| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri

2009-11-18 15:13:00

20 noyabr 2009-cu il tarixində, saat 09.30-da Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi(SAM) Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutu(İİSS) ilə birgə layihə çərçivəsində "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil edəcək.

Konfransın keçirilməsində əsas məqsəd dünyanın aparıcı "beyin mərkəzlərini” bir araya gətirərək dünyanın geosiyasi cəhətdən önəmli regionlarından sayılan Cənubi Qafqaz dövlətlərinin mövcud reallıqlarını müzakirə etmək, regionun inkişaf perspektivlərinə, təhlükəsizlik məsələsinə, sülhə və əməkdaşlığına dair fikir mübadiləsi aparmaq, bununla da Azərbaycanın xarici siyasətinin inkişafına, beynəlxalq diplomatiya proseslərinə elmi töhvələr verməkdir.

Tədbir iştirakçıları Cənubi Qafqazda uzunsürən regional münaqişələr və onların sülh yolu ilə həllinin yeni istiqamətləri, regional dövlətlərin enerji sahəsindəki əməkdaşlığı, xüsusən də Şərq-Qərb enerji dəhlizinin çağırışları və imkanlarını, enerji layihələrinin bu bölgədə sabitliyə və təhlükəsizliyə təsirini, Cənubi Qafqaz dövlətlərinin Avropa İttifaqına inteqrasiyasını, regional və qonşu dövlətlərin sülh və əməkdaşlıq perspektivlərini, beynəlxalq təhlükəsizlik problemlərini, analitik institutlar arasında elmi-tədqiqat sahəsində əməkdaşlığına aid olan regional əhəmiyyətli strateji layihələr və regionun geosiyasəti üçün önəmli olan digər bu kimi prioritet məsələləri geniş müzakirə mövzusuna çevirəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutu (Böyük Britaniya), Ceymstaun Fondu (ABŞ), Cons Hopkins Universiteti (ABŞ), "Heritage” (İrs) Fondu (ABŞ), Avropa Beynəlxalq Münasibətlər İnstitutu (Belçika), Atlantik Şurasının Avrasiya Enerji Mərkəzi (ABŞ), Avropa İttifaqı İnstitutu (Fransa), Hamburq Universiteti (Almaniya), Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu nəzdində Post Sovet Araşdırmalar Mərkəzi, Tehran Universiteti, Strateji və Beynəlxalq Araşdırmalar Fondu (Gürcüstan), TOBB İqtisadiyyat və Texnologiya Universiteti (Türkiyə) kimi dünyanın qabaqcıl "beyin mərkəzlərinin” rəhbərləri və elmi işçiləri əsas məruzəçi və ekspert qismində konfransın iştirakçıları olacaqlar.

Konfransda, həmçinin Azərbaycanın dövlət və hökümət nümayəndələri, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərin rəhbərləri, elm və təhsil sahəsinin təmsilçiləri, QHT nümayəndələri, KİV rəhbərləri, regional və beynəlxalq münasibətlər üzrə digər mütəxəssislər də iştirak edəcək.


 

: 97