| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

10 illik hesabat - 2007 - 2017

2017-11-06 07:59:04

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) 2007-ci ilin noyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmışdır. Mərkəzin əsas məqsədi prioritet istiqamətlər üzrə daxili, xarici və iqtisadi siyasət sahəsində aparılmış elmi tədqiqatların, eləcə də regional və qlobal miqyasda baş verən proseslərə dair hazırlanmış təhlillərin nəticələri əsasında proqnoz-analitik xarakterli məlumatlarla Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarını təmin etməkdən ibarətdir. 


Ötən on il ərzində SAM tərəfindən aparılmış məqsədyönlü fəaliyyət nəticəsində elmi-tədqiqat və analitik-informasiya, elmi-təşkilatı və beynəlxalq əməkdaşlıq, eləcə də elmi-nəşriyyat sahələrində bir sıra nailiyyətlər əldə edilmişdir. Bu dövr ərzində dünyanın 25 ölkəsindəki 29 nüfuzlu beyin mərkəzi və beynəlxalq təşkilatla Əməkdaşlıq haqqında Saziş və Anlaşma memorandumları imzalanmışdır.


2007-2017-ci illərdə SAM-ın əməkdaşları tərəfindən aparılmış elmi-tədqiqat işlərinin nəticəsi olaraq, Azərbaycan Respublikasının müvafiq dövlət strukturları üçün daxili, xarici və iqtisadi siyasət məsələlərinə, regional və beynəlxalq proseslərə dair 725 arayış və hesabat hazırlanmış, yerli və xarici mətbuatda 923 məqalə dərc edilmiş, 406 müsahibə verilmişdir. Eyni zamanda SAM yerli və beynəlxalq tərəfdaşları ilə birgə ümumilikdə Azərbaycanda və 22 xarici ölkədə müasir dövrün qlobal çağırışlarına və beynəlxalq münasibətlərin strateji aspektlərini dair 250-yə yaxın tədbir təşkil etmişdir. Onların arasında 104 beynəlxalq konfrans, 108 dəyirmi masa və müzakirələr, 21 kitab təqdimatı və 15 mühazirə vardır. SAM və Türkiyədə yerləşən Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə tərəfdaşlığı ilə 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilmiş III Forumu onların arasında öz əhəmiyyətinə görə xüsusi yer tutur.
 

SAM-ın əməkdaşları eləcə də dünyanın 56 ölkəsində təşkil olunmuş 600-dən çox nüfuzlu tədbirdə - beynəlxalq konfranslarda, dəyirmi masa və müzakirələrdə məruzəçi qismində iştirak edərək, Azərbaycan haqqında  həqiqətləri xarici elmi ictimaiyyətə çatdırmışlar. 

SAM və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) birgə tərəfdaşlığı ilə həyata keçirilmiş  Qonaq elmi işçi proqramı çərçivəsində indiyədək dünyanın 21 ölkəsindən 40-dan çox xarici ekspert və mütəxəssis Bakıda olmuş, Azərbaycanın daxili və xarici siyasətinə, onun iqtisadi inkişaf və beynəlxalq əlaqələrinə, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair tədqiqatlar aparmışlar. Bundan başqa, ötən illər ərzində Azərbaycanın və bir sıra xarici ölkələrin ali məktəblərinin 165 tələbə və məzunu gələcək ixtisasları üzrə SAM-da təcrübə proqramları keçmişlər.


2007-2017-ci illərdə SAM tərəfindən yerli və xarici müəlliflərin aktual mövzulara həsr edilmiş 100-dən çox nəşr – kitab, məqalələr toplusu, broşür və s. çap olunmuşdur. Eyni zamanda Azərbaycan dilində nəşr edilən «Strateji təhlil» jurnalının 20; Azərbaycan, rus və ingilis dillərində çap edilən «SAM-ın şərhləri/SAM Comments» və ingilis dilində çap edilən «SAM Review» xüsusi nəşrlərinin müvafiq olaraq  18 və 17, Azərbaycan və ingilis dillərində nəşr edilən «Azerbaijan Focus» jurnalının 6, Azərbaycan dilində çap edilən «Analitik baxış» məcmuəsinin isə 5 sayı işıq üzü görmüşdür. Mərkəzin beynəlxalq mətbu orqanı olan və 2017-ci ildə beş yaşı qeyd edilmiş «Caucasus İnternational» jurnalının isə 15 sayı oxucuların diqqətinə təqdim edilmişdir.
 

Hazırda SAM-ın rəsmi internet səhifəsinə (sam.az) illik orta baxış 65.400-ü ötmüşdür. SAM-ın 9.500 daimi izləyicisi vardır. Youtube video şəbəkəsində SAM-ın fəaliyyətini əks etdirən video çarxları 71 860 baxış olmuş, Facebook sosial şəbəkədə 6400, Twitter sosial şəbəkəsində 3023 izləyicisi vardır. 



 

: 15