| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İllik hesabat - 2009

2009-07-17 12:06:00

GİRİŞ
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) 2009-cu ildə elmi fəaliyyətinin təşkilində və həyata keçirilməsində ölkə rəhbərliyinin daxili və xarici siyasət sahəsindəki strateji kursunu, dövlətin qanun və qərarlarını, milli proqram və layihələri, eləcə də Mərkəzin Nizamnaməsində göstərilən təyinatını əsas kimi götürmüşdür.
Mərkəzin elmi fəaliyyətinin əsas məqsədi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ildə elmin inkişafına və bu sahədə problemlərin kompleks həllinə xidmət etməyə yönəlmiş bir sıra sərəncam və dövlət proqramlarından irəli gələn məsələlərin yerinə yetirilməsidir. Buraya xüsusilə hesabat ilində qəbul edilmiş: 4 may 2009-cu il tarixli "2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı", 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı", 21 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında sərəncamları, 21 noyabr 2009-cu il tarixində, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin dövlət başçısının bilavasitə tapşırığı əsasında keçirdiyi, Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş toplantıda irəli sürülən məsələlər aiddir.
Strateji Araşdırmalar Mərkəzi 2009-cu ildəki fəaliyyətində elmi-tədqiqat işinin mövcud olan bütün formalarının – elmi-tədqiqat, analitik-informasiya, elmi-təşkilatı (praktiki) və elmi nəşriyyat işlərinin vəhdətini təmin etmiş, hesabat ilində aşağıdakı fəaliyyəti həyata keçirmişdir:
I. ELMİ-TƏDQİQAT ÜZRƏ GÖRÜLMÜŞ İŞLƏR
2009-cu ildə SAM-da müəyyən edilmiş elmi-tədqiqat planına əsasən bir sıra istiqamət üzrə müxtəlif problemlər araşdırılmışdır.
Sadalanan aktual məsələlərin həlli yönündə Mərkəzin elmi potensialından daha səmərəli istifadə etmək məqsədi ilə, dövlətin daxili və xarici siyasət strategiyası üzrə müəyyən edilən prioritet problem-mövzular nəzəri və təcrübi aspektlərdə araşdırılmış, aparılan tədqiqatlar nəticəsində konkret tövsiyə və təkliflər verilmişdir.
DAXİLİ SİYASƏT MƏSƏLƏLƏRİNİN TƏHLİLİNƏ DAİR FƏALİYYƏT
Daxili siyasətin təhlili şöbəsində "Azərbaycan dövlətinin daxili siyasət strategiyasının prioritet istiqamətləri”problemi üzrə bir neçə elmi tədqiqat işi yerinə yetirilmişdir. 2009-cu ildə həmçinin SAM-ın bilavasitə elmi və maliyyə dəstəyi ilə ilk dəfə ümumrespublika miqyaslı elmi-tədqiqat: "Azərbaycanda KİV-lərin informasiya-təbliğat işinin səmərəliliyi və onun yüksəldilməsi sahəsində dövlət siyasətinin prioritet istiqamətləri” sosioloji sorğu layihəsi həyata keçirilmişdir. Layihəyə peşəkar yerli ekspertlər və SİAR sosioloji marketinq mərkəzinin potensialı cəlb edilmişdir. Eyni zamanda müxtəlif istiqamətlərdə şöbənin əməkdaşları tərəfindən aşağıdakı mövzular tədqiq edilmişdir: 
"Azərbaycanda siyasi partiyalar və partiya sisteminin modernləşməsinin aktual məsələləri” mövzusu təhlil edilmişdir.
"2009-cu ildə ölkə həyatında baş verən ən mühüm hadisələrin, nailiyyətlərin təhlili, dəyərləndirilməsi və təbliği”adlı elmi tədqiqat işində, mövzudan göründüyü kimi daxili siyasət sahəsində ötən ilin ictimai-siyasi, elmi-mədəni, iqtisadi və s. prosesləri araşdırılmışdır.
"Dağlıq Qarabağ probleminin həlli yolları” mövzusunda elmi tədqiqat işi yerinə yetirilmişdir.
2009-cu il üçün müəyyən olunmuş "NATO - Azərbaycan əlaqələri: gələcək perspektivləri və problemlər” adlı plan işində bu mövzu aspektində ölkəmizlə NATO əlaqələri, Ermənistan tərəfindən ölkəmizə qarşı təcavüz, Azərbaycan Respublikasının təhlükəsizlik siyasəti, ölkəmizin üzləşdiyi və qarşısında duran çağırışların tədqiqinə səy göstərilmişdir.
2009-cu il üçün müəyyən olunmuş "Azərbaycan dövlətinin informasiya siyasəti” adlı plan işində, bu mövzu aspektində informasiya proseslərinin dərindən araşdırılması, dövlətin informasiya siyasətinin prioritetliyi və vahid mexanizm halına gətirilməsi, Azərbaycanın informasiya məkanına qarşı təhdidlər, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı yürütdüyü informasiya müharibəsi siyasəti, bu siyasətə qarşı müdafiə mexanizmləri tədqiqinə səy göstərilmişdir.
2009-cu ildə "Türkiyə-Ermənistan Protokolları və Dağlıq Qarabağ Diplomatiyasına Təsiri” mövzusunda elmi tədqiqat işin yerinə yetirilmişdir.
XARİCİ SİYASƏT MƏSƏLƏLƏRİNİN TƏHLİLİNƏ DAİR FƏALİYYƏT
Xarici siyasət məsələlərinin təhlili şöbəsində "Xarici siyasətin və beynəlxalq münasibətlərin strategiyası” problemi üzrə bir sıra elmi-tədqiqat işi yerinə yetirilmişdir. Eyni zamanda müxtəlif istiqamətlərdə şöbənin əməkdaşları tərəfindən aşağıdakı mövzular tədqiq edilmişdir:
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində xalq diplomatiyasının rolunun araşdırılması”; "Rusiya-Gürcüstan müharibəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təsirinin qiymətləndirilməsi”; "Avropa məkanına inteqrasiya və Azərbaycanın dil siyasətinin Avropa standartlarına uyğunlaşdırılması” ətrafında elmi-tədqiqat işi həyata keçirilmişdir.
"2009-cu ildə Azərbaycan Respublikasının xarici siyasət sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərin təhlili və qiymətləndirilməsi” mövzusunda plan işində ötən il ərzində Azərbaycanın milli maraqların həyata keçirilməsi, müstəqilliyin və suverenliyin gücləndirilməsi, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət strategiyasının çoxsaylı uğur və nailiyyətlərinin, habelə ölkəmizin xarici siyasət istiqamətləri və strateji seçimlərinə təsir edən amillərin tədqiqinə səy göstərilmişdir.
"Azərbaycanın enerji təhlükəsizlik siyasəti. Qara Dəniz – Xəzər regionunda enerji təhlükəsizliyi” mövzusunda elmi tədqiqat işi yerinə yetirilmişdir. Araşdırmada bu mövzu aspektində son zamanlar regionda enerji təhlükəsizliyi ilə bağlı baş verən hadisələrdə Azərbaycanın yeri və rolu, həmçinin Azərbaycanın enerji siyasətinin diversifikasiyasının tədqiqinə səy göstərilmişdir.
"Beynəlxalq münasibətlərdə siyasi məsləhətləşmələr” adlı plan işində beynəlxalq praktikada siyasi məsləhətləşmələr fenomeninin tədqiqinə səy göstərilmişdir.  
 
2009-cu il üçün müəyyən olunmuş "Azərbaycanın xarici siyasətində Şərq ölkələri ilə münasibətlər” adlı plan işində ölkəmizin Şərq dövlətləri ilə münasibətlərinin formalaşma tarixi və əsas inkişaf mərhələlərindən bəhs olunur, həmin əlaqələrin beynəlxalq və regional proseslərə təsiri göstərilməklə, əldə edilmiş uğurlar, mövcud çətinliklər obyektivliklə təhlil edilmişdir.
II. STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN ANALİTİK-İNFORMASİYA YÖNÜMLÜ FƏALİYYƏTİ 
 
Hesabat ilində Mərkəz tərəfindən müxtəlif elmi-tədqiqat mövzularının profilinə uyğun  aşağıda qeyd olunan analitik-informasiya məzmunlu arayışlar, hesabatlar hazırlanmış və Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim edilmişdir: 
 
ABŞ-ın Kolumbiya Universitetinin professoru Albert Bressandın Azərbaycana səfəri haqqında hesabat.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktorunun Fransa Respublikasında təşkil olunmuş dəyirmi masa və görüşlərdə iştirakı haqqında hesabat.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktorunun Almatıda keçirilmiş VIII Avrasiya Media Forumunda iştirakı haqqında hesabat.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktorunun ABŞ-da keçirilmiş tədbirlərdə iştirakı haqqında hesabat.
Əlimərdan bəy Topçubaşovun Fransadakı arxivi haqqında məlumat.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Ermənistan istiqamətində görüləcək tədbirlər planına dair təklifləri.
2009-cu ilin iyul-avqust aylarında Kolumbiya Universitetinin Enerji, Dəniz Nəqliyyatı və İctimai Siyasət Mərkəzinin elmi işçisi Canin Mitçelin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji araşdırmalar Mərkəzində keçdiyi elmi-tədqiqat təcrübəsi haqqında hesabat.
2009-cu ilin iyul-avqust aylarında ABŞ-dakı "Kohen Qrup” təşkilatının vitse-prezidenti cənab Mark Qrosmanın Azərbaycana səfəri haqqında hesabat.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "Müasir mərhələdə Türkiyə-Ermənistan münasibətləri və Azərbaycan” mövzusunda hazırladığı analitik arayış.
İsrail Xarici İşlər Nazirliyinin Yaxın Şərq üzrə ekspertlərinin SAM-da keçirdikləri qapalı dəyirmi masa haqqında arayış.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktorunun ABŞ-da keçirilmiş tədbirlərdə iştirakı haqqında hesabat.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən hazırlanmış "Ərdoğanın ABŞ səfərinin yekunlarına dair mövzusunda təhlili arayış və "Türkiyə ilə birgə görülə biləcək tədbirlər haqqında” təkliflər.
III. STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN ELMİ-TƏŞKİLATI FƏALİYYƏTİ
Hesabat ilində Mərkəzin elmi-təşkilatçılıq fəaliyyəti istər məzmunu, istərsə də miqyası baxımından zəngin olmuşdur. Xüsusilə də dövrümüz üçün aktual olan regional və qlobal geosiyasət problemlərinin müxtəlif formatlarda qoyuluşu və həlli, dünya beyin mərkəzləri məkanına inteqrasiya, qarşılıqlı əməkdaşlığın təşkili məqsədi ilə beynəlxalq və regional səviyyəli konfranslar, dəyirmi masalar, müzakirə üçün toplantılar keçirilmişdir. Eyni zamanda SAM qarşılıqlı əməkdaşlıq çərçivəsində dünya ölkələrində ABŞ-da, Fransada, Rusiyada bir sıra beynəlxalq konfranslar keçirmişdir.
Konfrans 
20 noyabr 2009-cu il tarixində, Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutu (İİSS) ilə birgə layihə çərçivəsində "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil etmişdir. Dünyanın qabaqcıl "beyin mərkəzlərinin” rəhbərləri, aparıcı elmi işçiləri əsas məruzəçi və ekspert qismində konfransda iştirak və çıxış etmişlər.
Dəyirmi masalar 
Hesabat ilində SAM-ın təşkilatçılığı ilə daxili və xarici siyasətin aktual məsələlərinə həsr olunmuş bir sıra əhəmiyyətlidəyirmi masalar keçirilmiş, dünya miqyasında tanınmış siyasətçilərin, beyin mərkəzi rəhbərlərinin, analitik və ekspertlərin məruzələri dinlənilmiş, müzakirə olunmuşdur.
3 may 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Kaliforniya Universitetinin dissertantı xanım Codi Mari LaPorte və ölkənin müxtəlif universitetlərinin tələbələrinin iştirakı ilə qeyri-formal dəyirmi masa təşkil etmişdir. Bu tədbirdə ilk öncə xanım LaPorte Amerika Birləşmiş Ştatları Prezidenti Barak Obamanın xarici siyasəti ilə bağlı məruzə ilə çıxış etmişdir.
16 mart 2009-cu il tarixində ABŞ-ın Kolumbiya Universitetinin nəzdində Enerji, Dəniz Nəqliyyatı və İctimai Siyasət Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Albert Bressandın əsas məruzəçi qismində iştirakı ilə "Qlobal enerji bazarı və ABŞ-ın yeni administrasiyasının enerji siyasəti” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən dəyirmi masa keçirilmişdir.
10 iyul 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Dəyirmi masalar” layihəsi çərçivəsində "ABŞ Prezidenti Barak Obamanın İran siyasəti” mövzusunda görüş keçirilmiş və tədbirə Beynəlxalq Siyasət Məsələləri üzrə Sakit okean Şurasının sədri, amerikalı ekspert, s.e.d. Cerald Qrin dəvət edilmişdir.  
24 avqust 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "XXI əsr diplomatiyasına yönəlmiş çağırışlar” mövzusunda dəyirmi masa keçirilmiş və tədbirdə qonaq qismində "Kohen Group” təşkilatının vitse-prezidenti Mark Qrosman iştirak etmişdir.
23 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "Dəyirmi masalar” layihəsi çərçivəsində keçirdiyi növbəti görüş "Siyasi islamın simaları” mövzusuna həsr edilmişdir. Tədbirdə məruzəçi qismində ABŞ-ın Miçiqan Universitetinin professoru Məhəmməd Əyyub və Rusiya İslam Komitəsinin sədri Heydər Camal iştirak edirdilər.
28 sentyabr 2009-cu il tarixində Rusiya Federasiyasının İslam Komitəsinin sədri Heydər Camal və İTAR TASS agentliyinin əməkdaşı Səadət Qədirovanın iştirakı ilə "Diaspora və soydaşlar birliyi: Azərbaycanlıların xaricdə fəaliyyətinin iki inkişaf istiqaməti” adlı dəyirmi masa Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən keçirilmişdir.
29 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "Dəyirmi masalar” layihəsi çərçivəsində növbəti görüş keçirilmişdir. "Genişlənmiş Qara dəniz-Xəzər hövzəsi regionunda Azərbaycanın enerji strategiyasına geosiyasi amillərin təsiri” mövzusunda keçirilmiş dəyirmi masada Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun baş elmi işçisi Robert Katler iştirak etmişdir.
6 oktyabr 2009-cu il tarixində Strateji Araşdırmalar Mərkəzində "Nabukko layihəsinin hazırkı mərhələsi və onun Macarıstanın qaz təchizatı prosesində təhlükəsizliyin artırılmasındakı rolu” mövzusuna həsr olunmuş növbəti dəyirmi masa keçirilmişdir. Mövzu üzrə məruzəçi qismində Macarıstan dövlətinin "Nabukko” layihəsi ilə bağlı xüsusi səlahiyyətli səfiri Mixay Bayer çıxış etmişdir.
13 noyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində «TÜRKSAM» Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri cənab Sinan Oğanla dəyirmi masa keçirilmişdir.
18 dekabr 2009-cu il tarixində SAM-ın 1stNews ilə əməkdaşlığı çərçivəsində "2009-cu ilin Qarabağ münaqişəsinin həlli istiqamətində nəticələri” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
24 dekabr 2009-cu il tarixində "Qlobal enerji təhlükəsizliyi və alternativ enerji mənbələri” mövzusuna həsr olunmuş növbəti dəyirmi masa keçirilmişdir. Mövzu üzrə məruzəçi qismində Rusiya Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin İqtisadi Strategiya İnstitutunun baş direktoru Aleksandr Ageyev çıxış etmişdir. 
Müzakirəli görüşlər 
Strateji Araşdırmalar Mərkəzində 2009-cu ildən etibarən çox mühüm bir layihə başlanğıcını götürmüşdür. "Müzakirələr üçün toplantılar” adlı bu xüsusi layihə çərçivəsində, ilk dəfə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşlərə həsr olunan tədbirlər keçirilmişdir. Aşağıda qeyd olunan tədbirlərdə ölkələr arası münasibətlər və digər məsələlər müzakirə olunmuşdur. 
5 iyun 2009-cu il tarixində keçirilmiş tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin çıxış etmişdir. 
12 iyun 2009-cu il tarixində keçirilmiş tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç iştirak etmişdir. 
19 iyun 2009-cu il tarixində keçirilmiş tədbirdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Artur Lenk çıxış etmişdir.
4 sentyabr 2009-cu il tarixində keçirilmiş tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan məruzəçi qismində çıxış etmişdir
18 sentyabr 2009-cu il tarixində keçirilmiş tədbirdə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karolin Braun məruzəçi qismində nitq söyləmişdir.
9 oktyabr 2009-cu il tarixində növbəti tədbir keçirilmişdir. Tədbirdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Qabriel Keller məruzəçi qismində çıxış etmişdir. 
11 dekabr 2009-cu il tarixində keçirilən müzakirəli görüşdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki iştirak etmişdir. 
Dəvət aldığımız beynəlxalq konfrans, dəyirmi masa və forumlar 
5 aprel 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru ABŞ-ın Kaliforniya ştatının Stenford Universitetində "Cənubi Qafqaz və Xəzər bölgəsində Azərbaycanın geostrateji rolu” mövzusunda keçirilən forumda məruzə ilə çıxış etmişdir.
7 aprel 2009-cu il tarixində Parisdə, Fransa Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycanın müasir geosiyasətinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə "Azərbaycanın müasir geostrategiyası: enerji təhlükəsizliyi və xarici siyasətdə praqmatizm” mövzusunda əsas məruzəçi qismində Strateji Araşdırmalar Mərkəzinin rəhbəri çıxış etmişdir.
18 aprel 2009-cu il tarixində Strateji Araşdırmalar Mərkəzinin direktoru Brukinqs İnstitutunda "Azərbaycanın strateji seçimi: modernləşmə xətti və xarici siyasətin praqmatizmi” mövzusuna həsr olunmuş dəyirmi masada iştirak etmişdir.
12-13 may 2009-cu il tarixlərində Strateji Araşdırmalar Mərkəzinin direktoru Nyu-Yorkda, Kolumbiya Universiteti nəzdində Enerji, Dəniz Nəqliyyatı və İctimai Siyasət Mərkəzində "Enerji və digər təbii sərvətlər sahəsində investisiya münasibətlərində münaqişələrin qarşısının alınması və idarə edilməsi” mövzusunda təşkil olunmuş konfransda iştirak etmişdir. 
15 may 2009-cu il tarixində Strateji Araşdırmalar Mərkəzinin direktoru Vaşinqtonda Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində "Azərbaycanın müasir geosiyasətinə” həsr olunmuş tədbirdə çıxış etmişdir.  
15 oktyabr 2009-cu il tarixində Strateji Araşdırmalar Mərkəzi və Rusiya Strateji Araşdırmalar İnstitutunun birgə layihəsi əsasında Rusiyanın paytaxtı Moskva şəhərində "Rusiya - Azərbaycan: ikitərəfli münasibətlərin inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Azərbaycanı SAM-ın direktoru Elxan Nuriyev, AMEA-nın  Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Prezident Administrasiyasının Siyasi Analiz və İnformasiya Təminatı şöbəsinin aparıcı məsləhətçisi Fərhad Məmmədov, müstəqil siyasi ekspert Rasim Musabəyov təmsil etmişdir. 
2 dekabr 2009-cu il tarixində, Strateji Araşdırmalar Mərkəzinin direktoru ABŞ-a səfər etmiş, "The Cohen Group” beynəlxalq konsaltinq təşkilatının sədr müavini, səfir Mark Qrosman, «Armitage İnternational» təşkilatının rəhbəri, səfir Riçard Armitac və digər siyasi ekspertlərlə görüşmüşdür. Amerikalı diplomatlara və politoloqlara Mərkəz barədə geniş məlumat vermiş, regional təhlükəsizlik problemlərini müzakirə etmiş, ABŞ-ın digər "beyin mərkəzləri” ilə əməkdaşlığının perspektivləri barədə məsləhətləşmələr aparılmışdır.  
4 dekabr 2009-cu il tarixində SAM-ın rəhbəri ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təşkilatçılığı ilə Çikaqonun İllinois Texnologiya İnstitutu nəzdində Kent Hüquq Kollecində "Xəzər hövzəsinin geosiyasi durumu və Obama administrasiyası dövründə Amerika - Azərbaycan münasibətləri” mövzusunda keçirilən regional konfransda məruzə ilə çıxış etmişdir.  
17 dekabr 2009-cu il tarixində SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Ukraynanın Kiyev şəhərində Açıq Ukrayna Fondu tərəfindən Kiyev təhlükəsizlik Forumu çərçivəsində keçirilən "Dünya böhran içində: təhlükəsizliyə çağırışlar və geniş Avropa regionu” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.
IV. STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN TƏŞKİLATÇILIQ FƏALİYYƏTİNİN İSTİQAMƏTLƏRİ.
Hesabat ilində Mərkəzin elmi struktur və mövcud vakansiyalar üzrə kadr korpusunun formalaşdırılması yönündə aparılan iş gedişində rəhbərlik tərəfindən Müsabiqə Komissiyası təşkil edilmişdir. Komissiya SAM-ın daxilində mövcud vakansiyaları tutmaq üçün müraciət etmiş namizədlərin anket məlumatlarını daimi nəzərdən keçirir və aparılan iş nəticəsində layiqli namizədlərin SAM-da stajçı kimi təcrübə keçməsinə qərar verir.
Həmçinin Mərkəz əməkdaşlarının mütəxəssis kimi ixtisas səviyyələrinin artırılması, dünya təcrübəsi ilə tanışlıq, eləcə də SAM-ın beynəlxalq tərəfdaşlarla qarşılıqlı mübadilə proqramlarına uyğun olaraq həyata keçirilən proqram çərçivəsində iki amerikalı gənc mütəxəssis (Janin Mitçel və Kler Sabo) SAM-da və Mərkəzin elmi işçisi (Gülmira Rzayeva) Rusiyadakı Karnegi Mərkəzində staj keçmişdir.
Əlavə olaraq SAM əməkdaşlarının peşəkarlığının artırılması, siyasi-təhlil vərdişlərinin inkişaf etdirilməsi və brainstorming ənənəsinin formalaşması yönündə, aktual mövzular üzrə power-point formatında bir neçə prezentasiya-təqdimat keçirilmişdir. 
SAM-ın Prezident sərəncamı ilə yaradılan ilk beyin mərkəzi kimi fəaliyyət üslubunun, elmi-analitik funksiyasının məzmun və formasının, dünya təcrübəsindəki «beyin mərkəzi institutunun» ölkədəki təhsil və elmi tədqiqat müəssisələrinə təbliği, tətbiqi, təcrübə mübadiləsi və gənc nəslin elmi potensialının cəlb edilməsi məqsədi ilə ölkənin ali təhsil müəssisələrində - Bakı Dövlət Universitetində, Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dillər Universitetində, Xəzər və Qərb Universitetlərində (azərbaycan və ingilis dillərində) SAM-ın təqdimatı keçirilmişdir.  
Azərbaycanda analitik təhlil və strateji tədqiqat qurumlarının fəaliyyətinin koordinasiyasını həyata keçirmək üçün bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ilə müraciət edilmiş və cavab alınmışdır. 
Eyni zamanda hesabat ilində BDU və AMEA mütəxəssisləri tərəfindən SAM-a tədqiqat layihələri ilə bağlı təkliflər təqdim edilmişdir. 
Qeyd edək ki, Mərkəzin kitabxana fondunun fəaliyyəti və təyinatı üzrə zəruri ədəbiyyatla ilkin komplektləşdirilməsi tam təmin edilmiş, fondda olan ədəbiyyat siyahısı müəllif və elm sahələrinə görə təsnifləşdirilərək geniş auditoriyanın istifadəsi üçün Web sayta yerləşdirilmişdir. Həmçinin zəruri dövri mətbuatın, dünyanın bir neçə nüfuzlu qəzet, jurnalları və internet database resursuna abunə yazılmaq imkanları hərtərəfli təhlil edilmişdir. 
Hesabat ilində SAM-ın elmi təşkilatı strukturunun təkmilləşməsi yönündə də mühüm işlər görülmüşdür. Mərkəzin və şöbələrin fəaliyyətinin normativ-hüquqi əsaslarının möhkəmləndirilməsi, əməkdaşların ictimai-elmi fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi üçün müvafiq Əsasnamələr hazırlanmışdır. 
V. STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN ELMİ-İNFORMASİYA, NƏŞRİYYAT FƏALİYYƏTİ
Bəhs edilən ildə SAM-ın elmi-informasiya və nəşriyyat fəaliyyəti son dərəcə məhsuldar olmuşdur.
2009-cu ildə ilk dəfə Mərkəzin internet səhifəsinin (www.sam.gov.az) istifadəyə verilməsi və iki dildə qlobal şəbəkəyə yerləşdirilməsi çox mühüm elmi-informasiya və eyni zamanda təşkilatı nailiyyət olmuşdur. Bu proses üzərində Mərkəz rəhbərliyinin tapşırığı ilə keyfiyyət tələblərinə cavab verən hərtərəfli redaktə, tərcümə və korrektə fəaliyyəti aparılmışdır. İnternet səhifəsində Mərkəzin missiya və məqsədi, tədqiqat istiqamətləri, layihələr, beynəlxalq tərəfdaşlar və s. haqqında verilən rubrikalarda, aparılan elmi fəaliyyətin məqamları geniş auditoriyaya təqdim olunur. Mərkəzin internet səhifəsi mütəmadi şəkildə müasirləşdirilir.
Həmçinin ilk dəfə SAM haqqında məlumat qlobal vikipediya şəbəkəsinə yerləşdirilmişdir.
Əlavə olaraq SAM yerli və xarici mətbuatla əməkdaşlıq edərək müxtəlif mövzularda analitik yönümlü məqalələr davamlı şəkildə dərc edir.
Eyni zamanda Mərkəzin beynəlxalq jurnalının ilk sayı "Azerbaijan Focus” ilk dəfə azərbaycan və ingilis dillərində nəşr olunmuşdur. Jurnal Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmişdir.
SAM, "İnternational Alert” beynəlxalq təşkilatı ilə birgə "Qarabağın gələcəyi – sülhməramlı təşəbbüslərin gələcəyidir” mövzusunda yerli ekspertlərin iştirakı ilə keçirilmiş qapalı dəyirmi masada müzakirə olunan məsələləri broşura şəklində çap etmişdir.
Mərkəzdə Amerikanın məşhur siyasətşünası və ideoloqlarından biri, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin idarə heyətinin üzvü, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bjezinskinin "Second Chance” ("İkinci Şans”) adlı əsərinin Azərbaycan dilinə tərcüməsi həyata keçirilmiş və çapa verilmişdir. 

2009-cu ildə həmçinin "SAM-ın Şərhləri” adlı nəşrin ilk sayı dərc olunmuşdur. Nəşrdə SAM-ın əməkdaşlarının analitik xarakterli yazıları əksini tapmışdır və oxucu auditoriyasına təqdim etmək məqsədilə çapa verilmişdir. 
İlk dəfə SAM haqqında onun fəaliyyətini, əsas məqsədlərini və bu qısa müddətdə ölkədə və beynəlxalq aləmdə gördüyü işləri əhatəli işıqlandıran broşura çap olunmuşdur.  
Hal-hazırda Strateji Araşdırmalar Mərkəzi 2010-cu ildə və gələcəkdə görüləcək yeni işlərlə bağlı öz elmi-tədqiqat və elmi-təşkilatı planlarının üzərində çalışmaqdadır.  


 

: 1061