| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Missiya

2013-02-03 14:37:09

Mərkəzin əsas məqsədi ölkənin inkişafının müxtəlif istiqamətləri, o cümlədən geosiyasət, təhlükəsizlik, dövlət quruculuğu, regionların inkişafı, mövcud problemlərin həlli və digər mühüm sahələr üzrə elmi araşdırmaların nəticələri və proqnoz-analitik xarakterli məlumatlar ilə Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarının təmin edilməsindən ibarətdir.

Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş məqsədinə nail olmaq üçün aşağıdakı vəzifələri yerinə yetirir:

-beynəlxalq münasibətlərin strateji aspektlərini araşdırmaq, Azərbaycan Respublikasının strateji maraqlarının, daxili və xarici siyasətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi sahəsində tədqiqatlar aparmaq;

-Azərbaycan Respublikasının strateji maraqlarına uyğun olaraq xarici dövlətlərlə münasibətlərin inkişafı sahəsində yeni yanaşmaların axtarışını həyata keçirmək;

-müasir dövrün qlobal çağırışlarına uyğun olaraq ölkənin inkişaf strategiyasının təhlilini ( yeni texnologiyalar, enerji təhlükəsizliyi, terrorizm, beynəlxalq maliyyə və iqtisadi sistemlər, demoqrafiya, səhiyyə və s. sahələrdə) həyata keçirmək;

-Azərbaycan Respublikasının xaricdə müsbət imicinin formalaşmasını, ölkədən kənarda kütləvi informasiya vasitələrində müxtəlif materialların yayılmasını təşkil etmək;

-mövcud siyasi vəziyyətə xüsusi diqqət yetirməklə ölkənin daxilində və xaricində ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi inkişafın elmi təhlilini həyata keçirmək, qonşu dövlətlərdəki dəyişiklikləri proqnozlaşdırmaq;

-regional problemləri araşdırmaq, sərhədyanı dövlətlərlə ikitərəfli münasibətlərin vəziyyətinə dair tədqiqatlar aparmaq;

-Azərbaycan cəmiyyətinin müasir vəziyyətini, onun sosial strukturunu, demokratik təsisatlarını və vətəndaş cəmiyyətinin təşəkkülünü, siyasi elitanın formalaşması və yeniləşməsi proseslərini öyrənmək və təhlil etmək;

- hakimiyyət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf tendensiyasını təhlil etmək;

-cəmiyyətin sosial-iqtisadi inkişafının proqnozlarını hazırlamaq;

-ölkənin daxili və xarici siyasətinə dair məsələlər barədə əhali arasında sosioloji sorğular aparmaqla elmi əsaslandırılmış qaydada əhalinin müxtəlif təbəqələrinin fikirlərini öyrənmək;

-Azərbaycan Respublikasının Prezidentinin İcra Aparatının müvafiq strukturuna davamlı olaraq təhlil, tədqiqat və sorğuların nəticələrini təqdim etmək;

-ölkənin müxtəlif problemlərinin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinin mümkün siyasi, hüquqi, iqtisadi və digər aspektlərinin elmi ekspertizasını həyata keçirmək və onların həlli yolları barədə təkliflər hazırlamaq;

-ölkə daxilində və xaricində dinlərarası münasibətləri təhlil etmək, bu sahədə mümkün problemləri proqnozlaşdırmaq və bununla bağlı təkliflər hazırlamaq;

-etnosiyasi inkişaf problemlərini, ölkə daxilində tolerantlıq mühitini, xarici dövlətlərdə yaşayan azərbaycanlılarla bağlı münasibətləri təhlil etmək, bu sahədə mümkün problemləri proqnozlaşdırmaq və onların həlli yolları barədə təkliflər hazırlamaq;

-ölkənin daxili və xarici siyasətində atılan addımların genişmiqyaslı şərhini vermək, Azərbaycan Respublikasının müxtəlif sahələrdə nailiyyətlərinin təbliğini təşkil etmək və həyata keçirmək, normativ-hüquqi aktların elmi kommentariyalarını hazırlamaq;

-gənclərin elmi və innovasiya fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər təşkil etmək;

-qanunvericilikdə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.



 

: 11518