| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İllik hesabat - 2015

2017-01-21 10:50:59

Müasir dövrün qlobal çağırışlarına, dünyada və regionda baş verən proseslərə  uyğun olaraq 2015-ci ildə SAM-ın fəaliyyətində aparıcı istiqamət ölkənin xarici siyasəti, beynəlxalq və regional təhlükəsizlik, energetika, qarşılıqlı faydalı əməkdaşlıq məsələləri olmuşdur. Hesabat dövrü ərzində bu məsələləri əhatə edən 38 elmi-tədqiqat mövzusu üzrə araşdırmalar tamamlanmış, Azərbaycan və xarici dillərdə 24 monoqrafiya, toplu, tədris vəsaiti, broşür və s. çap edilmişdir. Bu nəşrlərin 17-si xarici ölkələrdə - Türkiyə, ABŞ, Fransa, Belçika, Böyük Britaniya, Almaniya, Polşa, Gürcüstan və Özbəkistanda işıq üzü görmüşdür.

 

Cari ildə SAM-ın əməkdaşları aktual məsələlərə dair 100-dən çox analitik arayış və hesabatlar hazırlamış, 90-a yaxın məqalə və kitab çap etmiş və mətbuatda 50-dən çox çıxış və müsahibə vermişlər. Eyni zamanda Strateji Araşdırmalar Mərkəzinin elmi nəşrləri olan "Caucasus International" və "Strateji təhlil" jurnallarının mövzu və oxucu auditoriyası genişlənmişdir. Belə ki, "Caucasus International" jurnalının Qafqaz və Avrasiya regionunda miqrasiya və qaçqınlar probleminə, beynəlxalq hüquq və beynəlxalq münasibətlər sistemində yaşanan böhrana, Azərbaycanın strateji müttəfiqi olan Gürcüstandakı siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə həsr edilmiş saylarında xarici və yerli ekspertin məqalə və müsahibələri öz əksini tapmışdır. "Strateji təhlil" jurnalında Azərbaycanın milli inkişafın strateji prioritetlərinə, xarici siyasət və beynəlxalq münasibətlərin aparıcı meyillərinə, dövlət quruculuğuna, hüquq və milli qanunvericilik sisteminə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, qlobal, regional və milli sosial-iqtisadi sistemin aktual məsələlərinə və s. mövzulara həsr edilmiş onlarca məqalə ekspert ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

 

2015-ci ildə SAM-ın ingilis dilində çıxan "SAM Review" dövri məcmuəsi alternativ enerji mənbələri mövzusuna, "SAM-ın şərhləri"nin növbəti buraxılışları isə Cənubi Qafqazda alyans siyasətinə və strategiyalara, Almaniya və Fransada müsəlman icmalarına yönəlik siyasətə həsr olunmuşdur.  



Ötən il elmi-təşkilatçılıq fəaliyyəti baxımından da uğurlu olmuş, Strateji Araşdırmalar Mərkəzi Azərbaycanda və bir sıra xarici ölkələrdə - Türkiyədə, Gürcüstanda, İordaniyada, Səudiyyə Ərəbistanında, Fransada və Belçikada qarşılıqlı maraq doğuran aktual müzakirə mövzularında 19 tədbir - beynəlxalq konfrans, dəyirmi masa, kitab təqdimatları və s. keçirmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin 19 əməkdaşı dünyanın 23 ölkəsində təşkil edilmiş 52 beynəlxalq tədbirə məruzəçi kimi dəvət olunmuş, xarici dövlətlərdəki tərəfdaş beyin mərkəzləri ilə birlikdə  tədqiqatlar aparmışlar.

 

2015-ci ildə Strateji Araşdırmalar Mərkəzinin və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) birgə həyata keçirdikləri qonaq elmi işçilərin mübadiləsi proqramı da uğurla davam etdirilmiş, Rusiya, Almaniya, Çin, Özbəkistan, İspaniya, Polşa, Çexiya və  Litvanı təmsil edən 9 xarici ekspert SAM-da müxtəlif mövzulara dair elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmuşlar.

 

Hesabat dövründə SAM-ın bir neçə əməkdaşı paralel olaraq Bakı Dövlət Universitetində, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında və Xəzər Universitetində pedaqoji fəaliyyət ilə də məşğul olmuş və öz bilik və təcrübələrini tələbələrlə bölüşmüşlər. Bundan əlavə, SAM-ın ali məktəb tələbələri üçün təcrübə proqramı çərçivəsində Azərbaycanın doqquz və xarici ölkələrdəki iki ali təhsil müəssisəsini təmsil edən 23 tələbə-məzun müxtəlif aktual mövzularda SAM-da tədqiqat aparmışlar.

 



 

: 431