| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İllik hesabat - 2013

2017-01-21 10:41:04

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin 2013-cü ildə fəaliyyətinə dair HESABAT

 

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) elmi-tədqiqat, elmi-təşkilatçılıq, analitik-informasiya və elmi-nəşriyyat istiqamətləri üzrə öz çoxşaxəli fəaliyyətini daha da genişləndirmişdir.

 

Cari ildə SAM tərəfindən ümumi olaraq 15 monoqrafiya, toplu və broşura çap edilmişdir. Müxtəlif elmi-tədqiqat işlərinin yekunu olan bu nəşrlərdən beşi xaricdə (AFR, Türkiyə və Rusiya Federasiyası), onu isə Azərbaycanda işıq üzü görmüşdür. Eyni zamanda SAM-ın əməkdaşları tərəfindən 91 qapalı xarakter daşıyan arayış və hesabat hazırlanmış, 178 məqalə çap edilmiş və 156 çıxış və müsahibə verilmişdir.

 

Beynəlxalq səviyyədə əməkdaşlıq daha da genişləndirilmişdir. 5 beyin mərkəzi (Çin Xalq Respublikasının Müasir Beynəlxalq Münasibətlər Akademiyası, Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutu, İraq Strateji Araşdırmalar Qrupu, Avropa Siyasət Mərkəzi və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu) ilə memorandum və sazişlər imzalanmış, 8 ölkəni təmsil edən xarici ekspertlərlə birgə 15 mövzu ətrafında araşdırmalar aparılmış və müvafiq hesabatlar hazırlanmışdır. Eyni zamanda 129 xarici ezamiyyətə qatılmış SAM əməkdaşları Mərkəzi beynəlxalq səviyyədə təmsil etmişlər.   

 

Elmi-təşkilatçılıq baxımından 2013-cü ildə SAM tərəfindən Azərbaycanda və xaricdə 56 tədbir keçirilmişdir. Onlardan iyirmi səkkiz tədbir (4 kitab təqdimatı, 2 mühazirə, 2 qapalı ekspert görüşü, 5 seminar, 1 dəyirmi masa, 3 elmi-praktiki konfrans, 1 beynəlxalq simpozium, 7 beynəlxalq konfrans, 2 beynəlxalq forum, 1 qurultay) Azərbaycanda, digər 28 tədbir isə (2 kitab təqdimatı, 1 qapalı ekspert görüşü, 7 seminar, 4 dəyirmi masa, 14 beynəlxalq konfrans) xaricdə təşkil edilmişdir. Azərbaycanda keçirilmiş 28 tədbirlərdən on biri  yalnız SAM, on yeddi tədbir isə SAM-ın tərəfdaşları ilə birgə təşkil edilmişdir. Xaricdə təşkil edilmiş 28 tədbirin hər biri birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Ümumilikdə cari ildə SAM-ın Azərbaycanda təşkil etdiyi müxtəlif tədbirlərə 246 xarici qonaq qatılmışdır. 

 

Sevindirici haldır ki, cari ildə SAM-ın səkkiz əməkdaşı Azərbaycanın yeddi ali təhsil ocağında saathesabı müəllim kimi fəaliyyət göstərmiş, eyni zamanda 24 tələbə SAM-in Təcrübə proqramında iştirak  etmişdir. Bununla yanaşı 2013-cü ildə 5 xarici ekspert (İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun, Pakistanın Müasir Dillər üzrə Dövlət Universitetinin, Çin Humanitar Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Orta Asiya Araşdırmalar Mərkəzinin, Böyük Britaniyanın Mouseion LTD şirkətinin, Hindistanın Cəvahirləl Nehru Universitetinin əməkdaşları) Qonaq elmi işçilərin mübadiləsi proqramı çərçivəsində SAM-da tədqiqat aparmışdır. Onlardan dörd nəfəri SAM və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım agentliyi (AİDA) ilə uğurlu şəkildə aparılan əməkdaşlıq nəticəsində bu proqramda iştirak etmişdir.

 

SAM-ın elmi-tədqiqat fəaliyyəti

 

Cari ildə nəşr edilmiş səkkiz monoqrafiya işi aşağıdakılardır:

 

1. Siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Aslanovun redaktorluğu və SAM-ın direktoru Fərhad Məmmədov və SAM-ın Daxili siyasətin təhlili şöbəsinin müdiri Tahirə Allahyarovanın müəllifləri olduğu Azərbaycanda araşdırma və beyin mərkəzləri (yaranması, inkişafı və perspektivləri;

 2. SAM-ın İqtisadiyyatın təhlili və Qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlının müəllifi olduğu və Almaniya Federativ Respublikasında ingilis dilində nəşr edilmiş Resurslarla zəngin ölkələr: modernizasiya və diversifikasiya (Azərbaycan nümunəsində);

 

3. SAM-ın Daxili siyasətin təhlili şöbəsinin baş elmi işçisi Rauf Qaragözovun müəllifi olduğu Kollektiv yaddaş: keçmiş haqqında kollektiv təsəvvürlər necə yaranır, qorunur və yenidən yada salınır;

 

4. SAM-ın Daxili siyasətin təhlili şöbəsinin elmi işçisi Araz Qurbanovun müəllifi olduğu Hidroböhran, hidromünaqişələr və hidrosiyasət;

 

5. Enerji səmərəliliyi mövzusunda aparılmış tədqiqat çərçivəsində SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin əməkdaşları Vüsal Qasımlı, Zaur Vəliyev, Mahir Hümbətov, Şahmar Hacıyev və Gülay Nəsibovanın (stajçı) hazırladıqları Yaşıl inkişaf adlı monoqrafiya işi;

 

Cari ildə SAM-ın sifarişi və akademik dəstəyi ilə xarici müəlliflər tərəfindən həyata keçirilmiş üç monoqrafiya işi də yekunlaşmışdır.

 

6. Prof. Dr. Aygün Attar və Dos. Dr. Səbahəddin Şimşir tərəfindən Tarixdən bu günümüzə - Türkiyədə yaşayan Azərbaycan türkləri adlı Türkiyədə nəşr edilmiş əsərdə tarixən azərbaycanlıların Anadolu bölgəsinə köçmə səbəbləri və onların buradakı həyat tərzi və siyasi fəaliyyəti öz əksini tapmışdır.

 

7. Dr. Cağrı Erhanın Qafqazın yüksələn ulduzu: İlham Əliyev dövründə Azərbaycan adlı monoqrafiya işində İlham Əliyevin 10 illik prezidentlik dövründəki (2003-2013) Azərbaycanda baş verən inkişaf prosesləri tədqiq edilmişdir. Kitabda Azərbaycanın daxili və xarici siyasəti, eləcə də enerji siyasəti və Dağlıq Qarabağ mövzuları araşdırılmışdır.

 

8. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Stanislav Çernyavski tərəfindən Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər mövzusunda yazılmış əsərdə müəllif Azərbaycanın yeni tarixinin son on ilinə (2003-2013-cü illər) nəzər salaraq energetika, nəqliyyat, ərzaq təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrdə əldə edilmiş nailiyyətləri təhlil etmiş, qloballaşma dövründə Azərbaycanın xarici siyasət vektorunun əsas prioritet istiqamətləri və eləcə də müasir Azərbaycanın Azərbaycançılıq milli ideyasının bariz təcəssümü olması ilə bağlı öz fikirləri ilə bölüşmüşdür.

 

Aşağıdakı yeddi kitab isə - toplu (altı ədəd) və broşüra (bir ədəd) formatında çap edilmişdir:

 

9. SAM-ın direktoru Fərhad Məmmədovun redaktorluğu ilə SAM və Çinin Beynəlxalq Araşdırmalar Fondunun birgə hazırladığı Çin Azərbaycanlıların gözü ilə adlı məqalələr toplusu;

 

10. SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimovun redaktorluğu ilə Prezident İlham Əliyevin seçilmiş nitqləri 2003-2013 adlı kitabda Prezident İlham Əliyevin 10 il ərzində müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın xarici və daxili siyasəti, iqtisadiyyatı və digər sahələrə həsr edilmiş çıxışları Azərbaycan və çin dillərində öz əksini tapmışdır.

 

11. SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun redaktorluğu ilə Enerji və Azərbaycan: Tarix, Strategiya və Əməkdaşlıq adlı məqalələr toplusu SAM-ın, Varşava Universitetinin Siyasi Təhlillər Mərkəzinin və Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutunun əməkdaşlarının birgə səyi nəticəsində hazırlanmışdır.

 

12. ABŞ-a səfər çərçivəsində Diba Nigar Göksel və Zaur Şiriyevin redaktorluğu ilə Qafqazın geosiyasi səhnəsi: ötən on ilin perspektivi adlı məqalələr toplusu ingilis dilində Türkiyədə çap edilmişdir.

 

13. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində dəyişikliklər və transformasiyalar. İƏT üzv ölkələrin beyin mərkəzlərinin 3-cü Forumu adlı  ingilis dilində çap olunan kitabda  Bakıda SAM-ın təşkilatçılığı ilə keçirilmiş İƏT üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunda edilən məruzələr, 40-dan çox ölkəni təmsil edən - dövlət xadimləri, alimlər, millət vəkilləri, beyin mərkəzlərinin rəhbərləri, tanınmış yerli və beynəlxalq ekspertlər, diplomatik nümayəndələrin çıxışları öz əksini tapmışdır.

 

14. SAM və “1news” informasiya agentliyinin tərəfdaşlığı ilə 10 əlamətdar il adlı topluda son on ilin nailiyyətləri barədə on beş müsahibə çap edilmişdir.

 

15. Cari ildə ingilis dilində çap edilmiş Azərbaycan son on ildə adlı broşürada iqtisadi inkişaf, investisiyalar, infrastruktur, biznes mühiti, məşğulluq, elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə, idman, qaçqın və məcburi köçkünlərə dəstək ilə bağlı müxtəlif statistik məlumatlar öz əksini tapmışdır.   

 

Eyni zamanda cari ildə SAM-ın mətbu orqanları olan Caucasus International (ingilis dilində), Strateji təhlil (Azərbaycan dilində) və eləcə də SAM-ın xüsusi buraxılışları olan SAM Review (ingilis dilində) və SAM-ın şərhləri (rus və ingilis dillərində) adlı məcmuələr müntəzəm olaraq çap edilmişdir.

 

2013-cü ildə Caucasus International jurnalının iki sayı nəşr edilmişdir. Jurnalın Yaxın və Orta Şərq regionu, Rusiyanın Avrasiya İttifaqı, Dağlıq Qarabağın hüquqi statusu, Ermənistanın Gömrük İttifaqına qoşulması, Gürcüstanda Prezident seçkiləri kimi mövzulara həsr edilmiş yay-yaz sayı on altı məqalədən, Əfqanıstanın 2014-cü ildə üzləşəcəyi daxili, regional və beynəlxalq problemlər və Orta Asiya regionu, Cənubi Qafqaz ölkələrinin Əfqanıstana baxışlarına həsr edilmiş payız sayı isə on dörd məqalədən ibarətdir.

 

Cari ildə Strateji təhlil jurnalının VI (on səkkiz məqalə) və VII-VIII  sayları (iyirmi dörd məqalə) işıq üzü görmüşdür. Azərbaycanın xarici və daxili siyasətinə, iqtisadiyyatın müxtəlif sahələrinə və eləcə də digər aktual mövzulara həsr edilmiş çoxsaylı məqalələrdə müəlliflərin orijinal fikirləri öz əksini tapmışdır.

 

SAM-ın ingilis dilində xüsusi buraxılışı olan SAM Review məcmuəsinin VI, VII-VIII, IX-X, XI və XII sayları cari ildə nəşr edilmişdir. SAM-ın elmi işçiləri və xarici ekspertlərlə birgə hazırlanmış bu nəşrlər müxtəlif mövzulara həsr edilmişdir:

 

  • Çinin Mərkəzi Asiyadan Azərbaycana doğru istiqamətlənən enerji siyasəti (SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov və Çin Diplomatiyası üzrə Araşdırma Mərkəzinin İcraçı direktoru, Çin Beynəlxalq Münasibətlər Universitetinin Tədqiqat Mərkəzinin direktoru Dr. Gao Fey),
  • Azərbaycan və Gürcüstan münasibətləri: strateji ittifaqın əsasları və çağırışları  (Caucasus International jurnalının baş redaktoru Zaur Şiriyev və Tbilisi Dövlət Universitetinin dosenti, Gürcüstanın Siyasət Mərkəzinin direktoru Korneli Kakaçia),
  • Avrasiyada regionlararası əməkdaşlıq: Nəqliyyat və logistika layihələri Qara Dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionları daxilində və bu regionlar arasında inteqrasiyanı sürətləndirən amil kimi (SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, SAM-ın əməkdaşı Ariz Hüseynov və London Universitetinin professoru Şirin Akiner),
  • Kiber-təhlükəsizlik hədəfi: Azərbaycan rəqəmsallaşdırılmış dünyada (SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Əliyev və Pakistanın Quaid-I-Azam Universitetinin doktorantı  Attiq-ur-Rehman),
  • Azərbaycanda dövlət sektoruna aid səmərəli enerji satin almalarına dair yol xəritəsi (SAM-ın aparıcı elmi işçisi Gülmira Rzayeva və ATƏT-in eksperti Stanislav Kolar)

 

Cari ildə SAM-ın şərhləri adlı SAM-ın xüsusi buraxılışının (rus və ingilis dillərində) IX, X-XI, XII sayları da nəşr edilmişdir. Bu saylarda

 

  • SAM-ın İqtisadiyyatın təhlili və qloballaşdırma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyev tərəfindən Ermənistanın iqtisadiyyatı,
  • SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və bu şöbənin elmi işçisi Azad Qəribov tərəfindən Mərkəzi Asiyadakı geosiyasi rəqabət və Azərbaycanla münasibətlərin dinamikası,
  • SAM-ın İqtisadiyyatın təhlili və qloballaşdırma məsələləri şöbəsinin elmi işçisi Şahmar Haciyev tərəfindən Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində üzləşdiyi çağırışlar təhlil edilmişdir.

 

 

SAM-ın elmi-təşkilatçılıq fəaliyyəti

 

2013-cü ildə Azərbaycanda təşkil edilmiş 28 tədbir arasında aşağıdakı konfrans və forumlar öz əhəmiyyəti baxımından daha böyük önəm daşıyır:

 

·         SAM və Azərbaycan qəzetinin birgə əməkdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Bakıda keçirilmiş iki elmi-praktiki konfrans;

  • 17-18 may tarixində Şərq-Qərb strateji körpüsü: Qara Dəniz Əməkdaşlıq Təşkilatı (QDƏT) regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya mövzusunda Bakıda SAM tərəfindən keçirilmiş QDƏT dövlətlərin beyin mərkəzlərinin beynəlxalq forumu;
  • 3 iyun Minilliyin Layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin və SAM-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş Bakı Gələcək Forumu;
  • 8 iyul 2013-cü il tarixində SAM, Qafqaz Strateji Araşdırmaları Mərkəzi, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu və Qafqaz İnkişaf Fondunun (Gürcüstan) birgə təşkilatçılığı ilə Bakı və Tiflis şəhərlərində Qafqazda münaqişələr: tarix, bu gün və həll perspektivləri mövzusunda iki beynəlxalq konfrans;
  • 2-3 sentyabr tarixində SAM, Gənclər və İdman Nazirliyi, Azərbaycan Diplomatik Akademiyasının birgə tərəfdaşlığı ilə Dəyişən dünyada Cənubi Qafqaz mövzusunda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının II Forumu;
  • 10-14 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) MDB ölkələri gənc şərqşünaslarının Şərq cəmiyyətləri: ənənə və müasirlik mövzusunda II qurultayı;
  • 7-8 noyabr 2013-cü il tarixində Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər mövzusunda beynəlxalq konfrans.

 

2013-cü ildə xaricdə təşkil edilmiş 28 tədbir arasında aşağıdakı beynəlxalq konfransları xüsusi qeyd etmək olar.

 

4 iyul 2013-cü il tarixində Londonda SAM-ın və Birləşmiş Krallığın Müdafiə və Təhlükəsizlik Tədqiqatlar İnstitutunun (Royal United Services Institute for Defence and Security Studies -RUSİ) birgə təşkilatçılığı ilə Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində mövzusunda konfrans keçirmişdir.

 

SAM iki beynəlxalq tədbirin - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Energy Stream şirkəti və Yunanıstanın Enerji Nazirliyinin Afinada birgə təşkil etdiyi IV Aralıq dənizi Neft-Qaz konfransının və eləcə də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Energy Stream şirkətinin Şahdəniz qazının Avropa istiqaməti: çağırışlar və perspektivlər mövzusunda keçirdiyi II İllik Frankfurt Qaz Forumunun akademik tərəfdaşı olmuşdur.  

 

Cari ildə SAM-ın nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR), ABŞ və Braziliya Federativ Respublikasına etdiyi səfərlər çərçivəsində də müxtəlif tədbir və görüşlər keçirilmişdir.   

 

2013-cü ilin yanvar ayında SAM-ın direktoru Fərhad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin ÇXR-a səfəri zamanı bu ölkənin Müasir Beynəlxalq Münasibətlər Akademiyası və ÇXR-in Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutu ilə Əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanmışdır.

 

2013-cü ilin aprel - may aylarında ABŞ-a edilmiş səfər çərçivəsində SAM-ın direktoru Fərhad Məmmədovun rəhbərlik etdiyi on beş nəfərlik nümayəndə heyətinin tərkibində SAM-ın on iki əməkdaşı ilə yanaşı millət vəkili Asim Mollazadə, Azərbaycan Respublikasının XİN-in Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev və Türkiyədə nəşr edilən Turkish Policy Quartely jurnalının baş redaktoru Nigar Göksəl də iştirak etmişdir. ABŞ-ın aparıcı beyin mərkəzlərinin əksəriyyətinin paytaxtda yerləşdiyini nəzərə alaraq, ümumilikdə səfər çərçivəsində təşkil edilmiş 20 konfrans, seminar, mühazirə və görüşdən 10-u məhz Vaşinqtonda keçirilmişdir.

 

2013-cü ilin 17-23 iyun tarixində ŞAM-ın İqtisadiyyatın təhlili və Qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və həmin şöbənin aparıcı elmi işçisi Kamal Makili-Əliyevdən ibarət nümayəndə heyəti Braziliya Federativ Respublikasına (BFR) səfər etmişdir. Onlar Braziliyanın Strateji Məsələlər Nazirliyində, Braziliyanın Beynəlxalq Münasibətlər Mərkəzində (CEBRİ) təşkil edilmiş iki dəyirmi masada çıxış etmiş, eləcə də Braziliya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunda, Braziliyanın XİN-ində, Braziliyanın Aleksandr de Gusmao (FUNAQ) və Getulio Vargas Fondlarında təşkil edilmiş görüşlərdə iştirak etmişlər.

 

18-20 noyabr 2013-cü il tarixlərində SAM-ın təşkilatçılığı ilə Türkiyədə Azərbaycan həftəsi təşkil edilmişdir. Səfər çərçivəsində Ankara, Bursa, Bandırma, Yalova və Edirne şəhərlərində beş konfrans və 1 qapalı dəyirmi masa keçirilmişdir.



 

: 26