| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Yaşıl İqtisadiyyat”

2012-11-15 19:37:00

Noyabrın 15-də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA), Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı (UNDP) və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) əməkdaşlığı və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda "Yaşıl İqtisadiyyat” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə UNEP-in regional direktoru Jan Dusik çıxış edərək layihənin əhəmiyyətindən danışmışdır. Jan Dusik bildirib ki, Azərbaycan regionda lider dövlət kimi "yaşıl iqtisadiyyat"ın inkişafında mühüm rol oynayacaq. 
Tədbirdə çıxış edən Təbii Sərvətlər və Ekologiya naziri Hüseyn Bağırov qeyd edib ki, son illərdə ÜDM-in altı dəfə artmasına baxmayaraq ətraf mühitə atılan karbon qazı və birləşmələri Azərbaycanın Kioto Protokoluna qoşulduğu ilkin dövrdəkinə nisbətən iki dəfə azalmışdır. 
Azərbaycanda fəaliyyətə yeni başladığını qeyd edən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk təşkilatın dünyanın bir çox yerlərində, o cümlədən Azərbaycanda həyata keçirdiyi layihələrdən və onların əhəmiyyətindən danışmışdır. Ekologiya və "yaşıl iqtisadiyyat” məsələlərinin bir-biri ilə sıx bağlı olduğunu vurğulayan A.Bruk demişdir ki, bu məsələ "Minilliyin inkişafı”nın gündəliyində də əksini tapmışdır. O, Azərbaycanın "yaşıl iqtisadiyyat”ın dəstəklənməsinə verdiyi töhfələri xüsusi vurğulamışdır.
SAM-ın direktoru Fərhad Məmmədov ətraf mühitin qorunmasının vacibliyini qeyd etmiş, tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, məqsəd dövlətin icra strukturları, qanunverici orqanın nümayəndələri ilə özəl sektorun, elmi araşdırmalar mərkəzləri təmsilçilərinin mövzu ətrafında birgə müzakirələr aparmalarını təmin etməkdir. Bu işin gələcəkdə də davam etdiriləcəyini bildirən F.Məmmədov aparılan müzakirələrin səmərəli olacağına və gələcək birgə diskussiyaların təməlini qoyacağına əminliyini vurğulamışdır. Cənab Məmmədov SAMın  2013-cü ildən "Yaşıl iqtisadiyyat"a dair yeni araşdırmalar həyata keçirəcəyini vurğulamışdır.
Müzakirələr zamanı SAMın əməkdaşı Vüsal Qasımlı bildirmişdir ki, paradoksal haldır ki, ÜDM-in hər vahidinə düşən enerji sərfiyyatı ən çox və ən az inkişaf etmiş öləklərdə eyni dərəcədə  aşağıdır. Azərbaycan resursla zəngin ölkələrin arasında hər nəfərə daha az enerji istehlakı ilə seçilir. İqtisadiyyatın yaşıllaşdırılması ilk növbədə düşüncə tərzi, institutsional və texnoloji inkişafla bağlıdır.  
İclasda UNEP-in Avropa üzrə regional əlaqələndiricisi Mahir Əliyevin "Yaşıl iqtisadiyyat: inkişaf zərurəti”, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimovun "Yaşıl iqtisadiyyat mövzusunda tədqiqatın təqdimatı, "Təmiz şəhər” ASC idarə heyətinin sədri Zakir İbrahimovun "Tullantıların idarə olunması və yaşıl iqtisadiyyatın inkişafı” mövzularında məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.


 

: 982