| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Barak Obama Administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda dəyirmi masa

2011-04-30 01:52:00

29 aprel 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Azərbaycanın tarixi, milli identikliyin inkişafı ilə bağlı bir çox əsərin müəllifi, İsrailin Hayfa Universitetinin professoru Brenda Şafer və Corc Vaşinqton Universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri, professor Kori Veltin iştirakı ilə "Barak Obama Administrasiyası və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Görüşdə SAM-ın əməkdaşları, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq məsələlər üzrə ekspertlər və müxtəlif universitetlərdən olan müəllim və tələbələr iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan SAM-ın direktor müavini Gülşən Paşayeva iştirakçıları salamladı və məruzəçiləri onlara təqdim etdi. Gülşən Paşayeva Qarabağ münaqişəsinin tarixi, Azərbaycan rəhbərliyinin sülh səyləri və son on illikdə ABŞ-Azərbaycan əlaqələrinin inkişaf dinamikası haqqında məlumat verdi. O, həmçinin ABŞ-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, eləcə də son dövrlər ikitərəfli münasibətlərdə baş verən önəmli məqamları vurğulayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin ABŞ-Azərbaycan münasibətlərinə təsirindən danışdı. Sonra söz məruzəçilərə verildi.

Dəyirmi masanın ilk məruzəçisi Brenda Şafer hazırkı çoxqütblü dünyada böyük güclərin sülh və sabitliyi təmin etməkdə çətinliklərlə üzləşdiyini qeyd edərək, regional dövlətlərin təsir gücündən danışdı. O, Rusiyanın Qafqaz regionunda daha çox təsir gücünə malik olduğunu deyərək Dağlıq Qarabağ münaqişəsinin həllində məhz bu dövlətin ən önəmli təsir vasitələrinə malik olduğunu qeyd etdi. Onun sözlərinə görə hazırda Qafqaz regionunda fövqəldövlətlər arasında qüvvələr disbalansı var və Rusiya indi bu bölgədə özünü daha əmin hiss edir. Brenda Şaferin fikrincə "bu, xüsusən Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra daha çox nəzərə çarpmağa başlayıb”. Obama Administrasiyasının Azərbaycan, Türkiyə və Suriyaya səfir təyin etməsinin nə qədər uzun müddət çəkdiyini xatırladan Brenda Şafer, ABŞ Konqresi və müxtəlif hökumət qurumlarının xarici siyasətə dair fərqli baxışlarının mövcudluğunun ABŞ-ın regionda fəal xarici siyasət yeritməsinin qarşısını aldığını dedi. 2011-ci ildə ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 10 milyon ABŞ dolları məbləğində yardım ayırmasını "məsuliyyətsizlik” adlandıran Şafer yekun olaraq bildirdi ki, hazırda ABŞ-Rusiya münasibətlərinin normallaşması, Türkiyə-Rusiya münasibətlərində son illər müşahidə olunan güclü inkişaf və Rusiyanın regiona yanaşmasında hiss edilən dəyişikliklər münaqişənin həlli üçün əlverişli şərait yaratmışdır.

Digər məruzəçi Corc Vaşinqton Universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri, professor Kori Velt öz çıxışında Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən ayırmaq cəhdlərinin ABŞ tərəfindən yol verilmiş səhv olduğunu bildirdi. K. Veltin fikrincə, bu təşəbbüs zamanı Azərbaycanın mövqeyini və Qarabağ amilinin nəzərə alınmaması nəticə etibarilə sərhədi açmaq təşəbbüsünün yarımçıq qalmasına gətirib çıxarıb və hadisələrin inkişaf dinamikası onu göstərib ki, bu məsələni Dağlıq Qarabağ münaqişəsindən ayrıca həll etmək mümkün deyil. O, həmçinin qeyd etdi ki, Barak Obama Administrasiyası Rusiya ilə münasibətləri yaxşılaşdırmaq siyasətini regiondakı müttəfiqlərinə düzgün təqdim edə bilməmişdir və bu həmin dövlətlərdə Vaşinqtonun müttəfiqlərinin maraqlarını Rusiya ilə münasibətlərin düzəlməsi naminə qurban verə biləcəyi təəssüratını yaratmışdır. Konqresin Qarabağa illik maliyyə yardımları göstərməsinə gəlincə, K.Velt bu məsələnin "daxili siyasi amillərlə” əlaqəli olduğunu və erməni icmasının bəzi konqresmenlər üçün önəmli seçici kütləsi olmasından qaynaqlandığını etiraf edib.

Daha sonra məruzəçilər tədbir iştirakçılarının ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində mümkün rolu və prosesin gələcək inkişaf perspektivləri barəsində suallarını cavablandırdılar.


 

: 840