| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: 2009-cu ilin yekunları və gələcək perspektivlər

2011-03-18 05:45:00

2009-cu il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) "The First News” İnformasiya Agentliyi ilə birgə layihə çərçivəsində "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: 2009-cu ilin yekunları və gələcək perspektivlər” mövzusunda dəyirmi masa təşkil etdi.

Tədbirdə Dağlıq Qarabağ münaqişəsi, onun həlli istiqamətində 2009-cu ildə atılmış addımlar, Azərbaycan və Ermənistan prezidentlərinin keçirdikləri görüşlər, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin fəallaşmasına toxunuldu. Tədbir iştirakçılarının gəldiyi ümumi fikrə görə, Minsk Qrupu çərçivəsində danışıqlar prosesində müsbət dinamika mövcuddur və bu dinamika 2010-cu ildə müəyyən nəticələr verəcəyinə ümid yaradır. Həmçinin bildirildi ki, 2009-cu il intensiv danışıqlar ilidir. Konkret nəticələr əldə olunmasa da, müəyyən prinsiplər üzərində ciddi işlər görülür. Türkiyənin danışıqlar prosesinə qoşulması isə müsbət siyasi hal kimi dəyərləndirildi.

Türkiyə-Ermənistan münasibətləri və ümumiyyətlə, son zamanlar Cənubi Qafqaz bölgəsində baş verən hadisələrə toxunan ekspertlər qeyd etdilər ki, 2008-ci il avqust hadisələrindən sonra dünyada çox ciddi geosiyasi dəyişikliklər baş verir. Türkiyə və Ermənistan arasında imzalanan protokollara gəldikdə isə, dəyirmi masa iştirakçıları iki dövlət arasında qarşılıqlı etibarın olmamasını söyləyərək, bu sənədlərin "ölü vəziyyətdə” qalmasını vurğuladılar.

Moskva Bəyannaməsi, Madrid prinsiplərinə gəlincə, ekspertlər bunların gələcəkdə müsbət nəticələr üçün "tramplin” ola biləcəyini söylədilər və Azərbaycanın öz ədalətli mövqeyindən əl çəkməyəcəyini qeyd etdilər. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqe isə iştirakçılar tərəfindən tənqid olundu.

Tədbirdə həmçinin Azərbaycan-Rusiya, Rusiya-ABŞ münasibətləri, güc dövlətlərin münaqişənin həllindəki rolu, enerji layihələri, xalq diplomatiyasında mövcud olan canlanma, təhlükəsizlik məsələsi və digər Azərbaycanın geosiyasəti üçün önəmli olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Dəyirmi masada Prezident Administrasiyasının məsul əməkdaşları, millət vəkilləri, SAM-ın ekspertləri, elm və təhsil sahəsinin təmsilçiləri, QHT nümayəndələri, KİV rəhbərləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak etmişdir.


 

: 122