| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Beynəlxalq Sülh İnstitutunun prezidenti Terye Röd-Larsenin başçılıq etdiyi nümayəndə heyəti SAM-ın qonağı olmuşdur

2014-03-11 18:06:12

11 mart 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Oslo anlaşmaları və Yaxın Şərq sülh prosesində hazırkı vəziyyət” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Beynəlxalq Sülh İnstitutunun (Nyu-York) prezidenti Terye Röd-Larsenin başçılıq etdiyi nümayəndə heyəti SAM-ın qonağı olmuşdur.

Görüşdə SAM-ın direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, millət vəkili Asim Mollazadə, Azərbaycan Futuroloq Cəmiyyətinin rəhbəri Reyhan Hüseynova, politoloq, Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev, politoloq Fikrət Sadıqov və s. qonaqlar iştirak etmişlər.

Tədbirdə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, Yaxın Şərq sülh prosesinin tarixi və hazırkı durum, Yaxın Şərqdəki münaqişələr və onların həlli yolları, müasir geosiyasi proseslər və onların münaqişələrin həllinə təsiri potensialı kimi mövzular müzakirə olunmuşdur.  

Qeyd edək ki, Terye Röd-Larsen 2005-ci ildən BSİ-nin prezidenti vəzifəsində çalışır. O, eyni zamanda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin Təhlükəsizlik Şurasının 1559 saylı qətnaməsinin  (Livandakı vəziyyətə dair) icrası üzrə xüsusi elçisidir.

Terye Röd-Larsen 1992-ci ildə Fələstin Azadlıq Təşkilatı (FAT) və İsrail arasında danışıqlara vasitəşilik etmişdir. O növbəti il FAT və İsrail hökuməti arasında imzalanan Oslo anlaşmalarının əsas memarı hesab edilir.

T.Röd-Larsen 1994-2004-cü illərdə Yaxın Şərq sülh danışıqları üzrə BMT-nin xüsusi əlaqələndiricisi və BMT Baş katibinin FAT və Fələstin hökuməti  yanında xüsusi nümayəndəsi kimi çalışmışdır. 1999-cu ildən, həmçinin, BMT Baş katibinin Livanda xüsusi elçisi təyin edilmiş, 2005-ci ildə BMT Baş katibinin xüsusi nümayəndəsi kimi rəsmi Dəməşqlə danışıqlar apararaq Suriyanın Livandakı hərbi qüvvələrini geri çəkməsinə nail olmuşdur.

Nəzərinizə çatdıraq ki, Beynəlxalq Sülh İnstitutu (BSİ) müstəqil, qeyri-kommersiya məqsədli araşdırma mərkəzidir. BSİ-nin əsas fəaliyyəti beynəlxalq və milli səviyyədə çalışan siyasətçilərə regional və qlobal təhlükəsizliyə yönələn müxtəlif təhdid və çağırışlarla bağlı praktik siyasi konsultasiya xidməti həyata keçirməkdən ibarətdir. Bu xidmətdən, əsasən, BMT və taşkilata üzv dövlətlər, regional və sub-regional təşkilatlar, akademik qurumlar və vətəndaş cəmiyyətinin təmsilçiləri faydalanır.

Tədbirin sonunda məruzəçi iştirakçıları maraqlandıran suallara cavab vermişdir. 



 

: 1121