| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycanın və Rusiyanın “beyin mərkəzləri” əməkdaşlıq haqqında memorandum imzalamışlar

2011-03-14 19:48:00

14 mart 2011-ci il tarixində Moskvada Rusiya Strateji Araşdırmalar İnstitutu (RİSİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Sənədi Azərbaycan Respublikasının Prezidenti yanında SAM-ın direktor müavini Gülşən Paşayeva və RİSİ-nin direktoru Leonid Reşetnikov imzalamışdır.
İmzalanmış sənədi yüksək qiymətləndirən tərəflər bu sənədin iki ölkənin "beyin mərkəzləri” arasında əlaqələrin inkişafında yeni mərhələ açacağına əminliyini bildirmişlər. Qeyd edilmişdir ki, bu müqavilə iki dövlətin ekspert birliklərinin nümayəndələrinin əməkdaşlığına gözəl nümunədir və Azərbaycan-Rusiya əməkdaşlığının çoxşaxəli spektrində öz layiqli yerini tapacaqdır.
SAM və RİSİ iki ildən çoxdur ki, sıx əməkdaşlıq edir. Əməkdaşlıq haqqında Memorandumun imzalanması ekspertlərin qarşılıqlı fəaliyyətinin məntiqi davamıdır. Bu əməkdaşlıq çərçivəsində RİSİ 2000-ci ildə Azərbaycana aid geniş tədqiqat aparmışdır. Həmçinin, 2009-cu ildə Moskvada və 2010-cu ildə Bakıda SAM və RİSİ Azərbaycan-Rusiya münasibətlərinə dair dəyirmi masalar keçirmişlər. Habelə 2010-cu ilin may-iyun aylarında Rusiya Strateji Araşdırmalar İnstitutunun Qaradəniz-Xəzər informasiya-analitik mərkəzinin rəhbəri(Rostov-na-Donu şəhəri) Eduard Popov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində qonaq elmi işçilərin mübadiləsi proqramı çərçivəsində elmi tədqiqatlar aparmışdır. Bundan əlavə, cari ilin oktyabr ayında Bakıda keçiriləcək Beynəlxalq Humanitar Foruma aid birgə tədqiqatlar aparılacaqdır.
Elə həmin gün RSAİ-nin binasında "Azərbaycan-Rusiya əməkdaşlığının aktual məsələləri” mövzusunda dəyirmi masa keçirilmişdir. Diskussiyalarda Azərbaycan Prezidenti yanında SAM-ın direktor müavini Gülşən Paşayeva, Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi Fərhad Məmmədov, SAM-ın məsləhətçi-eksperti Heydər Mirzə, eləcə də RİSİ-nin rəhbəri L.Reşetnikov, direktor müavini İ.Prokofyev, şöbə müdiri V.Blinkov, aparıcı elmi işçi Y.Qluşenko və digər ekspertlər iştirak etmişdir. Onlar Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafının müxtəlif aspektlərini müzakirə etmişlər. Məsələn, Ermənistan Azərbaycan münaqişəsinin tənzimlənməsi baxımından Rusiya-Azərbaycan münasibətləri, enerji sahəsində əməkdaşlıq, strateji perspektivdə isə beynəlxalq siyasət, Rusiya və Azərbaycan üçün xarici təhdidlər kimi məsələlər nəzərdən keçirilmişdir.
Rusiyalı ekspertlərin çıxışında qonşu dövlət olaraq Azərbaycanın Rusiya üçün əhəmiyyətliliyindən bəhs olunub. Tədbir zamanı qeyd olunub ki, iki ölkə arasındakı sərhəd qeyri-sabitliyin hökm sürdüyü Şimali Qafqaz ərazisindən keçir, bu isə Rusiya və Azərbaycan arasında qarşılıqlı anlaşmanın vacibliyini önə çəkir. Görüş zamanı həmçinin Azərbaycanın yürütdüyü xarici siyasətin son dövrdə regionda və beynəlxalq aləmdə artan rolu da vurğulanıb. Ekspertlərin sözlərinə görə, Azərbaycan enerji bazarında ciddi mövqeyə malikdir və Rusiya enerji resurslarının idxalçısı olaraq bu fakta biganə yanaşa bilməz. Eləcə də qeyd olunub ki, Rusiya ənənəvi olaraq Azərbaycanı böyük həcmdə məhsulla təchiz edir və bu işdə digər tədarükçü ölkələr sırasında lider rolunu oynayır. Rusiyadan Azərbaycana idxal olunan malların 90 faizini maşınqayırma, avtomobil və kimya sənayesi məhsulları, metal tərkibli məmulatlar, meşə və tikinti, yeyinti və kənd təsərrüfatı məhsulları təşkil edir.
İki dövlət arasında aparılan danışıqlar Rusiya və Azərbaycan arasında qarşılıqlı maraq çərçivəsində etimad və hörmətə əsaslanan strateji əməkdaşlığın müsbət istiqamətdə inkişafını bir daha sübut edir.
Martın 15-də isə SAM-ın nümayəndə heyəti Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda "Rusiya-Azərbaycan münasibətləri Cənubi Qafqaz kontekstində” mövzusunda keçirilmiş növbəti tədbirdə iştirak etmişlər. SAM-ın nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın tanınmış ekspertləri ilə görüşlər keçirmiş, bir sıra mühüm regional layihələr barəsində geniş müzakirələr aparmışlar.


 

: 347