| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İllik hesabat - 2008

2008-07-17 12:05:00

Azərbaycan Respublikasının Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzinin illik

HESABATI
 
BAKI 2008
 
Giriş
 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (bundan sonra SAM) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirmək məqsədi ilə 12 noyabr 2007-ci il tarixli fərmanı əsasında yaradılmışdır.
 
SAM-ın ümumi müddəalar, məqsəd və vəzifələri, hüquqları və fəaliyyətinin təşkili ilə bağlı nizamnaməsi təsdiq edilmiş və Mərkəz 1107-Q19-2445 nömrə ilə Ədliyyə Nazirliyində 16 noyabr 2007-ci il tarixində qeydiyyatdan keçmişdir.
 
Mərkəzin yaranmasının zərurəti Azərbaycan Respublikasının dinamik inkişafı və dünya iqtisadiyyatına uğurla inteqrasiyası qloballaşma şəraitində ölkədə dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasına, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair proqnozların verilməsinə, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlil olunmasına, sosioloji sorğuların keçirilməsinin və respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsinə, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mötəbər elmi konsepsiyaya əsaslanan genişmiqyaslı proqramların həyata keçirilməsinə duyulan ehtiyacdan irəli gəlib. [1]
 
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutaraq, daxili və xarici siyasətin ən mühüm inkişaf istiqamətlərini analiz edir, dünyada cərəyan edən geosiyasi prosesləri, beynəlxalq siyasəti izləyir, təhlil edir, gələcək inkişaf meyllərinə dair proqnozlar verir, bölgədə gedən proseslərə ciddi təsir göstərə bilən faktorlar üzərində tədqiqatlar aparır, bütün bu işlər əsasında Azərbaycanın dövlət maraqlarına, milli təhlükəsizliyinə uyğun müxtəlif proqramlar, konsepsiyalar, doktrinalar hazırlayır. [2] Dövlət başçısı İlham Əliyevin fərmanı ilə Elxan Eldar oğlu Nuriyev 2008-ci il 8 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur. SAM iş fəaliyyətinə 2008-ci il fevral ayının əvvəlindən müvəqqəti olaraq yerləşdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında başlamışdır. Cari ildə SAM öz fəaliyyətini Azərbaycanın daxilində baş vermiş mühüm ictimai-siyasi hadisələr – ölkədə keçirilmiş prezident seçkiləri, dünya iqtisadiyyatında müşahidə olunan böhran fonunda sosial-iqtisadi sahələrin inkişaf templərini qorumaq məqsədilə dövlətin gördüyü qabaqlayıcı tədbirlər, getdikcə Azərbaycanın Avropaya enerjidaşıyıcılarının nəqli istiqamətində həlledici gücə çevrilməsi, regionda cərəyan edən dramatik hadisələr nəticəsində bölgəyə dünyanın supergüclərinin marağının artması, Cənubi Qafqazda nüfuz sahibi olmağa can atan dövlətlərin Dağlıq Qarabağ probleminin həlli üçün bir biri ilə rəqabətə girməsi şəraitində həyata keçirmişdir. [3]
 
Mərkəzin fəaliyyət istiqamətləri
 
Mərkəzin əsas fəaliyyəti Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, təhlil etmək, habelə bununla bağlı ölkə rəhbərliyi üçün məlumat və tövsiyələr hazırlamaqdır.
  
SAM-ın fəaliyyəti bir neçə mühüm istiqamətlər üzrə formalaşır. Bunlar – dünyada cərəyan edən geosiyasi prosesləri və dünya siyasətini izləmək, təhlil etmək, proqnozlar vermək, proseslərə ciddi təsir göstərə bilən faktorlar üzərində tədqiqatlar aparmaq, bütün bu işlər əsasında müxtəlif proqramlar, konsepsiyalar hazırlamaqdır.
 
Həyata keçirilmiş işlər
 
SAM yaradıldığı vaxtdan daxili və xarici əməkdaşlıq çərçivəsində bir sıra işlər həyata keçirmiş, yerli və xarici mətbuatla sıx əməkdaşlıq etmiş, məqalələr və müsahibələr hazırlamışdır. Eyni zamanda Mərkəzin nəşr etdiyi beynəlxalq jurnal - "Azerbaijan Focus” üzərində fəal iş gedib. Tanınmış siyasətşünaslar və siyasətçilərin jurnal üçün yazmış olduqları məqalələrin yer aldığı bu nəşr 2009-cu ilin yanvar ayında dərc olunacaqdır. Bundan başqa SAM-ın internet səhifəsi (www.sam.gov.az) üzərində iş gedir və sayt 2009-cu ildə istifadəyə veriləcək.
 
Mərkəzin kadr ehtiyatı mərhələli yollarla formalaşmaqdadır. SAM müsbət göstəricilərə malik əməkdaşları təşkilatın məqsəd və vəzifələrini həyata keçirəcək meyarlar əsasında yetişdirmək istiqamətində tədbirlər görür. Buna misal olaraq, Mərkəzin bir elmi işçisi 2008-ci ilin avqust ayında Almaniya Federativ Respublikasının Vaymar şəhərində "Avropa mədəniyyət irsi - mədəniyyətlərarası dialoqların nəticəsi və çıxış nöqtəsi” mövzusunda iki həftəlik kurs keçmiş, digər elmi işçinin isə ABŞ-ın "Naval Postgraduate School” (Aspirantlar üçün hərbi dəniz məktəbi) tədris mərkəzində magistr pilləsi üzrə təhsil alması üçün 2009-cu ilin yanvar ayından ezamimiyyətə göndərilməsi planlaşdırılmışdır.
 
SAM beynəlxalq əməkdaşlıq çərçivəsində Moskva, Bakı, London, və Berlin şəhərlərində dörd iri beynəlxalq konfrans keçirmiş və dörd beynəlxalq konfransa dəvət almışdır. Bu konfranslarda mərkəzin rəhbəri məruzələrlə çıxış etmişdir.
 
SAM London, Vaşinqton, Almatı və Berlində dəyirmi masalar keçirməklə yanaşı, Mərkəzin rəhbərliyi xarici kütləvi informasiya vasitələrinə müsahibələr vermiş, qəzet və jurnallarda məqalələr dərc etdirmişdir.
 
Daxili əməkdaşlıq çərçivəsində görülmüş işlər
 
Mərkəz daxili əməkdaşlıq çərçivəsində aşağıdaki işləri görmüşdür:
 
Analitik arayışlar
 
SAM öz fəaliyyəti ərzində ölkə rəhbərliyinə Azərbaycan Respublikasının daxili və xarici siyasəti
Ilə bağlı məsələlərə dair bir necə analitik arayış təqdim etmişdir.
 
Qapalı dəyirmi masalar
 
SAM 12 may 2008-ci ildə Bakı şəhərində "Azərbaycan regional geosiyasi və geoiqtisadi münasibətlər sistemində” və 7 iyun 2008-ci ildə "Azərbaycan və böyük dövlətlərin siyasəti” mövzularında iki qapalı dəyirmi masa təşkil etmişdir. Bu tədbirdə ölkənin tanınmış elm adamları və siyasətşunasları iştirak edərək, göstərilən mövzular ətrafında fikir mübadiləsi aparmışdır.
 
Mətbuatla əməkdaşlıq
 
SAM fəaliyyətə başladığı gündən yerli və xarici mətbuatla daim əlaqədə olmuş, səfərlər, konfranslar, dəyirmi masalar haqqında mətbuata vaxtında ətraflı məlumatlar ötürmüş, habelə Mərkəzin fəaliyyəti ilə bağlı jurnalistərə müsahibə vermişdir.
 
Beynəlxalq münasibətlərə dair "Azerbaijan Focus” jurnalı
 
SAM "Azerbaijan Focus” jurnalının ilk xüsusi nömrəsi üzərində işini yekunlaşdırmaqdadır və 2009-cu ilin yanvar ayında sözügedən jurnalın ilk nömrəsi nəşr ediləcəkdir. Jurnalın beynəlxalq və yerli ekspertlərdən ibarət redaksiya şurası artıq formalaşıb. Bu jurnal Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerindən və rolundan bəhs edərək, Azərbaycanın beynəlxalq ictimaiyyətə tanıdılmasına xidmət edir. Məqalələr Azərbaycanın xarici siyasətini, neft-qaz strategiyasını, beynəlxalq münasibətlər sistemində özünəməxsus yerini və bir dövlət kimi bu sistemə verə biləcəyi töhfələri əks etdirir. Jurnal Azərbaycan və ingilis dillərində nəşr olunacaq.
 
Mərkəzin kadrlarının formalaşması işi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2008-ci ilin fevral ayının əvvəlində başlamışdır. Hazırda mərkəzdə dörd şöbə fəaliyyət göstərir:
 
1. Daxili siyasətin təhlili şöbəsi;
 
2. Xarici siyasət məsələlərinin təhlili şöbəsi;
 
3. İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi;
 
4. Maliyyə inzibati şöbəsi
 
Cəmi ştat üzrə otuz nəfər işçi (elmi və inzibati fəaliyyət üzrə) heyəti var. Bundan başqa ştatdan kənar işcilərin işə götürülməsi də nəzərdə tutulub.SAM-ın maliyyə-inzibati şöbəsi qeydiyyat, büdcə intizamı, maliyyə-mühasibat uçotu və digər zəruri inzibati-təsərrüfat işlərini həyata keçirmiş, Mərkəzin normal fəaliyyətini təmin etmişdir.

Beynəlxalq əməkdaşlıq çərçivəsində görülmüş işlər
 
SAM beynəlxalq əməkdaşlıq çərçivəsində cari ilin aprel ayından başlayaraq müxtəlif ölkələrdə beynəlxalq konfranslar və dəyirmi masalar keçirmiş, o cümlədən beynəlxalq konfranslara dəvət almışdır. SAM digər nüfuzlu təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində 4 iri beynəlxalq konfransın və 7 dəyirmi masanın təşkilatçısı, 4 konfrans və forumun dəvəti ilə iştirakçısı olmuşdur.
 
Konfranslar
 
- 4 aprel 2008-ci il tarixində SAM Moskvadakı Karnegi mərkəzi ilə birgə "Azərbaycan 2008-ci ildə: inkişafa doğru sıçrayış” mövzusunda konfrans keçirmişdir. Rusiya, ABŞ və Böyük Britaniyanın tanınmış ekspertlərinin iştirak etdiyi tədbirdə Azərbaycanın siyasi və sosial-siyasi inkişafından, geosiyasi vəziyyət və Cənubi Qafqazdakı sabitlik və gərginlik yaradan faktorlar barədə danışılmış, o cümlədən Rusiyanın və ABŞ-ın regional təhlükəsizliyi arxitekturasındakı rolu, region dövlətlərində demokratik proseslərin inkişafı və Azərbaycanın inkişaf strategiyasında sabitlikdən modernləşməyə doğru gedən yol, beynəlxalq aləmdə ölkənin tutduğu yer müzakirə mövzusu olmuşdur.
 
- 23 may 2008-ci il tarixində Bakıda Böyük Britaniyanın Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsi ilə birgə "Azərbaycan 2008-ci ildə: modernləşmə yollarında” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş səfirlər, xarici qonaqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycanın milli inkişafının hazırkı paradiqmaları müzakirə olunmuş, modernləşmə strategiyasının mahiyyəti açıqlanmış, Azərbaycanın inkişaf strateqiyasında sabitlikdən modernləşməyə doğru gedən yol, beynəlxalq aləmdə ölkənin tutduğu siyasi xətt və onun əsas prioritetləri ətraflı müzakirə predmeti olmuşdur.
 
- 20 iyun 2008-ci il tarixində Londonda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutu və Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə "Azərbaycanın tərəqqiyə aparan yolu: iqtisadi, siyasi və xarici siyasət çağırışları” mövzusunda konfrans keçirilmişdir.
 
Konfransda Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun və Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin rəhbərliyi, Avropa İttifaqı İqtisadi Tədqiqat Mərkəzi, London İqtisadiyyat Məktəbi, NATO Parlament assambleyası və digər beynəlxalq qurumların, biznes, maliyyə-bank təşkilatlarının Böyük Britaniya hökumətinin nümayəndələri, nüfuzlu ekspert və politoloqları da iştirak etmişdir.
 
"Azərbaycan əsas enerji hasilatçısı və mühüm enerji nəqli ölkəsi kimi: əhəmiyyəti, potensialı və təhlükələr”, "Davamlı iqtisadi islahatlar, diversifikasiya və davamlı inkişaf: qeyri-neft və qaz sektorunda Azərbaycanın iqtisadi potensialının realizə olunması”, "Modern dövlət quruculuğu: Azərbaycanın dövlət idarəçiliyi və demokratik təsisatların qurulması sahəsində çağırışları”, "Azərbaycanın xarici siyasətinin əsas prioritetləri: Qarabağ münagişəsi və digər məsələlər” mğvzuları üzrə keçirilmiş 4 sessiyada məruzələr dinlənilmiş, açıq fikir mübadiləsi, işg üzar müzakirələr aparılmışdır.
 
- 22 sentyabr 2008-ci il tarixində Berlində "Azərbaycan və Avropa İttifaqı: strateji tərəfdaşlığın yeni istiqamətləri” mövzusunda təşkil edilmiş konfrans məruzələrin edilməsi və geniş müzakirə formatında keçirilmişdir. Almaniya tərəfi Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Almaniya xarici işlər nazirinin xüsusi nümayəndəsi, Almaniya Parlamentininin üzvləri, ölkəmiz isə hökumət nümayəndələri və siyasətşünaslarla təmsil olunmuşdur.
 
Almaniyada böyük marağa səbəb olmuş Berlin konfransında 90-dan çox avropalı mütəxəssis, ölkədə akkreditə olunmuş bəzi səfirliklərin və alman mətbuatının nümayəndələri iştirak etmişdir. Avropa İttifaqında (Aİ) Cənubi Qafqaza və xüsusən də Azərbaycana olan marağı nəzərə alaraq, konfransda Azərbaycan - Aİ münasibətlərinin bugünki vəziyyəti və gələcək perspektivləri mövzusunda müzakirələr aparılmışdır.
 
Dəyirmi masalar 
 
SAM-ın iştirakı ilə xarici ölkələrdə 7 dəyirmi masa keçirilmişdir. Bu dəyirmi masalar Rusiya Federasiyası, Böyük Britaniya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Almaniya və Qazaxstanda təşkil edilmişdir:
 
- 24 sentyabr 2008-ci il tarixində Moskvada "Vahid Rusiya naminə” fondu və "Rusiyanın strategiyası” jurnalı ilə birgə əməkdaşlıq çərçivəsində "Azərbaycan 2008-ci ildə: prezident seçkiləri və xarici siyasətin strategiyası” mövzusunda dəyirmi masa keçirilmişdir. Bu dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri məruzə ilə çıxış etmişdir. Sözügedən tədbirdə 50-dən çox rusiyalı ekspert və Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları iştirak etmişdir.
 
- 7 oktyabr 2008-ci il tarixində Londonda Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitut tərəfindən "Azərbaycan və Avropa İttifaqı: enerji təhlükəsizliyi və xarici siyasətin strategiyası” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Bu dəyirmi masada Britaniyanın tanınmış siyasətşünasları, iqtisadçıları və Böyük Britaniyada akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri iştirak etmişdir. SAM-ın rəhbəri bu forumda əsas məruzəçi kimi çıxış etmişdir.
 
- 10 oktyabr 2008-ci il tarixində Vaşinqtonda Cons Hopkins Universiteti nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutu "Azərbaycan 2008-ci ildə: prezident seçkiləri və xarici siyasətin strategiyası” mövzusunda dəyirmi masa təşkil etmişdir. Sözügedən dəyirmi masada tanınmış amerikalı siyasətşünaslar, iqtisadçılar və ABŞ-da akkreditə olunmuş diplomatik nümayəndələrin əməkdaşları iştirak etmişlər.Bu dəyirmi masada ABŞ-ın Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulu və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktoru məruzə ilə çıxış etmişlər .

- 14 oktyabr 2008-ci il tarixində Vaşinqtonda daha bir dəyirmi masa Vudro Vilson adına Beynəlxalq Mərkəzdə təşkil edilmişdir. Bu tədbirdə əsas məruzəçi kimi Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru "Azərbaycan və Avrasiyanın yeni geosiyasəti: xarici siyasətin strategiyası, Xəzər regionunun enerji təhlükəsizliyi və böyük dövlətlərin siyasəti” mövzusunda çıxış etmişdir. Vudro Vilson adına Beynəlxalq Mərkəz tərəfindən təşkil edilmiş bu dəyirmi masada tanınmış amerikalı siyasətşünaslar, iqtisadçılar və ABŞ-da akkreditə olunmuş səfirliklərin əməkdaşları iştirak etmişdir.
 
- 25 noyabr 2008-ci il tarixində Almatı şəhərində Qazaxıstan Respublikası Prezidenti yanında Qazax Strateji Araşdırmalar İnstitutu Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun birgə təşkil etdikləri "Qazaxıstan və Azərbaycan: əməkdaşlıq və qarşılıqlı fəaliyyət perspektivləri” mövzusunda beynəlxalq forum keçirilmişdir. İki ölkənin "beyin mərkəzləri” tərəfindən hazırlanan dəyirmi masa formatında keçirilmiş tədbir iştirakçıları iqtisadiyyat, ticarət, energetika sahəsində, eləcə də Xəzər bölgəsində əməkdaşlıq istiqamətində Qazaxıstanla Azərbaycan arasında münasibətlərin hazırkı durumu və inkişaf perspektivlərinə dair geniş çevrəni əhatə edən məsələləri müzakirə etmişlər. SAM-ın rəhbəri bu tədbirdə geniş məruzə ilə çıxış etmişdir.
 
- 9 dekabr 2008-ci il tarixində Berlin şəhərində Almaniyanın Konrad Adenauer fondunda "Dağlıq Qarabağ münaqişəsinin həlli modelləri” mövzusunda Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması probleminə həsr olunmuş dəyirmi masa keçirilmiş və orada əsas məruzəçi qismində SAM-ın direktoru çıxış etmişdir.
Dəyirmi masanın işində Konrad Adenauer fondu rəhbərliyinin rəsmi nümayəndələri, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, məşhur alman ekspertləri və ölkədə akkreditə olunmuş diplomatik missiyaların yüksək rütbəli əməkdaşları iştirak etmişlər.
 
- 10 dekabr 2008-ci il tarixində Berlində Almaniya Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunda "Azərbaycanın strateji seçimi: modernləşmə xətti və xarici siyasətin strategiyası” mövzusunda dəyirmi masa təşkil olunmuş, tədbirdə SAM-ın rəhbəri məruzə ilə çıxış etmişdir.
Avropa İttifaqı ölkələrində ümumilikdə Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana artan maraqla əlaqədar Almaniyada keçirilmiş dəyirmi masalarda Qarabağ münaqişəsinin nizamlanması, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında siyasi və iqtisadi əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri ətrafında qızğın müzakirələr aparılmışdır.

Dəvət aldığımız beynəlxalq konfrans və forumlar:
 
- 24-25 aprel 2008-ci il tarixində Qazaxıstanın Almatı şəhərində 7-ci "Avrasiya Media Forumu” keçirilmişdir. Forumda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq siyasətçi, beynəlxalq ekspert, politoloq, tanınmış jurnalist və yazıçı, həmçinin nüfuzlu beynəlxalq nəşrlərin baş redaktorları, eləcədə BMT, NATO və ATƏT-in nümayəndələri iştirak etmişdir.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, tanınmış siyasətçi Zbiqnev Bzejinski və ATƏT-in Baş katibi Mark Perrin Brişambo forumun iştirakçısı olmuşlar. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, BMT Baş Məclisi 62-ci sessiyasının prezidenti Serjana Kərim və Media Forum Təşkilat Komitəsinin sədri Dariqa Nazarbayevanın iştirakçıları salamladığı forumun ilk günü "Separatizmin gücləndirilməsi və özünütəyinetmə hüququ - Kosovo", "Ötən il dünyada baş vermiş mühüm siyasi və iqtisadi hadisələr və KİV-lərin bu məsələlərə münasibəti", "Ümumdünya maliyyə sisteminin qeyri-sabit dövrü", "Müasir dünyada "dondurulmuş münaqişələr" - demokratik təhlükəsizliyin ölçü prinsipləri" və digər mövzularda müzakirələr aparılmışdır. SAM-ın rəhbəri bu forumda Azərbaycanı təmsil edərək, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda geniş məruzə ilə çıxış etmişdir.

- 12-14 sentyabr 2008-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutu tərəfindən təşkil edilmiş "Dünya siyasətində dəyişikliklər və konfliktlərin həlli” mövzusunda 50-ci konfrans keçirildi.
 
Bu forumda qlobal geosiyasi məsələlər, təhlükəsizlik problemləri və onların həlli yolları müzakirə edilmişdir. Konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış ekspert, alim, siyasətşünas və  beyin mərkəzlərinin rəhbərləri iştirak etmişlər. Bu beynəlxalq forumda Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri təmsil etmiş və 14 sessiyadan ibarət olan forumun "Mərkəzi Asiya və enerji təhlükəsizliyi” sessiyasında məruzə ilə çıxış etmişdir.
 
- 30 sentyabr 2008-ci il tarixində Paris şəhərində Strateji və Diplomatik Araşdırmalar Mərkəzinin Məzunlarının Assosiasiyası tərəfindən və Avropada Təhlükəsizlik və Gələcək İnstitutu, Müdafiə və Təhlükəsizlik naminə Ali Milli Müdafiə Elmləri İnstitutunun Assosiasiyalar Birliyi, Ali Təhlükəsizlik Araşdırmaları Milli İnstitutunun dinləyiciləri, Ural Atlantik Kolleci və Üsyanlar üzrə Observatoriyanın birgə əməkdaşlığı çərçivəsində "15 oktyabr 2008-ci il prezident seçkiləri ərəfəsində Azərbaycan geostrateji məkan kimi” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Bu tədbirdə SAM-ın rəhbəri geniş məruzə ilə çıxış etmişdir.
 
4 mərhələdən ibarət olan dəyirmi masanın mövzuları aşağıdakılar idi:
1-ci dəyirmi masa: "Azərbaycan: dünən və bu gün”
2-ci dəyirmi masa: "Azərbaycan geostrateji məkan kimi”
3-cü dəyirmi masa : "Azərbaycanda demokratik inkişaf”
4-cü dəyirmi masa: "Azərbaycan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin nöqteyi-nəzəri”
 
- 15-17 oktyabr 2008-ci il tarixində Madrid şəhərində "Demokratiyanın gələcəyi naminə” forum keçirilmişdir. Bu tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri təmsil etmişdir. Bu forumda Avropa Şurasının Baş Katibi Terri Deyvis və AŞ PA-nın Prezidenti Luis Maria de Puig də açılış nitqləri ilə çıxış etmişlər.
 
Xarici mətbuatla əməkdaşlıq
 
Xarici mətbuatla əməkdaşlıq çərçivəsində SAM-ın rəhbərinə müxtəlif TV- verilişlərində, qəzet, jurnallarda müsahibə vermək və məqalələr yazmaqla bağlı təkliflər olmuşdur. Bu təkliflər nəzərə alınaraq, SAM-ın direktorunun Türkiyənin "Today’s Zaman” qəzetində Xocalı soyqırımı, Avstriyanın "Die Furche” qəzetində "Nabucco boru kəməri” barədə müsahibəsi, Almaniyanın "Wostok” jurnalında Azərbaycanın xarici siyasət strategiyası və modernləşmə xətti ilə bağlı, eləcə də İngiltərənin "EurasiaCritic” jurnalında Azərbaycan və Avrasiyanın yeni geosiyasəti haqqında məqaləsi dərc edilmişdir.
 
Təkliflər və yekun söz
 
Mərkəzin fəaliyyətinin səmərəliliyini artırmaq və qurulmuş beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edərdik:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin modernləşdirilməsi və demokratikləşdirilməsi siyasətinin prioriteti elan etməsi ilə əlaqədar, aparılan islahatların, daxili və xarici siyasətimizin incəliklərinin, eləcə də əldə olunmuş nailiyyətlərin beynəlxalq elmi ictimaiyyət arasında təbliğ olunması, əcnəbi alimlərin ölkəmizin beynəlxalq aləmdə müsbət imicini formalaşdıracaq elmi araşdırmalar aparmağa sövq edilməsi məqsədilə beynəlxalq siyasi və iqtisadi münasibətlər, siyasətşünaslıq, tarix və sosiologiya üzrə xarici və yerli mütəxəssis-alimlər və ekspertlər üçün nəzərdə tutulmuş Heydər Əliyev adına təqaüd təsis etmək;
 
- Azərbaycanın tələbə gənclərinin və alimlərinin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və inkişafı üçün maddi və təşkilati şəraitin yaradılması, bu əsasda ölkənin intellektual potensialının artırılması, ali məktəblərdə tələbələrin elmi işə cəlb olunması istiqamətində fəaliyyətin stimullaşdırılması, siyasətşünaslıq və beynəlxalq münasibətlər sahəsində yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi işinə təkan vermək məqsədilə Mərkəz, AR Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası və biznes strukturları ilə birgə ali məktəblərin III-V kurs tələbələri, magistrantlar və aspirantlar arasında siyasətşünaslıq və beynəlxalq münasibətlər sahəsində ən yaxşı elmi tədqiqat işi üzrə müsabiqə keçirmək;
 
Ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi bir sıra təşkilati problemlər üzündən planlaşdırdığı bir sıra layihələri gerçəkləşdirməkdə və qarşısına qoyulmuş məsələlərin həllində çətinlik çəkmişdir.
 
Hazırda ölkə rəhbərliyinin göstərdiyi qayğı nəticəsində problemlər aradan qaldırılmış, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi yeni, təmir olunmuş, iş üçün hər bir şəraiti olan binaya köçmüş və üzərinə düşən funksiyaları yerinə yetirməklə yanaşı, Mərkəzin iş spesifikasının tələblərinə cavab verən elmi işçilərin seçimini həyata keçirir.
 


1 Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı.
2 Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Nizamnaməsi.
3 Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi regional və dünya səviyyəli beyin mərkəzinə çevrilir, "Azərbaycan” qəzeti, 3 iyul 2008-ci il.

 


 

: 452