| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Fransa-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində”

2009-10-09 16:38:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində cari ildən başlanğıcını götürən "Müzakirələr üçün toplantılar” adlı xüsusi layihə çərçivəsində, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşlərə həsr olunan tədbirlərin keçirilməsi davam edir.

09 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Müzakirələr üçün toplantılar” layihəsi çərçivəsində "Fransa-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində” mövzusunda növbəti tədbir keçirilmişdir. Tədbirdə Fransanın Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Qabriel Keller məruzəçi qismində çıxış etmişdir.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev tədbiri açıq elan edərək, səfiri iştirakçılara təqdim etdi və Azərbaycan-Fransa münasibətlərinin müasir durumu və perspektivləri barədə ətraflı məlumat verdi. O, bildirdi ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir və sürətlə inkişaf edir. Cənab Elxan Nuriyev Fransanın üzv olduğu Aİ və Azərbaycan əlaqələrinə toxunaraq vurğuladı ki, Avropa İttifaqının «Yeni qonşuluq siyasəti» proqramı çərçivəsində də ikitərəfli münasibətlər və əməkdaşlıq xüsusi önəm kəsb edir.

Elxan Nuriyev tədbirin moderatoru qismində məruzə ilə çıxış etmək üçün sözü səfirə verdi. Fransanın ölkəmizdəki səfiri Qabriel Keller iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin səviyyəsi barədə iştirakçıları məlumatlandırdı. Azərbaycanın Qərb və Şərqin qovuşduğu məkanda yerləşdiyini xatırladan səfir bildirdi ki, ölkəmiz energetika sahəsində strateji tərəfdaş mövqelərinə malikdir və Azərbaycan enerji daşıyıcıları ixrac edən və tranzit imkanlarına malik ölkə kimi Avropa, o cümlədən Fransa üçün böyük əhəmiyyət kəsb edir.

Səfir Fransa-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətinə toxunaraq qeyd etdi ki, ölkələrimiz arasında əlaqələr sürətli templə inkişaf edir. Fransa dövləti bu əlaqələrin daha da inkişafında maraqlıdır. O, xüsusən vurğuladı ki, Azərbaycanın müstəqilliyini tanıyan ölkələr arasında Fransa Türkiyədən sonra ikinci dövlət olmuşdur.

Ölkələrimiz arasında mövcud olan iqtisadi əməkdaşlıq əlaqələrinə toxunan səfir Qabriel Keller qeyd etdi ki, Fransanın Azərbaycanda "Total”, "Danone” və digər iri şirkətləri fəaliyyət göstərir.

Səfirin sözlərinə görə, Azərbaycanın "Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olması iki ölkə arasında əlaqələrin inkişafına daha müsbət təsir göstərəcək.

Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlığa toxunan səfir hazırda 25 azərbaycanlı tələbənin Fransanın ali məktəblərində təhsil aldığını bildirdi. Onun sözlərinə görə, "Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bu il 30 azərbaycanlı tələbə Fransanın ali məktəblərinə təhsil almağa göndərilib”.

Səfir Qabriel Keller, iştirakçıların ona ünvanlanmış Dağlıq Qarabağ münaqişəsi, İranın nüvə proqramı, Fransada erməni diasporası, Fransanın ATƏT-in Minsk qrupunda fəaliyyəti və digər mövzuları əhatə edən çoxsaylı suallarına ətraflı cavab verdi.

Dağlıq Qarabağla bağlı sualı cavablandıran səfir Qabriel Keller qeyd etdi ki, nəinki Fransa, həmçinin bütün Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi zamanı üç əsas prinsip - Azərbaycanın ərazi bütövlüyü, xalqların öz müqəddəratlarını həll etmək hüquqları, zor işlətməmək prinsipləri eyni səviyyədə gözlənilməlidir. Bunlardan birinin olmaması danışıqlar prosesinə mənfi təsir göstərə bilər. Səfir vurğuladı ki, son iki il ərzində isə Azərbaycan və Ermənistan prezidentləri arasında dialoq prosesinin intensivləşməsi müşahidə olunur və ilin sonuna kimi hər hansısa nəticənin əldə edilməsi mümkündür.

Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolu barəsində sualı cavablandıran, səfir qeyd etdi ki, Fransa, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər cür səy göstərir.

İranın nüvə proqramı barəsində sualı cavablandıran cənab Qabriel Keller vurğuladı ki, İran nüvə silahının yayılmamasına dair müqaviləni kobud şəkildə pozur və bu təbii olaraq bütün dünya birliyi tərəfindən pislənilir. Onun sözlərinə görə, ABŞ-ın Pitsburq şəhərində keçirilən görüşdə İranın nüvə proqramı "Böyük 20-lər”in dövlət başçıları tərəfindən kəskin şəkildə pislənilmişdir.

Tədbirin sonunda səfir Qabriel Keller keçirilən səmərəli müzakirələrdən məmnun qaldığını xüsusi vurğuladı və dəvət olunduğu üçün Mərkəzin rəhbəri Elxan Nuriyevə öz dərin təşəkkürünü bildirdi.


 

: 1048