladimir Doroxin qeyd etdi ki, 1992-ci il 4 aprel tarixində imzalanmış protokolla Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin əsası qoyulmuşdur.Ötən müddət ərzində iki qonşu dövlət arasında sıx iqtisadi, siyasi bağlar formalaşıb. İki dövlətin rəsmiləri 120-yə yaxın əməkdaşlıq sənədi imzalayıb. Rusiya və Azərbaycan xüsusilə iqtisadi sahədə uğurla əməkdaşlıq edir. Dövlətlərimiz arasında ticarət dövriyyəsi 2,4 milyard dollar təşkil edir. Rusiya Azərbaycanın ən iri ticari tərəfdaşıdır. Ölkəmizin həyata keçirdiyi xarici mal dövriyyəsinin 17,2 faizi şimal qonşumuzun payına düşür. Rusiyadan ölkəmizə əsasən, maşınqayırma, kimya sənayesi məhsulları, avtomobil, meşə materialları təşkil edir. Ötən il Azərbaycanın Rusiyaya ixracatında əhəmiyyətli artım müşahidə edilib. Hazırda şimala 521 milyon dollar dəyərində Azərbaycan istehsalı olan məhsul daşınır. Rusiya Azərbaycan münasibətlərində qaz alış-verişi xüsusi əhəmiyyətə malikdir. Qərbli ekspertlər bəzən Bakı ilə Moskva arasındakı enerji əməkdaşlığını siyasiləşdirir. Amma rəsmi mövqe ondan ibarətdir ki, Rusiya və Azərbaycan qarşılıqlı iqtisadi fayda və maraqları əsas götürərək mavi yanacaq ticarəti aparır. Tərəflər arasında imzalanmış son protokol Xəzərdə hasil edilən Azərbaycan qazınını 2010-cu ildən etibarən Rusiyaya ixracını nəzərdə tutur. Moskva və Bakı digər fəaliyyət sahələrində də uğurla əməkdaşlıq edir. Xəzərin hüquqi statusu məsələsində iki ölkə arasında heç bir mübahisəli məsələ yoxdur. 2001-ci ildə o dövrkü prezident Vladimir Putinin Bakıya səfəri zamanı imzalanmış sənəd, gölün statusu ilə bağlı ilk rəsmi razılaşma sənədidir.
Rusiyalı diplomat ölkəsi ilə Azərbaycanın qlobal siyasətə yanaşmada maraqlarının üst üstə düşdüyünü vurğuladı. Hər iki ölkə hesab edir ki, dünya siyasəti beynəlxalq hüquq normaları əsasında qurulmalıdır. Səfir rəsmi Moskvanın Qafqazda sabitliyin təmin edilməsində maraqlı olduğunu bildirdi. Moskvada Azərbaycanın Rusiyanın milli təhlükəsizliyini təhdid altına almayacağına əmindirlər. O, xüsusi olaraq vurğulamışdır ki, bizim xalqlarımız və dövlətlərimiz arasında yüksək səviyyəli qarşılıqlı anlaşma və hörmət var. Rusiya–Azərbaycan əlaqələrinə toxunan səfir, bir çox məqamlara aydınlıq gətirərək, bildirmişdir ki, Azərbaycan müstəqil dövlət kimi sabitdir, dünya arenasında nə istədiyini bilir, biz Azərbaycanı olduğu kimi qəbul edirik və bundan artığını da istəmirik. Onun sözlərinə görə, Rusiya Azərbaycanı artıq kiçik qardaş kimi deyil, müstəqil bir dövlət kimi görür.
Vladimir Doroxin çıxışını bitirdikdən sonra tədbir iştirakçılarının ona ünvanlanmış çoxsaylı suallarını cavablandırdı.
Suallar iki ölkənin qarşılıqlı münasibətlərin çoxşaxəli istiqamətlərini və regionda baş verən geosiyasi proseslərin məhiyyətini əhatə edirdi. Tədbir iştirakçılarının səsləndirdiyi: Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik rolu; Rusiya–Ermənistan, Rusiya–Ukrayna münasibətləri, Azərbaycanın Rusiyadakı diasporasının fəaliyyəti ilə bağlı məsələlər; qarşılıqlı faydaya əsaslanan strateji əməkdaşlığın bir çox sahələri; Rusiya –Gürcüstan münaqişəsi ilə bağlı regionun ümumi təhlükəsizliyinə olan təhdidlər; elm, mədəniyyət və təhsiln sahəsində ikitərəfli mübadilə proqramları və s. mövzularını əhatə edən, geniş maraq oyadan sualları qeyd etmək vacibdir.
Səfir, Rusiyanın bir MDB məkanında Azərbaycanın və Ermənistanın strateji tərəfdaşı kimi Dağlıq Qarabağ münaqişəsini həll etmək imkanı olduğu halda, nə üçün bu problemin həllində gözləmə mövqeyi tutduğuna dair sualı cavablandırdı.O qeyd etdi ki,"Bizim mövqeyimizi nə erməni yönlü, nə də Azərbaycan yönlü adlandırmaq doğru deyil. Münaqişənin həllində beynəlxalq hüquq normaları və prinsipləri, qəbul olunmuş qətnamələr var və heç kim onları inkar edə bilməz. Biz bunlara əsaslanan ədalətli barışıq əldə etməyə çalışırıq. Biz münaqişənin başlanğıcından bu prosesdə konstruktiv mövqe tutduğumuzu göstərmişik. Azərbaycanla Ermənistan arasındakı atəşkəs sazişinin məhz Rusiyanın təşəbbüsü olduğunu yada salmaq istəyirəm. Münaqişəli tərəflər üçün çox böyük əhəmiyyətə malik olan atəşkəs qərarının imzalanmasında Rusiyanın çox böyük rolu olmuşdur”
Vladimir Doroxin fikrini davam etdirərək qeyd etdi ki, hazırda obyektiv olaraq digər format - beynəlxalq format yaranmışdır. Bu format Azərbaycan və Ermənistanın, həmçinin beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun olaraq formalaşmışdır. Rusiya bu formatda iştirak edir, amma biz tərəflərin heç birinə əmr edə bilmərik. Rusiya suveren dövlətlər olan Azərbaycan və Ermənistana əmr edə, təzyiq göstərə, konfliktin həllini tək öz üzərinə götürə və hansısa bir tərəfə hökm edə bilməz. Mürəkkəb proses gedir, biz bu gün ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçiyik və ədalətli barışığa gətirə bilən təklif və ideya verməkdən başqa heç nə edə bilmərik. Artıq hamınız bilirsiniz ki,bunlar əvvəl Praqa təklifləri idi, sonra Madrid təklifləri formalaşdırıldı. Bu gün həmin təkliflər üzərində danışıqlar aparılır. Sankt-Peterburqda keçirilmiş görüşdən sonra vasitəçilərdən hansısa iş görməyi xahiş edəcəklər, biz də dünyada, regionda yaranmış ümumi vəziyyətə, tərəflərin razılığına uyğun həmin işi görəcəyik. Başqa xüsusi imkanlarımız yoxdur. Rusiya sadəcə olaraq konfliktin ədalətli həll olunmasını istəyir.”
Vladimir Doroxin Rusiyanın Ermənistana silah ötürməsi barəsində sualı cavablandıraraq qeyd etdi ki, bu məlumat həqiqətə uyğun deyil və Rusiya tərəfindən bu cür addım atılmayıb. Onun sözlərinə görə, Rusiya dövləti tərəfindən bu məsələ ilə bağlı ən yüksək səviyyədə rəsmi açıqlamalar verilmiş və məlumat təkzib olunmuşdur.
Rusiya Gürcüstan münasibətləri və Cənubi Osetiya konflikti ilə bağlı sualı cavablandıraraq, cənab səfir qeyd etdi ki, Gürcüstanın Cənubi Osetiyaya müdaxiləsinin nəticəsində Rusiya sülhməramlı əsgərləri öldürülmüş və orada yaşayan Rusiya vətəndaşları təhlükə ilə üz üzə qalmışdırlar. Bunun nəticəsində də Rusiya öz vətəndaşlarını qorumaq məqsədi ilə Gürcüstana müdaxilə etmək məcburiyyətində qalmışdır.
Azərbaycanın Rusiyadakı diasporası ilə müqayisədə erməni diasporasının daha geniş imkanlara malik olması haqqında verilən sualda səslənən fikirlə razı olmadığını bildirdi. O cavabını belə əsaslandırdı ki, Ermənistanla müqayisədə Azərbaycan dövləti daha zəngindir, iqtisadi baxımdan daha çox inkişaf edib və deməli imkanları daha genişdir, sadəcə Rusiyanın Azərbaycan diasporası bu imkanları intensiv həyata keçirməyə səy göstərməli, ondan yararlanmalıdır. Bunun üçün şərait var.
Daha sonra səfir iki ölkə arasındakı elmi,mədəni əlaqələrə dair sualları cavablandırdı.Elm və təhsil sahəsində mübadiləyə dair dövlət proqramlarını, onların həyata keçirilmə intensivliyinin MDB və dünya dövlətləri üçün nümunəvi səviyyədə olduğunu vurğuladı.
Tədbirin sonunda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin müzakirələrin nəticəsindən razı qaldığını, yenidən dəvət edilərsə məmnuniyyətlə gəlməyə,qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmağa həmişə hazır olduğunu bəyan etdi. Mərkəzin direktoru Elxan Nuriyevə öz dərin təşəkkürünü bildirdi.


 

: 891