| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Çin-Azərbaycan əlaqələri müasir regional geosiyasi kontekstində

2009-09-04 18:50:00

4 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "müzakirələr üçün toplantılar” layihəsi çərçivəsində "Çin-Azərbaycan əlaqələri müasir regional geosiyasi kontekstində” tədbir keçirilmiş və burada Çin Xalq Respublikasının Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli
səfiri Çjan Yannyan məruzəçi qismində çıxış etmişdir.

Birinci növbədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev Azərbaycanla-Çin arasındakı münasibətlərin qədim tarixə malik olduğunu qeyd edərək hələ o vaxtdan yüksək ticarət əlaqələrinin mövcudluğu barədə məlumat verib.

Moderatoru Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyevin olduğu tədbirdə, qonaq Çin-Azərbaycan münasibətlərinə dair qısa məlumat vermiş və iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

Çin Xalq Respublikasının səfiri cənab Çjan Yannyan Çin-Azərbaycan münasibətlərinə toxunaraq qeyd etdi ki, 1992-ci ilin aprel ayında Çin Xalq Respublikasının Azərbaycanda ilk fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur və bu il də diplomatik əlaqələrin qurulmasının 17 illiyidir.

Səfir Çin-Azərbaycan münasibətləri haqqında danışaraq bildirdi ki, Çin və Azərbaycan arasında əlaqələr yüksək sürətlə inkişaf edir. Hər iki ölkə bir-birini vacib məsələlərdə dəstəkləyir. Çin Azərbaycana tezliklə Ümumdünya Ticarət Təşkilatına daxil olmaq istiqamətində kömək edir.

O, xüsusən vurğuladı ki, ölkələrimiz arasında işgüzar əlaqələr möhkəmlənir. Keçən il iki ölkə arasında mal dövriyyəsi 800 milyon dollar təşkil edib. Azərbaycanda 15 iri Çin müəssisəsi fəaliyyət göstərir, investisiyanın ümumi həcmi isə 500 milyon dollar təşkil edir. İki ölkə arasında münasibətləri daha da genişləndirmək üçün böyük potensialın olduğunu söyləyən Can Yannyan Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə rəsmi səfər etdiyini, keçən il isə Pekin Olimpiadasını izləmək üçün bu ölkədə olduğu zaman Çin rəhbərliyi ilə çox səmərəli görüşlər keçirdiyini xatırlatdı.

Cənab Çjan Yannyan, ona ünvanlanmış, Azərbaycan-Çin münasibətləri, Dağlıq Qarabağ probleminin həlli, Tayvan, Uyğur və HonKonq məsələləri, İranın nüvə proqramı, Şanxay Əməkdaşlıq Təşkilatı, Çinin miqrasiya siyasəti mövzularını əhatə edən suallara ətraflı cavab verdi.

Dağlıq Qarabağla bağlı sualı cavablandıraraq, cənab səfir qeyd etdi ki, Çin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, tərəfləri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə və beynəlxalq cəmiyyətin dəstəyi ilə münaqişənin sülh yolu ilə həlli etməyə çağırır. Azərbaycan da öz növbəsində Çinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Tayvanla heç bir rəsmi görüşlər keçirmir və mərkəzi Çin hökumətini tanıyır.

Nüvə silahına dair sualı cavablandıran səfir qeyd etdi ki, nüvə silahı çox ciddi məsələdir və hamı ikinci dünya müharibəsi zamanı nə qədər insanın həlak olduğunu gördü. Çin öz siyasətində nüvə dövləti olmayan dövlətə qarşı nüvə silahının istifadəsini qəbuledilməzliyi siyasətini dəstəkləyir. Biz nüvə silahının qadağan olunmasının tərəfdarıyıq. Bizim xarici siyasətimizin əsas istiqaməti – müstəqil və dinc siyasətdir.

İranın nüvə zənginləşdirilməsi proqramına da toxunan səfir qeyd etdi ki, İranın nüvə proqramı məsələsini sülh yolu ilə həll etmək lazımdır. Səfirin fikrincə, İrana qarşı sanksiyalar bir nəticə vermir. Bu məsələdə zamana, səbrə və diplomatik addımlara ehtiyac var.
Çinin miqrasiya siyasəti barəsində danışan səfir qeyd etdi ki, bu məsələ qloballaşan dünyanın təbii nəticəsidir. Çin və Azərbaycan arasında miqrasiya məsələlərinə dair bır sıra razılaşmalar mövcuddur. Rəsmi Pekin və Bakı arasında konsulluq müqaviləsi bağlanılıb.

Tədbirin sonunda cənab səfir görüş barəsində məmnuniyyətini bildirərək, Mərkəzin rəhbəri cənab Elxan Nuriyevə öz dərin təşəkkürünü bildirdi.


 

: 684