| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Milli Azərbaycan Tarixi Muzeyində Elmir Şəripovun “Азербайджанцы в Обороне Брест-Литовской Крепости” kitabının təqdimat mərasimi keçirilib

2018-05-04 13:42:36

Milli Azərbaycan Tarixi Muzeyində ehtiyatda olan polkovnik-leytenant Elmir Şəripovun “Азербайджанцы в обороне Брест-Литовской крепости” (“Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində” (rus dilində; Bakı, 2018, 210 səh.) kitabının təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun təşəbbüsü və dəstəyi ilə nəşr edilib.

 

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tədbiri açaraq II Dünya Müharibəsində azərbaycanlıların iştirakından, onların qəhrəmanlığından və eləcə də faşizm üzərində qələbədəki rollarından bəhs etmişdir.

 

 

Daha sonra, söz Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədova verilib. F. Məmmədov II Dünya müharibəsində xalqlar dostluğundan söhbət açaraq azərbaycanlıların bu müharibədə iştirakının tədqiqinin əhəmiyyətini qeyd etmişdir.

 

 

Sonra “Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində” kitabının müəllifi Elmir Şəripov çıxış edib. O, azərbaycanlıların Brest-Litovsk uğrundakı beynəlmiləl mübarizəsindən və kitabın yazılma səbəbindən ətraflı bəhs edərək kitabın azərbaycanlıların faşizmə qarşı savaşının beynəlxalq əhəmiyyətini ortaya qoyduğunu, bununla yanaşı, kitabda iştirakçılar haqqında geniş məlumat və fotoşəkillərin də təqdim edildiyini qeyd etmişdir.

 

 

Azərbaycan Respublikası Silahlı qüvvələri Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, ehtiyatda olan I dərəcəli kapitan Nurulla Əliyev çıxış edərək təqdim olunan kitabın tarixi əhəmiyyətindən danışıb.N. Əliyev bildirib ki, azərbaycanlıların II dünya müharibəsində yaxından iştirak etməsi və qəhrəmanlıqla döyüşüb şücaət göstərməsi bu nəşrdə aydın göstərilib. Azərbaycanlıların Brest-Litovsk uğrunda mübarizədə iştirakının çoxlarına məlum olmayan tərəfləri bu kitabda öz əksini tapmışdır. Hərb tarixinin öyrənilməsi, tədqiqi baxımından bu nəşr tarixi əhəmiyyətə malik qiymətli töhfədir.

 

 

Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov da azərbaycanlıların Belorusiya uğrunda və Brest-Litovsk qalasının müdafiəsində göstərdiyi şücaətdən bəhs edərək bunun gənc nəsil üçün milli əhəmiyyətini diqqətə çatdırıb.

 

 

Çıxışlardan sonra azərbaycanlıların Brest qalasının müdafiəsinə və Belorusiya uğrundakı döyüşlərinə həsr edilmiş slayd film nümayiş olunub.  

 

 

Tədbir iştirakçılarına Elmir Şəripovun kitabı və “İRS” beynəlxalq jurnalının müvafiq nömrələri paylanıb. Sonda kitabın müəllifi Elmir Şəripova akademik Nailə Vəlixanlı tərəfindən “Təşəkkürnamə” təqdim edilərək bu sahədəki araşdırmalarının davamlı olması arzu edilib.



 

: 822