| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın dəstəyi ilə "Hukuki Yönleriyle Dağlık Karabağ Problemi" adlı kitab Ankara şəhərində nəşr olunmuşdur

2014-08-19 14:05:17


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi və Ankara Universitetinin hüquq fakültəsinin müəllimi Dos. Dr. Cavid Abdullazadənin müəllifi olduğu "Hukuki Yönleriyle Dağlık Karabağ Problemi" adlı kitab 2014-cü ilin iyul ayında Türkiyənin Ankara şəhərində nəşr olunmuşdur. Bu sahədə Türkiyədə nəşr olunan ilk kitab olma xüsusiyyətini daşıyan bu əsər Türkiyədə beynəlxalq hüquq sahəsində bir çox tanınmış elm adamının da müsbət rəyini almışdır. Kitab universitet müəllimləri, tələbələri, bu sahədə fəaliyyət göstərən ekspertlər, siyasi qərarvericilər və mətbuat nümayəndələri üçün nəzərdə tutulmuşdur.
Dörd fəsildən ibarət kitabın birinci fəsli Qarabağ məsələsinin tarixinə ayrılmışdır. Bu fəsildə Alban Krallığı dövründən başlayaraq Qarabağın tarixinə nəzər salınmış, Azərbaycan torpaqlarının Rus Çarlığı tərəfindən işğalı nəticəsində ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və burada Ermənistan  dövlətinin yaradılmasına tarixi faktlarla xüsusi yer ayrılmışdır.
İkinci fəsildə Sovet İttifaqı dövründə Dağlıq Qarabağın hüquqi statusuna diqqət ayrılmışdır. Bu fəsildə ayrıca 1988-ci ildə Dağlıq Qarabağa qarşı erməni tələblərinin və hücumlarının artmasından sonra muxtar bölgənin statusu Azərbaycanın daxili hüquq prosedurası çərçivəsində analiz olunmuşdur.
Üçüncü fəsildə Dağlıq Qarabağın işğalı beynəlxalq hüquqa görə şərh edilmişdir. Bu fəsildə mövzu üç istiqamətdə işlənmişdir: beynəlxalq hüquqa görə dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmə prinsipi və Ermənistan tərəfindən hücuma məruz qalan Azərbaycanın BMT Xartiyasına görə özünümüdafiə hüququ.
Kitabın dördüncü fəslində beynəlxalq hüquqa görə Dağlıq Qarabağın işğalında Ermənistanın roluna toxunulmuşdur. Əsasən gücdən istifadənin qadağan olunması çərçivəsində Ermənistanın rolu, Azərbaycana qarşı gücdən istifadə nəticəsində Ermənistanın yaranan məsuliyyəti və torpaqlarını işğaldan azad etmək üçün Azərbaycanın gücdən istifadə hüququna bu fəsildə geniş yer verilmişdir.


 

: 751