| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Macarıstanda “Cənubi Qafqaz üzərində formalaşan nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsi” adlı kitabın təqdimat mərasimi keçirilmişdir

2017-12-21 06:01:41

20 dekabr tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ingilis dilində yeni nəşri olan “Cənubi Qafqaz üzərində formalaşan nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsi” adlı kitabının Budapeşt şəhərində təqdimat mərasimi keçirilmişdir.

 

Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyi yanında Xarici Əlaqələr və Ticarət İnstitutunda təşkil edilən tədbirdə bu ölkənin dövlət qurumlarının, elmi-tədqiqat müəssisələrinin, yerli KİV-in nümayəndələri və Macarıstanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişdir.

 


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi  və Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyi yanında Xarici Əlaqələr və Ticarət İnstitutunun birgə əməkdaşlığı nəticəsində işıq üzü görmüş və əsasən, Azərbaycanın bilavasitə yaxından iştirakı ilə gerçəkləşən irimiqyaslı enerji və nəqliyyat layihələrindən bəhs edən kitabda ilk iki fəsil Macar, digər iki fəsil isə Azərbaycanlı müəlliflər tərəfindən yazılmışdır.

 


Təqdimat mərasimində ilk olaraq açılış nitqi ilə çıxış edən Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutunun direktor müavini Marton Uqroşdi kitabda öz əksini tapmış mövzulara dair fikirlərini bölüşmüş və regionda həyata keçirilən layihələrdən danışmışdır.


 

Sonra, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin müşaviri Zaur Şükürov çıxış edərək, kitab barədə fikirlərini çatdırmış, qlobal əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələrində Azərbaycanın aparıcı rolundan, Azərbaycanda son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və ölkənin hərtərəfli inkişafına yönəlmiş genişmiqyaslı islahatlardan bəhs etmişlər.

 


Həmçinin, qonaqların diqqəti Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətinə, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun bu ölkənin silahlı qüvvələri tərəfindən işğalı faktına çəkilmiş, məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində regionda həyata keçirilən regional və qlobal layihələrdən kənarda qaldığı vurğulanmışdır.

 


Daha sonra, kitabın elmi redaktoru və məqalələrdən birinin müəllifi, SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin elmi işçisi, SOAS London Universitetinin İqtisadiyyat üzrə doktorantı Mahir Hümbətov “Azərbaycan üzərində fokuslaşan Şərq-Qərb dəhlizinin nəqliyyat, ticarət, investisiyalar və logistikası”, digər məqalələrin müəllifləri, Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutunun əməkdaşı Diana Szoke və Macar mütəxəssis Gabor Braun “Avropa-Cənubi Qafqaz-Asiya enerji bağı” və “Şərq-Qərb dəhlizinin ticarət və logistikası: Avropa-Çin və əks istiqamətdə axınlar və Azərbaycanın rolu” mövzuları üzrə çıxış edərək, bəhs edilən layihələr, habelə bu layihələrin həyata keçilməsində dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların, region ölkələrinin yeri və yanaşması, bütün bu proseslərdə Azərbaycanın aparıcı rolu və mövqeyi barədə təhlil xarakterli fikirlərini təqdim etmişlər.

 


Son dərəcə maraqla qarşılanan təqdimat mərasimindən sonra mövzuya dair qonaqların çoxsaylı sualları cavablandırılmışdır.



 

: 938