| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Müasir regional geosiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri

2010-10-29 18:35:00


29 oktyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Azərbaycanda akkreditə olunmuş səfirlər ilə müzakirəli görüşlərin keçirilməsinə dair xüsusi layihə çərçivəsində Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmatulla İrqaşevin iştirakı ilə "Müasir regional geosiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri” mövzusunda tədbir keçirilmişdir. Görüşdə XİN-in məsul əməkdaşları, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər, SAM-ın əməkdaşları və müxtəlif universitetlərin professor və tələbələri iştirak edirdilər.


Görüşü Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev açaraq, Azərbaycan – Özbəkistan münasibətləri haqqında qısa məlumat verdi, məruzəçini iştirakçılara təqdim etdi və daha sonra sözü səfir İsmatulla İrqaşevə verdi.

Məruzəçi öz çıxışında əsas etibarilə Azərbaycanla Özbəkistan arasındakı siyasi və iqtisadi münasibətlərə toxunaraq, eləcə də mədəniyyət və humanitar sahələrdəki əməkdaşlıq barədə də danışdı. Səfirin qeyd etdiyi kimi, ikitərəfli münasibətlərə daha çox üstünlük verən Özbəkistan Azərbaycanla da əməkdaşlığın məhz bu formasının inkişafına önəm verir. Natiq bildirdi ki, Özbəkistan tərəfi Azərbaycanı regionda sabitlik və təhlükəsizlik faktoru kimi görür. Özbəkistanın region dövlətləri sırasında yalnız Azərbaycanda səfirliyinin olması bunun göstəricisidir. O qeyd etdi ki, Azərbaycan Özbəkistanın mühüm strateji əməkdaşıdır. Çıxışının gedişində məruzəçi iki dövlət arasındakı iqtisadi sahədə əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğuladı. Belə ki, digər sahələrlə müqayisədə iqtisadi əməkdaşlıq hal-hazırda daha aşağı səviyyədədir. Tərəflərarası dostluq, qardaşlıq əlaqələrinin iki dövlət başçısının qarşılıqlı isti münasibətlərindən irəli gəldiyi nəzərə çatdırıldı. Səfir öz çıxışında Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. O vurğuladı ki, Özbəkistan bu məsələdə hər zaman qəti olaraq Azərbaycanı dəstəkləyir və beynəlxalq arenada onunla eyni mövqedən çıxış edir.


 

: 328