| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Enerji və digər təbii sərvətlər sahəsində investisiya münasibətlərində münaqişələrin qarşısının alınması və idarə edilməsi

2009-05-14 18:14:00

12-13 may 2009-cu il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev Nyu-Yorkda, Kolumbiya Universiteti nəzdində Enerji, Dəniz Nəqliyyatı və İctimai Siyasət Mərkəzində "Enerji və digər təbii sərvətlər sahəsində investisiya münasibətlərində münaqişələrin qarşısının alınması və idarə edilməsi” mövzusunda təşkil olunmuş konfransda iştirak etmişdir. Mayın 13-də bu forumun "Geniş dialoq siyasəti: ümumi baxışların tapılmasına yönəlmiş qlobal və regional təşəbbüslər” adlı birinci sessiyasında əsas məruzəçi qismində çıxış edən SAM-ın rəhbəri Azərbaycanın balanslı xarici siyasət kursunu həyata keçirməsinin səbəblərini açıqlamış, mövcud münaqişələrin ədalətli həlli və region ölkələrinin ümumi əmin-amanlığı və rifahı naminə dövlətimizin qonşu ölkələrlə sıx əməkdaşlığa can atdığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Konfrans çərçivəsində Elxan Nuriyev Beynəlxalq və İctimai Əlaqələr məktəbinin dekanı Con Kotsvorsla görüş keçirmişdir. Cənab Kotsvors ali təhsil və siyasi elmlər üzrə tədqiqatlar sahəsində Azərbaycanın beyin mərkəzləri və ali təhsil müəssisələri ilə sıx əlaqələrin qurulmasında maraqlı olduğunu bildirmişdir. O, Kolumbiya Universitetinin Azərbaycana bir necə istiqamətlər üzrə, məsələn, dövlət qulluqçularının və dövlət rəsmilərinin idarəetmə sahəsində təhsili, elmi tədqiqatla məşğul olan alimlərin mübadiləsi sahəsində köməklik edə biləcəyini qeyd etmişdir. O, azərbaycanlı tələbələrin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində elmi dərəcə almağa daha çox maraq göstərəcəklərinə ümidvar olduğunu vurğulamışdır.


 

: 385