| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun baş elmi işçisi Robert Katler ilə dəyirmi masa

2009-09-29 19:43:00

29 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "Dəyirmi masalar” layihəsi çərçivəsində növbəti görüş keçirilmişdir. "Genişlənmiş Qara dəniz-Xəzər hövzəsi regionunda Azərbaycanın enerji strategiyasına geosiyasi amillərin təsiri” mövzusunda keçirilmiş dəyirmi masada Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun baş elmi işçisi Robert Katler iştirak etmişdir. Tədbirdə dövlət strukturlarını təmsil edən rəsmilər, enerji və beynəlxalq münasibətlər üzrə ekspertlər, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, eləcə də SAM-ın əməkdaşları iştirak etmişlər.

"Dəyirmi masa”nı giriş sözü ilə açan Mərkəzin direktoru Elxan Nuriyev Robert Katlerin Avrasiyada enerji məsələləri, təhlükəsizliyi və əməkdaşlığı sahəsində tədqiqatları ilə dünya miqyasında tanınan politoloq alim olduğunu qeyd etdi. Genişlənmiş Qara dəniz-Xəzər hövzəsi regionunda Azərbaycanın enerji strategiyasına geosiyasi amillərin təsirinə, o cümlədən Cənubi Qafqazda kollektiv enerji təhlükəsizliyinə dair özünün elmi araşdırmalarının əsas məqamları barədə tədbir iştirakçıları ilə bölüşmək üçün sözü qonağa verdi.

Robert Katler çıxışına Azərbaycanın regionda və dünyada enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rola malik olmasını vurğulamaqla başladı. Politoloq yeni geosiyasi reallıqda enerji təhlükəsizliyinə ənənəvi yanaşmaların özünü doğrultmadığını qeyd etdi. Bəhs olunan regionda sabitliyə nail olmaq üçün özünün konsepsiyasının mahiyyətini açıqladı.

R.Katlerə görə təhlükəsizliyi hər hansı regional gücün təkbaşına təmin edəcəyinə dair ssenarilər özünü doğrultmamışdır. Buna görə də region dövlətlərinin kollektiv səyləri ilə birgə energetik təhlükəsizlik sisteminin formalaşdırılması çox önəmlidir. Burada isə ən vacib məsələlərdən biri, regiondakı qeyri-legitim siyasi rejimlər probleminin həll olunmasıdır. R.Katlerə görə, enerji təhlükəsizliyi sisteminin formalaşması üç mühüm faktorun təmin edilməsi ilə mümkündür. Bunlar - siyasi sabitlik və təhlükəsizlik; modern enerji-nəqliyyat infrastrukturu və əlverişli investisiya və maliyyə mühitidir.

Enerji məsələlərinə toxunan məruzəçi, dünyadakı enerji layihələrindən və onların siyasi müstəvidə rolundan bəhs etmişdir. Planlaşdırılan yeni enerji layihələri haqqında danışarkən cənab Katler bildirdi ki, hazırda Aİ Xəzər və Yaxın Şərq regionundan Avropa ölkələrinə qaz ixracını nəzərdə tutan "Nabukko" layihəsinə çox ciddi yanaşır.

R.Katler dəyirmi masa iştirakçılarının regional güclərin enerji siyasətində dominantlıq etmək səyləri, Xəzərin statusunun problemə təsiri, Avropa Birliyinin bu sahədə enerji diplomatiyası və s. barədə çoxsaylı suallarını cavablandırdı.

İranın "Nabukko” layihəsində iştirakının mümkünlüyü barəsində suala cavabında məruzəçi vurğuladı ki, hazırda İran qazının "Nabukko" kəməri ilə ötürülməsi ehtimalı çox azdır. Robert Katlerin fikrincə, hazırda İranda elə də yaxşı olmayan biznes mühiti və şəffaflığın olmaması səbəbindən, onun enerji infrastrukturu çox aşağı səviyyədədir.

"Nabukko" layihəsinin perspektivlərinə toxunan cənab Katler qeyd etdi ki, 2014-cü ildə "Nabukko" qaz kəmərinin ötürmə gücü 8 milyard kubmetr təşkil edəcək və 15,7 milyard kubmetrə, sonradan isə ildə 25,5 milyarda kimi artacaq. "Nabukko"-nun elan olunmuş 31 milyard kubmetrlik layihə gücü qaza olan tələbatdan və onun tədarük mənbələrinin sayından asılı olacaq.
R.Katler belə bir fikri xüsusilə vurğuladı ki, Nabukko layihəsinə indi şübhələr ilə yanaşılması təəccüblü deyil, belə ki, bir vaxtlar çoxları "Bakı-Tiflis-Ceyhan” layihəsinin gerçəkliyə çevrilməsinə də inanmırdılar. Məruzəçi belə müzakirələrin çox səmərəli olduğunu vurğulamaqla yanaşı, enerji təhlükəsizliyi sahəsində elmi əməkdaşlığın davam edəcəyinə ümid etdiyini də bildirdi.



 

: 764