| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İllik Hesabat - 2011

2012-05-03 16:50:00

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin 2011-ci ildə fəaliyyətinə dair hesabatı


Giriş




2011-ci hesabat ili ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi elmi tədqiqat və elmi təşkilatı istiqamətlər üzrə çoxşaxəli fəaliyyət həyata keçirmişdir. Bu fəaliyyət çərçivəsində SAM-ın cari il üçün daxili və xarici siyasət, iqtisadiyyatın təhlili və qloballaşma sahələri üzrə müəyyən etdiyi elmi tədqiqat layihələri  Mərkəzin müvafiq şöbələri tərəfindən yerinə yetirilmişdir.

2011-ci il Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü kimi əlamətdar bir hadisənin qeyd edildiyi bir il olmuşdur. Dövlət başçısı Prezident İlham Əliyevin 2011-ci ilin 21 yanvar tarixində imzaladığı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında Sərəncamda vurğulanan yubileyin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu, müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək vəzifəsi SAM-ın cari fəaliyyətində rəhbər prinsip kimi nəzərə alınmışdır.

Mərkəzin bütün şöbələrində yerinə yetirilən elmi-tədqiqat və elmi təşkilatı tədbirlərin müəyyən edilməsində və reallaşmasında bu vəzifə prioritet mövzu kimi önə çəkilmiş,  ölkə və beynəlxalq səviyyəli konfranslarda müzakirə predmetinə çevrilmiş, eləcə də SAM kollektivinin bu istiqamətdə apardıqları araşdırmalarının nəticələri kimi məqalə və kitab şəklində çap olunmuşdur.

Həmçinin dünyanın aparıcı beyin mərkəzləri ilə elmi mübadilə və əməkdaşlıq proqramlarının müəyyən edilməsi, beynəlxalq və ölkə miqyaslı konfrans, simpozium və dəyirmi masaların keçirilməsi, kitab və jurnalların, məqalələrin çap edilməsi, kadrlar korpusunun formalaşması və onların elmi-ixtisas səviyyəsinin təkmilləşməsi istiqamətində müvafiq işlər aparılmışdır.

 Mərkəzin 2011-ci hesabat ilində göstəriciləri onun yaranmasından keçən əvvəlki 3 illə müqayisədə bütün parametrlər üzrə yüksək olmuş, istər tədqiqat, istərsə də təşkilatçılıq baxımından fəaliyyətində yeniliklərin tətbiqi və çoxşaxəliyi ilə fərqlənmişdir. Buna misal olaraq aşağıdakıları qeyd etmək olar:

1.Caucasus International beynəlxalq akademik jurnalının  təsis və nəşr edilməsi;

2.Dünyanın altı qabaqcıl beyin mərkəzləri ilə Əməkdaşlıq haqqında ikitərəfli Memorandum və ya sazişlərin imzalanması və birgə layihələrin həyata keçirilməsi;

3.Xarici KİV təmsilçilərinin və jurnalistlərin Azərbaycana silsilə səfərlərinin təşkil edilməsi;

4.İctimai-siyasi həyatda aktual problemlər ətrafında fikir mübadiləsinin milli müzakirə formatında keçirilməsi, dialoq və polemikanın stenoqramının Mərkəzin internet saytında yerləşdirilməsi;

5.Konfrans və dəyirmi masaların ilk dəfə olaraq canlı Tvitter formatında aparılması;

6.Müstəqilliyin 20 illiyi ilə əlaqədar olaraq ölkədə və xaricdə təhsil alan tələbələr arasında analitik məqalə müsabiqəsinin keçirilməsi;

7.Respublikanın sosial iqtisadi inkişaf sahəsində dinamik inkişaf göstəricilərini əyani əks etdirən multimedia vəsaitlərinin hazırlanması;

  1. Xarici beyin mərkəzlərinin nümayəndələri ilə birgə elmi tədqiqatların aparılması və  birgə nəşrlərin - kitab və məqalə məcmuələrinin, jurnal buraxılışlarının çap edilməsi.

 

I. SAM-ın elmi-tədqiqat fəaliyyəti

Hesabat ilində Mərkəzdə daxili və xarici siyasət, iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbələri tərəfindən ümumilikdə 20 uzunmüddətli və qısamüddətli elmi tədqiqat layihələri həyata keçirilmiş, əksəriyyəti xarici dildə olmaqla çoxsaylı elmi məqalələr çap edilmiş, açıq və qapalı xarakter daşıyan hesabat və arayışlar hazırlanmış, elektron mediada mütəmadi təhlillər və müsahibələr verilmişdir. SAM-ın apardığı elmi-tədqiqat layihələri cəmiyyətdə baş verən proseslərin obyektivliyini və ictimai rəyin öyrənilməsinin vacibliyini nəzərə alaraq əksər hallarda sosioloji sorğuların keçirilməsi ilə reallaşdırılmışdır.

A.    Daxili siyasət sahəsində elmi tədqiqat fəaliyyəti

Daxili siyasətin təhlili şöbəsində ölkənin ictimai-siyasi, elmi-mədəni və sosial həyatında aktual olan məsələlərin tədqiqi yönündə araşdırmalar aparılmışdır. Hesabat ilində şöbədə 6 uzunmüddətli elmi-tədqiqat layihəsi reallaşdırılmışdır.

Ölkə miqyaslı Azərbaycanda islam adlı elmi-tədqiqat, sosioloji-sorğu layihəsinin həyata keçirilməsində SAM-ın əməkdaşları ilə yanaşı bu sahədə ən nüfuzlu ekspertlər layihənin işinə cəlb edilmişlər. Layihənin məqsədi Azərbaycanda islamla bağlı olan kompleks problemlərin tədqiqi və təhlili nəticəsində real vəziyyətin dolğun mənzərəsini yaratmaq və ölkədə islamın, xüsusilə də siyasi islam faktorunun baş qaldırmasının xarici və daxili amillərinin daxili siyasətə təsirinin aşkara çıxarılması, yaxın perspektivdə inkişaf ssenarilərinin müəyyən edilməsi yolu ilə dini vəziyyətin tənzimlənməsi yönündə dövlət siyasətinin və dövlət-din münasibətlərinin optimal modelinin yaradılması üçün qərar qəbul edən instansiyaya tövsiyələr vermək olmuşdur.

1500 respondentin və eləcə də 50 ekspertin qatıldığı Azərbaycanda İslam layihəsi çərçivəsində sorğu keçirilmiş və onun nəticələri əsasında 80 səhifə həcmində Azərbaycan əhalisinin ictimai-siyasi və sosial-mədəni həyatında islam adlı analitik hesabat hazırlanmışdır.

Eləcə də bu layihə çərçivəsində şöbənin əməkdaşlarının və dinşünaslıq sahəsində tanınmış ekspertlərin iştirakı ilə müxtəlif mövzular üzrə 140 səhifəlik elmi-tədqiqat işi yerinə yetirilmişdir. Buraya - Dövlət-din münasibətləri modelləri (beynəlxalq təcrübə)(Elmir Quliyev), İslam Azərbaycanda siyasi gücə çevrilə bilərmi? (Anar Vəliyev), Problemə dair indiyə qədər aparılmış yerli və xarici tədqiqatların biblioqrafik icmalı (Anar Vəliyev, Sahib Cəfərov) Dini liderlərin reytinqləri, mövcud dini qruplar, dini təhsil, islami yayımlar və təbliğat vasitələri (Elçin Əsgərov), Dini duruma təsir edən siyasi meyllər və təsir mərkəzləri, dini icma və qrupların maliyyə mənbələri, Azərbaycanda islamın yaxın perspektivlərinə dair mümkün ssenarilərin hazırlanması (Rasim Musabəyov, Gündüz Şabanov), Dövlətin dini vəziyyəti tənzimlənmə rıçaqları və potensial imkanları (Sahib Cəfərov) araşdırmaları aiddir.

Hesabat ilində Daxili siyasətin təhlili və eləcə də İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbələrinin birgə əməkdaşlığı iləAzərbaycanda orta təbəqə: sosial, siyasi və iqtisadi aspektlər adlı tədqiqat layihəsinin sosioloji sorğu ilə bağlı hissəsi yerinə yetirilmişdir. Layihənin məqsədi orta sinfin formalaşdırılması və onun cəmiyyətin ictimai, iqtisadi və siyasi həyatındakı roluna, sosio-mədəni modernləşmə kursuna uyğunluğuna, habelə bu istiqamətdə dövlət siyasətinin formalaşdırılmasına dair təkliflərin hazırlanması olmuşdur. Daxili siyasətin təhlili şöbəsinin əməkdaşları R.Qaragözov və S.Cəfərov sorğu anketinin tərtib edilməsində, eləcə də sorğunun əlaqələndirilməsində iştirak etmişlər. 2012-ci ilin yanvarın sonuna qədər sorğunun nəticələri əsasında yekun hesabatın hazırlanması planlaşdırılır.

2011-ci hesabat ilində Azərbaycanda beyin mərkəzlərinin yaranması, inkişafı və birgə əməkdaşlığın perspektivləri haqqındatədqiqat işi yerinə yetirilmişdir. Ölkədə olan beyin mərkəzləri (BM) haqqında ilkin ümumi məlumat bazası yaradılmış və onların fəaliyyəti təhlil edilmişdir.

Layihə çərçivəsində milli məkanda mövcud olan BM-lərinin mövcud durumu, fəaliyyətinin əsas xüsusiyyətləri, istiqamətləri, beynəlxalq əməkdaşlığı; Azərbaycanda BM-nin maliyyə, kadr potensialı, təşkilatı və intellektual resurslarının nəzərdən keçirilməsi, ölkədə BM-nin qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığının səmərəli mexanizminin formalaşması və perspektivləri kimi istiqamətlərdə araşdırma aparılmışdır. Bununla yanaşı ölkədə beyin mərkəzləri haqqında sorğu məlumat xarakterli nəşr hazırlanması üçün sorğu anketi tərtib edilmiş və 102 araşdırma qurumlarına (57  qeyri-hökumət təşkilatları nəzdində, 31 hökumət qurumları - nazirlik və komitələr nəzdində və 14 universitetlər nəzdində) cavablandırmaq üçün göndərilmiş və alınan material sistemləşdirilərək təhlil edilmişdir. 2012-ci ilin əvvəlində bu tədqiqatın kitab formatında nəşri planlaşdırılır.

Bu şöbədə cari ildə eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində sosial psixoloji ölçülər: eksperimental və nəzəri təhlil adlı tədqiqat işi şöbənin aparıcı elmi işçisi R.Qarağözov, Ermənistanda 2011-ci ildə cərəyan edən ictimai-siyasi proseslər və gələcək inkişafına dair mülahizələr mövzusunda tədqiqat işi isə aparıcı elmi işçi G.Şabanov tərəfindən yerinə yetirilmişdir.

Hesabat ilində şöbədə ölkədə və xaricdə təhsil alan tələbələr arasında Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr edilmiş analitik məqalə müsabiqəsinin keçirilməsi ölkə ictimaiyyətinin diqqətini cəlb edən layihələrdən biri olmuşdur. Müsabiqənin məqsədi: Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin analitik təhlil vərdişlərinin və qabiliyyətlərinin inkişaf etdirilməsi və stimullaşdırılması, yeni istedadların aşkara çıxarılması olmuşdur. Müsabiqənin istiqamətləri arasında Azərbaycanda müstəqilliyin 20 ili ərzində daxili və xarici siyasətin müxtəlif sahələrində: iqtisadiyyat, demokratik-hüquqi dövlət quruculuğu, siyasi, hərbi və təhlükəsizlik sahəsində, sosial-mədəni inkişafda və s. əldə edilən nəticələrin dəyərləndirilməsi olmuşdur.

Müsabiqəyə təqdim edilmiş işlərə müəllif ideyalarını əks etdirmək və analitik meyara cavab vermək tələbləri qoyulmuşdur. Mərkəzin və ölkənin ekspertlərindən ibarət münsiflər heyəti analitik məqalələri ideyanın yeniliyi və təhlilin dərinliyi, müəllif baxışı kimi göstəricilər əsasında qiymətləndirərək 3 istiqamət üzrə 10 qalibi müəyyən etmişdir. Müsabiqədə ölkənin bütün ali təhsil məktəbləri ilə yanaşı, xaricdə təhsil alan tələbələr də fəal iştirak etmiş və hətta qaliblər sırasında olmuşlar. 250-ə qədər iştirakçının qatıldığı müsabiqənin yekunlarına həsr edilmiş xüsusi tədbirdə qaliblər mükafatlandırılmış və iki ən yaxşı məqaləStrateji təhlil jurnalında çap edilmişdir. 

B.    Xarici siyasət sahəsində elmi-tədqiqat fəaliyyəti

Şöbənin 2011-ci il ərzində apardığı elmi tədqiqatlarda - Azərbaycanın beynəlxalq əlaqələri, onun regiondakı geosiyasi mövqeyi, sülh və milli təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və s. mövzular daha çox gündəmdə olmuşdur. Şöbədə dünyada və xüsusilə Cənubi Qafqazda cərəyan edən siyasi proseslərin diqqətlə müşahidəsi və onların təhlili, proqnozlaşdırılması, Azərbaycanın beynəlxalq əhəmiyyətli məsələlərdə rolu və mövqeyinə dair tədqiqatların aparılması prioritetlər sırasında olmuşdur.

Hesabat ilində bu şöbədə 7 uzunmüddətli elmi tədqiqat layihəsi həyata keçirilmişdir. Onların arasında SAM və Rusiyanın aparıcı beyin mərkəzlərindən biri olan Rusiya Strateji Araşdırmalar İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalandıqdan sonra 20 il ərzində Rusiya-Azərbaycan münasibətləri: tarix və perspektivlər adlı kitab layihəsini qeyd etmək olar. Hər iki beyin mərkəzinin əməkdaşlarının iştirakı ilə rus dilində hazırlanmış və nəşr edilmiş bu kitab Rusiya Azərbaycan ikitərəfli münasibətlərinin 20 illik tarixinə həsr edilmişdir.

Hesabat ilində yekunlaşmış daha bir kitab layihəsi türk dilində hazırlanmış və Türkiyədə nəşr edilmiş Cənubi Qafqaz: ərazi bütövlüyü, geosiyasi oyunlar və enerji adlanır. SAM tərəfindən əlaqələndirilən və maliyyələşən bu layihənin əsas məqsədi Azərbaycanlı və türk ekspertlərinin birgə səyləri ilə Cənubi Qafqaz regionunda baş verən hadisələr haqqında türkdilli oxucuda tam və ətraflı məlumatın formalaşdırılmasıdır.

Eyni zamanda hesabat ilində daha bir kitab layihəsi SAM və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) əməkdaşlığı ilə həyata keçirilmişdir. Azərbaycanlı və türk müəlliflərinin məqalələrindən ibarət bu kitab Azərbaycan Türkiyə əlaqələri son 20 ildə. Uğurlar və imkanlar adlanır və Azərbaycan - Türkiyə ikitərəfli münasibətlərin 20 illik tarixinə həsr edilmişdir.  

2011-ci ildə SAM-ın beynəlxalq QHT təşkilatı olan International Alert ilə birlikdə həyata keçirdiyi layihə çərçivəsində Müstəqilliyin 20-ci ilində Azərbaycan adlı məqalələr toplusu hazırlanmış və çapa təqdim edilmişdir.

Cari ildə SAM-ın dəstəyi ilə həyata keçirilmiş daha bir kitab layihəsi Azərbaycan – Avropa iddialı ölkə adlanır. Fransada nəşr edilmiş bu kitabın əsas məqsədi Azərbaycan Avropa əlaqələrini tarixi baxımdan və bugünkü kontekstdə təhlil etməkdən ibarətdir. O, fransız və Azərbaycanlı müəlliflərin birgə əməkdaşlığının məhsuludur.

Eləcə də hesabat ilində Xarici siyasət məsələlərinin təhlili şöbəsinin əməkdaşları xaricdə fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri və ya müstəqil xarici ekspertlər ilə tərəfdaşlıq şəraitində araşdırmalar aparmış və onların nəticələri əsasında ingilis dilində məqalələr hazırlamışlar. Bu məqalələr SAM-ın dövrü nəşri olan SAM-ın icmalı (SAM Review) məcmuəsində yerləşdirilmişdir. Bu məcmuənin fevral ayındakı üçüncü sayında SAM-ın direktor müavini G.Paşayeva və Turkish Policy Quarterlyjurnalının redaktoru N.Gökselin birgə hazırladıqları Türkiyə, Rusiya və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə yanaşmalarının qarşılıqlı təsiri (The Interplay of the approaches of Turkey, Russia and the United States to the conflict over Nagorno-Karabakh)adlı məqalə, noyabr ayındakı dördüncü sayında isə Xarici siyasət şöbəsinin aparıcı elmi işçiləri R.Kərimov, K.Makili-Əliyev və ABŞ-da yerləşən Stratfor özəl elmi korporasiyasının Avrasiya üzrə analitiki Y.Çausovski tərəfindən hazırlanmış "Xəzər hövzəsi: geosiyasət və gələcək güc balansı” adlı məqalə çap edilmişdir.  

C.   İqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə elmi-tədqiqat fəaliyyəti

İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin fəaliyyəti üçün cari ildə Azərbaycanın sabit makroiqtisadi inkişafı, qlobal dünya iqtisadiyyatına inteqrasiyası, dövlətin enerji siyasətinin yeni strateji istiqamətləri, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, iqtisadiyyatda şaxələnmə kimi mövzuların araşdırılması prioritetlər sırasında olmuşdur.

Şöbə həmçinin, Azərbaycanın enerji siyasəti onun dünya iqtisadiyyatında, xüsusən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu və mövqeyi, Xəzər-Qara Dəniz enerji dəhlizi, regional enerji layihələri, beynəlxalq neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları və digər bu kimi məsələlərin təhlilinə önəm vermişdir. 

Hesabat ilində İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsində 8 elmi-tədqiqat layihəsi yerinə yetirilmiş, eləcə də şöbənin əməkdaşları Azərbaycanın sosial-iqtisadi göstəricilərinə dair ingilis və rus dillərində, xüsusilə, xarici ekspert auditoriyası üçün nəzərdə tutulmuş elmi şərhlər vermiş, hesabatlar və multimedia vəsaitlərini hazırlamışdır.

İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin əməkdaşları V.Qasımlı və Z.Vəliyev tərəfindən  2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı mövzusunda hesabat hazırlanmış və SAM-ın dövrü elektron nəşri olan SAM-ın şərhləri məcmuəsinin (VII buraxılış) elektron formatında SAM-ın internet saytında yerləşdirilmişdir. Cari ildə eləcə də bu şöbə tərəfindən 2011-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərin makroiqtisadi sabitlik, iqtisadi inkişaf və sosial rifaha təsirlərimövzusunda araşdırma işi aparılmış və onun nəticələri də SAM-ın şərhləri məcmuəsinin növbəti sayının elektron formatında (VIII buraxılış) öz əksini tapmışdır. Təhlil xarakterli bu materialda 2011-ci ildə dövlət büdcəsinə ediləcək dəyişikliklərin cəmiyyət üçün faydası, həmçinin makroiqtisadi çərçivə nəzərə alınmaqla həyata keçirilməsinin səmərəsi qeyd edilir.

Daxili siyasətin təhlili şöbəsinin əməkdaşları ilə birlikdə İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin üç əməkdaşı - V.Qasımlı, R.Rəhmanov və Z.Vəliyev cari ildə həyata keçirilən Azərbaycanda orta təbəqə: sosial, iqtisadi və siyasi aspektlər adlı layihədə iştirak etmişlər. Zaur Vəliyev və Ramiz Rəhmanov tərəfindən mövzu üzrə mövcud ədəbiyyat araşdırılmış və bu ədəbiyyatda yer alan materiallar üzrə ümumiləşdirmələr aparılmışdır. Həmçinin, layihə çərçivəsində şöbənin əməkdaşlarının təşkilatçılığı və iştirakı ilə 8 görüş və 6 fokus-qrup müzakirə keçirilmişdir. V.Qasımlı, R.Rəhmanov və Z.Vəliyev sosioloji sorğu anketinin ilkin formasını tərtib etmiş və növbəti mərhələlərdə anketin təkmilləşdirilməsi işində iştirak etmişdir. Hazırda V.Qasımlı tərəfindən sorğunun nəticələri əsasında yekun hesabat hazırlanır.

Bu şöbə tərəfindən rus və ingilis dillərində olmaqla Multimedia texnologiyaları əsasında Azərbaycanın ölkə təqdimatıhazırlanmışdır. Təqdimat ölkə iqtisadiyyatının müstəqillik illərində qazandığı uğurları özündə əks etdirməklə yanaşı, Azərbaycanın beynəlxalq reytinqlərdə yüksəlməsi haqqında məlumatları da ehtiva edir. Statistik göstəricilərin əks olunduğu slaydlar iqtisadi artım, dövlət büdcəsi, sosial müdafiə, strateji valyuta ehtiyatları, investisiya, təbii resurslar və monetar sektor kimi blokları əhatə edir. İngilis dilində hazırlanmış çarxın əsas auditoriya hədəfi ölkə daxilindən əlavə, beynəlxalq iqtisadi təşkilatlar, Azərbaycandakı siyasi-iqtisadi prosesləri daim müşahidə edən xarici qurumlar və ekspertlərdir.

Şöbənin elmi işçisi G.Rzayeva tərəfindən Azərbaycanın qaz ixracı ssenarilərinin optimallaşdırılması adlı tədqiqat işi hazırlanmış və onun əsasında məqalənin xarici mətbuatda çap edilməsi planlaşdırılır.

İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsi tərəfindən cari ildə həyata keçirilmiş daha bir layihə Azərbaycanın ÜTT-yə üzvlüyü: perspektivlər və gözləntilər adlanır. Layihənin nəticələri Strateji təhlil jurnalının 3-cü sayında dərc edilmiş, daha bir məqalənin isə Rusiyada yerləşən Ali İqtisadi Məktəbin Экономический журнал adlı nəşrində dərc edilməsi nəzərdə tutulur.

Cari ildə şöbənin əməkdaşları tərəfindən TARGET adlı kitabının üzərində iş aparılmışdır. Azərbaycanın bütün sahələrdə regional və effektiv liderliyindən bəhs edən bu materialın çapı 2012-ci ildə planlaşdırılır.

Hesabat ilində eyni zamanda Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş bukletin materialları şöbənin əməkdaşları tərəfindən hazırlanmışdır.

II. SAM-ın elmi təşkilatçılıq fəaliyyəti

SAM-ın 2011-ci il ərzindəki elmi təşkilatçılıq fəaliyyətinin əsas məqsədi müxtəlif ölkə və dünya miqyaslı tədbirlər - elmi konfranslar, dəyirmi masalar, müzakirələr, ikitərəfli və çoxtərəfli görüşlər keçirməklə, dünyanın nüfuzlu beyin mərkəzləri ilə əlaqələr qurmaq, onların diqqətini Azərbaycanın beynəlxalq münasibətlər sistemində tarazlı və praqmatik siyasətinə, ölkədəki son 20 ildəki fundamental siyasi-iqtisadi dəyişikliklərə və inkişafa, Azərbaycan torpaqlarının işğalı faktoruna və Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltməkdir.

Qeyd edilən fəaliyyətin həyata keçirilməsi baxımından hesabat ili olduqca məhsuldar olmuşdur. 2011-ci il ərzində SAM tərəfindən beynəlxalq və ölkə miqyasında tədbirlər keçirilmiş, xarici qonaqların Azərbaycana səfərləri təşkil edilmişdir.

Beynəlxalq səviyyəli tədbirlər arasında STRATFOR özəl elmi korporasiyanın icraçı direktoru Corc Fridman və Россия в глобальной политике jurnalının baş redaktoru F.Lukyanov ilə Yaxın Şərqdə dəyişən güc balansı mövzusunda keçirilmiş dəyirmi masanı (15 aprel), Hayfa Universitetinin professoru Brenda Şaffer və Corc Vaşinqton Universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri, professor Kori Veltin iştirakı ilə Barak Obama Administrasiyası və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi mövzusunda keçirilmiş müzakirəli görüşü (29 aprel), Kiber və milli təhlükəsizlik. NATO siyasəti və milli baxış mövzusundakı konfransı (4 may), Qara Dəniz Tədqiqatlar Mərkəzi ilə birgə Geniş Qara dəniz regionunda iqlim dəyişikliyi və bərpa olunan enerji resursları mövzusunda təşkil edilmiş dəyirmi masanı (8 iyul), Aralıq dənizində təhlükəsizlik balansı: problemlər və perspektivlər mövzusunda keçirilmiş konfransı (26 oktyabr), Qafqazın Strateji Tədqiqatlar İnstitutu ilə birgə Yell Universitetinin professoru Firuz Kazımzadənin Борьба за Закавказье (1917-1921) adlı kitabının təqdimat mərasimini (10 noyabr), SAM, İFRİ və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birgə Xəzər enerjisinin Avropa perspektivləri mövzusunda təşkil edilmiş konfransı (16 noyabr) qeyd etmək olar.

Hesabat dövründə milli səviyyədə də bir sıra strateji baxımdan əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.  Onların arasında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birgə təşkil edilmiş Qloballaşma, milli ideya və Azərbaycan mövzusunda konfransı (13 iyun), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilmiş silsilə ictimai müzakirələri (may-iyun), Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid mövzusunda Azərbaycanda ilk dəfə canlı Twitter konfrans formatında aparılmış dəyirmi masanı (4 iyul) misal gətirmək olar.

Keçirilən tədbirlər arasında SAM və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) 7 dekabr 2011-ci il tarixindəMüstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər mövzusunda birgə təşkil etdikləri beynəlxalq konfrans xüsusi qiymətləndirilməlidir. 300-ə qədər iştirakçının qatıldığı bu konfransın əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından sonra qazanılmış nailiyyətlərə, ölkədə həyata keçirilən sosial-siyasi, iqtisadi və mədəni islahatlara nəzər salmaq, gələcək inkişaf prioritetlərini müəyyənləşdirmək olmuşdur. Konfrans çərçivəsində   iyirmi il ərzində yoxsulluğun azaldılması və iqtisadi artım, Minilliyin İnkişaf Məqsədləri, infrastrukturun inkişafı, neft gəlirlərinin idarə edilməsi istiqamətində milli siyasətin uğurları və nəticələri ilə yanaşı yeni onilliyin məqsədləri və yeni çağırışlara effektiv cavablar ətrafında  müzakirələr aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev konfransda geniş nitqlə çıxış etmişdir.   

Hesabat dövründə beynəlxalq əməkdaşlıq sahəsində də bir sıra nailiyyətlər əldə edilmiş, dünyanın bır sıra aparıcı beyin mərkəzləri ilə elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında memorandum və sazişlər imzalanmışdır. Bu mərkəzlər arasındaTürkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi, Rusiya Strateji Araşdırmalar İnstitutu, İtaliyada yerləşən Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu, Argentina Beynəlxalq Münasibətlər Şurası, Yunanıstanda yerləşən Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi və Varşava Universitetinin Siyasi Təhlillər Mərkəzi vardır.

Belə saziş və memorandumların məqsədi elmi tədqiqatlar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müasir siyasi, sosial-iqtisadi, mədəniyyət və sivilizasiya problemləri eləcə də beynəlxalq münasibətlər, xarici siyasət, qlobal və regional təhlükəsizlik və s. sahələrdə təcrübə mübadiləsi və məsləhətləşmələrin aparılması, birgə tədqiqat layihələrin həyata keçirilməsidir. Bu tipli ikitərəfli əməkdaşlıq SAM-ın a) bərabərhüquqlu subyekt və tərəfdaş kimi dünya beyin mərkəzləri məkanına inteqrasiyasına, b) mötəbər mənbələrdən analitik informasiya və elmi ədəbiyyat mübadiləsi əldə etməsinə, c) əməkdaşlarının elmi mübadilə proqramlarında iştirak etməsinə; ç) Azərbaycan haqda obyektiv məlumatın daha geniş coğrafiyaya yayılmasına imkan yaradır. Eləcə də müxtəlif ölkələrin beyin mərkəzləri ilə müştərək fəaliyyət faydalı tədqiqatlar aparmağa imkan verir və yaxın gələcəkdə də dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən digər aparıcı beyin mərkəzləri ilə əməkdaşlığın coğrafiyasının genişləndirilməsi planlaşdırılır.

SAM-ın həyata keçirdiyi Qonaq Elmi İşçilərinin Mübadiləsi Proqramı çərçivəsində bu günə kimi dünyanın bir sıra qabaqcıl universitetlərinin və beyin mərkəzlərinin siyasi tədqiqatçılarına ölkəmizdə araşdırmalar aparmaq imkanı yaradılmışdır. Cari ildəHelsinki universitetinin, STRATFOR özəl elmi korporasiyasının və Berlin Universitetinin (Freie Universität Berlin) tədqiqatçıları SAM-dakı bu mübadilə proqramında iştirak etmişlər.

Eləcə də SAM-ın əməkdaşları mütəmadi olaraq dünyanın beyin mərkəzlərində və universitetlərində qonaq alim qismində tədqiqatlar aparırlar. Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov ABŞ-da yerləşən STRATFORözəl elmi korporasiyasında belə bir proqramda iştirak etmiş və bu təşkilat tərəfindən hazırlanan A Crucible of Nations: The Geopolitics of the Caucasus  adlı kitabın məsləhətçisi olmuşdur.

Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Rauf Qaragözov isə təcrübəli alimlər üçün ABŞ-ın ən nüfuzlu universitetlərində və digər təhsil müəssisələrində işləmək imkanı yaradan Fulbrayt (Fulbright) proqramının qalibi kimi hal-hazırda ABŞ-ın Vaşinqton Universitetində çalışır.

Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev sentyabr-dekabr aylarında Almaniyanın Qarmiş-Partenkirxen şəhərində Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzi tərəfindən Ali Təhlükəsizlik Proqramında iştirak etmişdir.

2011-ci hesabat ilində SAM tərəfindən ilk dəfə davamlı olaraq xarici KİV təmsilçilərinin, ekspert və jurnalistlərin fərdi və qrup şəklində Azərbaycana silsilə səfərləri təşkil edilmiş, baş verən inkişaf proseslərini bilavasitə müşahidə və təhlil etmək üçün onlara imkanlar yaradılmışdır.

Россия в глобальной политике jurnalının baş redaktoru F.Lukyanovun, Российские вести, Polit.ru, Russia Today,Коmmersant FM, Голос России, Аргументы Недели,  Московский Комсомолец, Российская Газета, АиФ, Трибуна kimi Rusiyanın aparıcı media nümayəndələrinin, Macarıstanın aparıcı kütləvi informasiya vasitələrindən hesab edilən Jane’s Defence Weekly, Nepszava, Magyar Nemzet, Magyar Hirlap, Hungarian News Agency Corporation nümayəndələrinin, Türkiyənin  Hürriyet Daily News qəzetinin əməkdaşlarının səfərləri bu baxımdan olduqca əhəmiyyətlidir. Hesabat dövründə eyni zamanda SAM-ın dəvəti ilə ABŞ-ın Qlobal məsələlər üzrə Amerika Şurasının (World Affairs Councils of America - WACA) Liderlik Missiyasının 11 nəfərdən ibarət nümayəndə heyətinin və eləcə də ABŞ-ın Truman Milli Təhlükəsizlik Layihəsinin nümayəndə heyətinin Azərbaycana səfərləri baş tutmuşdur. Səfər çərçivəsində qonaqlar üçün SAM kollektivi,  Azərbaycanın hökumət qurumlarının rəhbərləri və müxtəlif sahələr üzrə ekspertlər ilə görüşlər keçirilmiş, bölgələrə səfərlər təşkil edilmişdir.

III. SAM-ın analitik-informasiya və elmi-nəşriyyat fəaliyyəti

Nəşrlərə gəldikdə Strateji Araşdırmalar Mərkəzi elmi-analitik tədqiqat fəaliyyətini rus, Azərbaycan və ingilis dillərində daimi dərc olunan məcmuələr, jurnallar, məqalələr formasında ictimaiyyətin diqqətinə çatdırır. Belə ki, hesabat dövründə SAM-ın icmalı,SAM-ın şərhləri kimi məcmuələrinin yeni sayları ardıcıl şəkildə Azərbaycan və ingilis dillərində davam etdirilmişdir. Əməkdaşların siyasi təhlillərinin  və tədqiqat işlərinin nəticələri burada yer almışdır.

SAM-ın Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan Strateji Təhlil jurnalı davamlı şəkildə işıq üzü görür.

2011-ci ildə SAM müasir dünyanın qaynar nöqtələrindən olan Cənubi Qafqazın geosiyasi, iqtisadi və s. məsələlərinə həsr edilən ilk nəşrinin – Caucasus İnternational jurnalının xaricdə çap edilməsinə və beynəlxalq, regional və milli səviyyədə  ekspert cəmiyyətinin nümayəndələri arasında yayılmasına nail olmuşdur.

Hesabat ilində SAM-ın təşkilatı və maliyyə dəstəyi ilə dünyanın bir sıra ölkələrində nəşrlər də həyata keçirilmişdir. Bunların sırasında ilk növbədə Argentina oxucusuna ilk dəfə təqdim edilmək üçün bu ölkədə nəşr olunan nüfuzlu Historia jurnal-kitabının bir buraxılışının ayrıca olaraq Azərbaycana həsr edilməsi ilə bağlı layihəni qeyd etmək olar. Layihə çərçivəsində Azərbaycan qədim və müasir tarixinə, etnoqrafiyasına, orta əsrlər və Azərbaycan Səfəvilər dövlətinə, Türkmənçay - Gülüstan müqavilələri və Azərbaycanın parçalanmasına; Qarabağ muğam məktəbinə; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ermənilərin tarixən Azərbaycan torpaqlarına iddiasına; dövlətçiliyin bərpası və müstəqil Azərbaycanın keçdiyi tarixi yol haqqında; arxeologiya - Azərbaycanda ilk insan izləri; tarixi şəxsiyyətlər: Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi portreti; memarlıq: Azərbaycandakı xristian-alban abidələri haqqında; miqrasiya: Ermənilərin Azərbaycan ərazisinə köçürülməsinə, dil və ədəbiyyat: Nizami Gəncəvi və Xəmsə haqqında; dil və əlifba haqqında; mədəni irs: UNESCO-nun Dünyanın mədəni irsi siyahısına daxil edilmiş Azərbaycanın maddi və qeyri-maddi mədəni irsi barədə; Azərbaycan xalçaçılıq məktəbi haqqında; din və tarix: dini tolerantlıq haqqında; sənayeləşmə tarixi: XIX əsrin sonu - XX əsrin əvvəli neft bumu haqqında və s. mövzuların ölkəmizin tanınmış alimləri tərəfindən hazırlanması və tərcüməsi təşkil edilmiş, Azərbaycanın Argentinadakı səfirliyinə göndərilmişdir.

SAM ekspertlərinin yerli və xarici KİV-lərdə, çap və elektron vasitələrində ümumi elmi-analitik fəaliyyəti məhsuldar olmuşdur. Hesabat ilində əməkdaşlar tərəfindən 182 məqalə yazılmış, qapalı və açıq xarakterli 108 arayış və hesabat hazırlanmış, 38 müsahibə verilmişdir. Mərkəzin əməkdaşları beynəlxalq miqyaslı müxtəlif konfrans və tədbirlərdə əsas məruzəçi və iştirakçı kimi 65 xarici ezamiyyətdə olmuşlar.

Hesabat ilində Mərkəzin elmi struktur və mövcud vakansiyalar üzrə kadr korpusunun formalaşdırılması sahəsində də ardıcıl iş aparılmışdır. Mərkəz kollektivinə yeni əməkdaşlar qəbul edilmişdir. Əməkdaşların mövcud ixtisas və elmi səviyyəsinin artırılması ən vacib məsələ kimi qarşıda durur.

Başlıca məsələlərdən biri kimi kadr probleminin həlli istiqamətində həm ölkə daxilində, həm də xarici tərəfdaşlarla elmi mübadilə proqramları çərçivəsində işlər aparılır, xaricdə fəaliyyət göstərən beyin mərkəzlərində təcrübə keçmələri, ali təhsilini davam etdirmələri üçün əməkdaşlarımıza imkanlar yaradılır. Təqdirəlayiq haldır ki , 2011-ci hesabat ilində Mərkəzin 3 əməkdaşı doktoranturanın (PhD) 1-ci, həmçinin 1 nəfəri 2-ci pillələrinə qəbul edilmişlər.




 

: 9