| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İllik hesabat - 2012

2012-12-11 16:48:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən 2012-ci il ərzində həyata keçirilmiş fəaliyyətə dair HESABAT
2012-ci hesabat ilində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) elmi-tədqiqat, analitik-informasiya, elmi təşkilatı və elmi-nəşriyyat istiqamətləri üzrə fəaliyyətini davam etdirmişdir. 
Cari ildə SAM-ın əməkdaşları tərəfindən 23 elmi-tədqiqat layihəsi həyata keçirilmişdir, onlardan 10 layihə bu il tamamlanmış, digər 13 layihə üzərində isə iş 2013-cü ildə davam etdiriləcəkdir. Yekunlaşmış layihələr arasında Azərbaycanda araşdırma və  beyin mərkəzlərinin yaranması, inkişafı və perspektivləri; Aqrar sektorda investisiya qoyuluşu: mövcud vəziyyət və inkişaf perspektivləri; Azərbaycan Respublikasında ərzaq ixracının strukturunun təhlili; Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlıq perspektivlərinin araşdırılması, Cənubi Qafqaz regionundakı təhlükəsizlik modelində Rusiya və Türkiyənin müvafiq rollarının təhlili və s. göstərmək olar. Bu tədqiqatların nəticələri əsasında müvafiq analitik arayış və hesabatlar hazırlanmışdır, eləcə də onlardan bəzilərinin 2013-cü ildə kitab şəklində çap edilməsi planlaşdırılır.
Eyni zamanda hesabat ilində bir neçə kitab layihələri yekunlaşmışdır: rus dilində "Azərbaycan müstəqillik yolunda (Analitik icmal)", Azərbaycan və türk dillərində "Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə. Uğurlar və imkanlar" mövzularında məqalələr topluları, ingilis dilində "Cənubi Qafqaz 2021: neft, demokratiya və geosiyasət" adlı kitab nəşr edilmişdir. 
SAM-ın mətbu orqanları olan və Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı ilə yanaşı, bir sıra mühüm regional və qlobal mövzuları əhatə edən "Strateji təhlil" jurnalının və eləcə də SAM və Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyinin birgə tərəfdaşlığı ilə Türkiyədə ingilis dilində nəşr edilən "Caucasus International" jurnalının növbəti sayları hesabat dövründə işıq üzü görmüşdür. SAM-ın ingilis dilli xüsusi nəşri olan "SAM-ın icmalı"nın (SAM Review) son sayı "Strateji prioritet: Azərbaycanın qaz strategiyası və Avropa İttifaqının Cənub Dəhlizi” mövzusuna həsr edilmişdir. SAM-ın və Yunanıstanda nəşr olunan "Yaxın Şərq İqtisadi Araşdırma” jurnalının analitikləri olan müəlliflər Şah Dəniz 2 yatağından çıxarılan qazın Türkiyə ərazisi ilə Avropa bazarlarına nəqli üçün alternativ ixrac marşrutlarının  seçiminin geosiyasi, iqtisadi, kommersiya və texniki aspektlərini, Avropanın Cənub Qaz Dəhlizi strategiyasında əsas rol oynayan ölkələrin maraqlarını, ölkələrarası münasibətlərə  müxtəlif baxış və prioritetləri  təhlil etmişlər. 
2012-ci ildə SAM-ın əməkdaşları tərəfindən 100-dən artıq qapalı xarakter daşıyan arayış və eləcə də hesabatlar hazırlanmış, xarici ölkələrin və Azərbaycanın elmi jurnallarında, mətbuatında və elektron mediasında 200-dən artıq məqalə çap edilmişdir. Hesabat dövründə eləcə də regional və qlobal məsələlər, Azərbaycanın inkişafı ilə bağlı müvafiq mövzu və istiqamətlər üzrə çap və elektron kütləvi informasiya vasitələrində SAM əməkdaşları mütəmadi olaraq müsahibələr, məqalələr, köşə yazıları və brifinqlərlə çıxış etmişlər.
2012-ci ildə SAM tərəfindən Azərbaycanda və xaricdə otuz dörd müxtəlif tədbir təşkil edilmişdir.  Azərbaycanda keçirilmiş iyirmi altı tədbir arasında üç kitab təqdimatını, iki mühazirəni, bir təlimi, dörd qapalı ekspert görüşünü, altı dəyirmi masanı, səkkiz beynəlxalq konfransı qeyd etmək olar.
Hesabat dövründə eləcə də 2-3 mart 2012-ci ildə SAM və Türkiyənin Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə tərəfdaşlığı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Beyin mərkəzlərinin 3-cü  Forumu Bakıda təşkil edilmişdir. Forumda 70-dək ölkədən 30 beyin mərkəzi və 100-dən çox nümayəndə - dövlət və hökumət rəsmiləri, islam ölkələrində ictimai rəyin formalaşmasında mühüm rol oynayan beyin mərkəzlərinin rəhbərləri, alimlər, beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin təmsilçiləri, daxili və xarici siyasət, innovasiya texnologiyaları üzrə tanınmış yerli və beynəlxalq ekspertlər iştirak etmişdir. 
SAM və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi ilə birgə tərəfdaşlıq çərçivəsində cari ildə eləcə də Azərbaycanın Gəncə, Lənkəran, Ağdam, Naxçıvan və Bakı şəhərlərində Azərbaycan-Türkiyə münasibətlərinin 20 illiyinə həsr edilmiş silsilə konfranslar keçirilmiş və Azərbaycanda türk həftəsi qeyd edilmişdir.
2012-ci hesabat ilində SAM öz tərəfdaşları ilə birgə xaricdə səkkiz beynəlxalq tədbir təşkil etmişdir. Onların arasında ABŞ-ın Kolumbiya Universitetində və Sent Luizdə yerləşən Vaşinqton Universitetində təşkil edilmiş iki konfransı, Fransa Beynəlxalq Münasibətlər İnstitutu və TEAS-la birgə Parisdə keçirilmiş konfransı, Kiyev və Kişinyovda təşkil edilmiş dəyirmi masa və beynəlxalq konfransı, SAM və Rusiya Federasiyasının Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun birgə tərəfdaşlığı ilə Zveniqorodda keçirilmiş Rusiya və MDB məkanında fəaliyyət göstərən Gənc Şərqşünasların qurultayının misal gətirmək olar. 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respubikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respubikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması”  İctimai Birliyi və ASAIF ilə birgə Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr üçün təşkil edilmiş "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Vyana Forumunun həmtəşkilatçılarından biri olmuşdur. 
SAM beynəlxalq forumlarla akademik tərəfdaşlıq formatında da çalışmağa önəm verır. O, bu il Almaniyanın Frankfurt şəhərində keçirilən və boru kəmərləri konsorsiumunu, dünyanın qaz ticarəti üzrə liderlərini, Avropa Birliyi rəsmilərini, hökumət, maliyyə və sənaye sahəsi üzrə analitikləri, enerji mütəxəssislərini, beynəlxalq sərmayəçiləri və qaz infrastrukturu razılaşmalarını asanlaşdırmaq sahəsində fəaliyyət göstərən maliyyə institutlarını bir araya gətirən "2012-ci il Frankfurt Qaz Forumu”-nun akademik tərəfdaşı olmuşdur. 
2012-ci hesabat ilində beynəlxalq əməkdaşlıq çərçivəsində on bir beyin mərkəzi və beynəlxalq təşkilatla memorandum və sazişlər imzalanmışdır. Bu mərkəzlər arasında ABŞ-ın STRATFOR Analitik Mərkəzi, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu, Tacikistan Respublikasının Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzi, Qırğızıstan Respublikasının Milli Strateji Araşdırmalar İnstitutu, İslamabad Siyasi Araşdırmalar İnstitutu, Helsinki Universitetinin Aleksanteri İnstitutu, Fransanın Beynəlxalq Münasibətlər İnstitutu, Ukrayna Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutu, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondu, Beynəlxalq Soyqırım və Kütləvi Qırğınları Araşdırma Fondu və  Rusiya Federasiyası Siyasi Tədqiqatlar Mərkəzi (PİR) vardır.   
Hesabat dövrü ərzində SAM-ın əməkdaşları Rusiya Federasiyası, Türkiyə Respublikası, Almaniya, Fransa, Böyük Britaniya, Qazaxıstan Respublikası, Gürcüstan, Ukrayna, Moldova, Qırğızıstan, Tacikistan, Cənubi Koreya, Finlandiya, Belçika Krallığı, ABŞ, Gürcüstan, Niderland, BƏƏ, Yunanıstan, Avstriya, Polşa, İtaliya, Misir, Çin, Macarıstan, İsrail, Bolqarıstan, Mərakeşdə elmi ezamiyyətlərdə olmuşlar. Hesabat ilində cəmi 96 elmi ezamiyyətdə olan SAM əməkdaşları bu tədbirlərdə başlıca olaraq məruzəçi qismində çıxış etmiş, işgüzar görüşlərə qatılmaqla SAM-ı təmsil etmiş və eləcə də elmi-təşkilati işlərinin planına uyğun olaraq SAM-ın xarici tərəfdaşları ilə birgə xaricdə bir sıra tədbirlər təşkil etmişlə beynəlxalq əməkdaşlıq sahəsində memorandum və sazişlərin imzalanmasında yaxından iştirak etmişlər. 
SAM-ın on əməkdaşı 2012-ci ildə Azərbaycanın yeddi ali təhsil ocağında (Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti) saathesabı müəllim kimi fəaliyyət göstərmişlər. 
Hesabat dövründə SAM-ın İqtisadiyyatın təhlili və Qloballaşma məsələləri şöbəsinin Baş elmi işçisi Vüsal Qasımlının "Valyutamagedon: beynəlxalq maliyyə arxitekturasının məhək daşı” adlı analitik məqaləsi "G-Global platformasının ən yaxşı məqaləsi” nominasiyasında üçüncü yer tutaraq, Fəxri Prezidenti Qazaxıstanın rəhbəri Nursultan Nazarbayev olan Avrasiya Alimlərinin İqtisadi Klubunun diplomu və 250 min təngə məbləğində pul mükafatına layiq görülmüşdür. SAM ekspertinin məqaləsi yeni dünya maliyyə sistemi və vahid dünya valyutasının yaranması işinə töhfə kimi qəbul edilmiş və məqalədəki tezislər də nəzərə alınmaqla hazırlanmış yol xəritəsi "Böyük 20-lik ölkələri”nə təqdim edilmişdir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin  (SAM) 5 ilinin tamam olması münasibəti ilə 5 illik Hesabat hazırlanmış, Azərbaycan və rus dillərində çap edilmişdir. Hesabatda 5 il müddətində SAM-da görülən işlər:   şöbələrin elmi tədqiqat, elmi təşkilati, analitik informasiya fəaliyyəti, dövri  nəşrləri və çap olunan kitabları haqda məlumat verilmişdir. 5 illik hesabatda eləcə də, SAM-ın beynəlxalq əməkdaşlıq fəaliyyəti, beynəlxalq tərəfdaşlarla münasibətlərinin rəsmi əsasını təşkil edən saziş və memorandumlar, SAM-n dünya beyin mərkəzləri ilə elmi mübadilə proqramları, qonaq elmi işçilər və təcrübəçilər barədə də məlumat da ictimaiyyətə təqdim edilmişdir. 
Görülmüş işlərin arxasında 30 elmi işçidən ibarət kiçik kollektivin əməyi durur. SAM-ın ştatında və ştatdan kənar elmi işçilərin orta yaşı 34 il təşkil edir, onların üçdə biri qadındır. Elmi işçilərin 53% magistr, 30% fəlsəfə doktorlarıdır, elmi işçilərin 36% təhsillərini xaricdə alıblar.


 

: 15