| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda beynəlxalq konfrans

2011-12-08 17:32:00

Dekabr ayının 7-də Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə "Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransın əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından sonra qazanılmış nailiyyətlərə, ölkədə həyata keçirilən sosial-siyasi, iqtisadi və mədəni islahatlara nəzər salmaq, gələcək inkişaf prioritetlərini müəyyənləşdirmək olmuşdur. Həmçinin, konfransda  iyirmi il ərzində yoxsulluğun azaldılması və iqtisadi artım həmçinin, Minilliyin İnkişaf Məqsədləri, infrastrukturun inkişafı, neft gəlirlərinin idarə edilməsi istiqamətində  milli siyasətin uğurları və nəticələri eyni zamanda, milli nailiyyətlərin yeni hədəfləri və yeni çağırışlara effektiv cavablar müzakirə edilmişdir.
Tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların  nümayəndələri, Milli Məclisin deputatları, elm və təhsil müəssisələrinin, vətəndaş  cəmiyyətinin təmsilçiləri, yerli və beynəlxalq ekspertlər, həmçinin jurnalistlər iştirak etmişlər.
Konfransı giriş sözü ilə SAM-ın direktor müavini Gülşən Paşayeva açmışdır. O qeyd etmişdir ki, tədbir ötən 20 ilin nailiyyətləri ilə yanaşı, gələcək onillikdə qarşıda duran çağırışlara cavablar ətrafında müzakirələrin aparılması baxımından çox əhəmiyyətlidır. G.Paşayeva eyni zamanda bildirmişdir ki, cənab Prezident İlham Əliyevin bu ilin əvvəlində imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında” Sərəncamına əsasən, ölkəmizin inkişafının müxtəlif sahələrində əldə edilən nailiyyətlər bir çox yerli və beynəlxalq tədbirlərdə geniş müzakirə olunmuşdur. Aparılan müzakirələrin yekunu göstərir ki, Azərbaycanın mütərəqqi inkişaf modelinin reallaşması istiqamətində bu illər ərzində zəngin təcrübə əldə edilmişdir.   
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik cənab Ramiz Mehdiyev konfransda nitq söyləmişdir. Öz nitqində cənab Mehdiyev qeyd etmişdir ki, "Dövlət müstəqilliyinin bərpa edilməsindən ötən 20 ildə Azərbaycanda köklü islahatlar aparılmış, iqtisadi münasibətlərin yeni əsaslar üzərində qurulması istiqamətində böyük işlər görülmüşdür.” Eyni zamanda cənab Mehdiyev demişdir: "Bu gün biz Azərbaycanın yeni inkişaf strategiyasını hazırlayıb, beynəlxalq rəqabətədavamlılığı təmin etmək üçün innovativ yollara qədəm qoyuruq. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz bu çağırışları aradan qaldırmaq məqsədi daşıyır. Artıq demək olar ki, biz inkişaf strategiyasının mahiyyətcə yeni mərhələsinin əvvəlindəyik.
Bu, əlbəttə, son iyirmi ildə əldə etdiyimiz nailiyyətlərin nəticəsi və məntiqi davamıdır. Lakin onu da qeyd etmək lazımdır ki, bu yolda əngəllər və maneələr az deyildi. Tarixən geosiyasi maraqların toqquşduğu məkanda yerləşən Azərbaycan müstəqilliyini qoruyub saxlamaq və taleyinə, gələcəyinə sahib çıxmaq üçün hər zaman mübarizə aparmışdır. Bu, Sovetlər Birliyi dağıldıqdan sonra da belə oldu. Azərbaycan xalqı çətin, lakin şərəfli bir yolun başlanğıcına qədəm qoydu. Dünyanın güc dövlətlərinin geosiyasi mübarizəsi fonunda qonşu Ermənistanın hərbi təcavüzü, iqtisadi tənəzzül, inflyasiya, siyasi hərc-mərclik 1990-cı illərin əvvəlində Azərbaycan dövlətinin gələcəyi haqqında ciddi suallar doğurmuşdu. Belə vəziyyətdə geniş iqtisadi və intellektual potensiala, təbii enerji sərvətlərinə baxmayaraq, xalqımızın güzəranı, həyat tərzi dözülməz həddə çatmış, insanların gələcəyə inamı tamamilə itmişdi”.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışının müasir Azərbaycan tarixində yeni bir eranın başlanğıcının rəmzinə çevrildiyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev demişdir ki, ulu öndər bütün sağlam qüvvələri, dövlətçilik düşüncəsi ilə yaşayan insanları öz ətrafında birləşdirərək, Azərbaycanı bu çətin durumdan xilas etmiş, yeni inkişaf strategiyasının əsasını qoymuşdur.
O həmçinin, bildirmişdir ki, "Dövlətimizin iqtisadi qüdrəti son iyirmi ildə dəfələrlə artmış və Azərbaycan regional iqtisadi inkişafın əsas aparıcı vektoruna çevrilərək, Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir. Ölkə daxilində həyata keçirilən iqtisadi islahatlar, o cümlədən özəlləşmə və liberallaşma bazar münasibətlərinin formalaşmasını və qısa zaman axarında Azərbaycanın keçid dövrünü uğurla başa vurmasını şərtləndirmişdir. Azərbaycan dövlətinin inkişaf strategiyasının əsas qayəsini insan amilinin təşkil edir. Prezident İlham Əliyev tərəfindən prioritet kimi təyin edilən "qara qızılın insan kapitalına çevrilməsi” çağırışı bizim bu problemə nə qədər həssas yanaşmağımızı bir daha göstərir. Biz çox gözəl dərk edirik ki, insan amilinin inkişafına dövlət qayğısı təhlükəsiz gələcəyimizin təminatçısıdır”.
Azərbaycanın iqtisadi modelinin "özəl” və "sosial” arasında vəhdətin tapılmasına və dövlətin zəruri müdaxilə rolunun yenidən dəyərləndirilməsinə əsaslandığını söyləyən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev demişdir ki, "Azərbaycan dövlətinin sosialyönümlü müdaxiləsi "rifah dövlətinin” yaradılması istiqamətində məqsədyönlü fəaliyyətin bariz nümunəsidir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, işlə təmin edilməsi, yoxsulluğun azaldılması son iyirmi ildə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetləri olmuşdur.
Eyni zamanda, regional geosiyasi mühitin xüsusiyyətlərini nəzərə alan çoxşaxəli xarici siyasət kursu Azərbaycanın beynəlxalq arenada fəaliyyət imkanlarını genişləndirdi və region dövlətləri ilə münasibətlərdə yeni əməkdaşlıq perspektivləri açdı. Bu, qədim dövlətçilik ənənəsinə malik olan Azərbaycanın güclü regional faktora çevrilməsini, onun Avropa təsisatlarına, dünya birliyinə uğurlu inteqrasiyasını və bütün uzaq-yaxın tərəfdaşlarla bərabər hüquqlar və qarşılıqlı prinsiplər əsasında əməkdaşlığın inkişaf etdirilməsini şərtləndirdi. Eyni zamanda, apardığımız siyasət bizə beynəlxalq təhlükəsizlik və sülhün qorunmasında, qlobal təhlükəsizlik məsələlərinin həllində yeni məsuliyyət və öhdəliklər verir. Azərbaycanın oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi məhz dövlət başçısının ağıllı və uzaqgörən siyasi fəaliyyətinin məntiqi nəticəsidir”.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün, torpaqlarımızın bir hissəsini 19 ildir ki, işğal altında saxlamasının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu vurğulayan Ramiz Mehdiyev demişdir ki, "belə qeyri-hüquqi vəziyyətin yaranmasına baxmayaraq, biz beynəlxalq birliyin süstlüyünü müşahidə edirik. Minsk qrupuna daxil olan ölkələrin Dağlıq Qarabağ probleminin həllindəki fəaliyyətini heç də qənaətbəxş hesab etmək olmaz. Dünya ictimaiyyətinin gözü qarşısında bu dövlətlər uzun illərdir Ermənistanın təcavüzünə son qoyulması, Azərbaycanın torpaqlarının işğalçılardan azad edilməsi üçün əllərini ağdan-qaraya vurmayıblar. Azərbaycan xalqı çoxdandır özü üçün aydın edibdir ki, erməni işğalçıları pərdə arxasında müdafiə olunur. Minsk qrupu dövlətləri bilməlidirlər ki, Azərbaycan xalqının dözümünün hüdudları elə də geniş deyil, onun səbir kasası artıq dolubdur. Dağlıq Qarabağdakı mövcud vəziyyət millətlərin qurmaq istədiyi gələcək ədalətli cəmiyyət, sülh və təhlükəsizlik üçün əsas təhdid mənbəyi olaraq qalır. Beynəlxalq birlik səylərini artırmalı, beynəlxalq qanunun aliliyini rəhbər tutmalı və Ermənistanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə vadar etməlidir.
Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Avropa Şurasında öz mütərəqqi mövqeyi ilə tanınan Azərbaycan vahid və universal dəyərlər, ideyalar ətrafında milli birliyin qorunmasını təmin etməklə yanaşı, özünə aid xüsusiyyətləri ilə fərqlənən azlıqların hüquqlarını tanıyır. Dağlıq Qarabağda doğulub və yaşayan ermənilər Azərbaycanın Avropa Şurası və BMT qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və Azərbaycan qanunvericiliyi çərçivəsində azad şəkildə fəaliyyət göstərib, Azərbaycan Konstitusiyasının verdiyi hüquqlardan istifadə edə bilərlər.
Lakin təcavüz və əməkdaşlıq bir araya sığmır. Ermənistanın işğalçı siyasəti, onun regional layihələrdən özünü təcrid etməsi bu ölkənin iqtisadiyyatını çətin vəziyyətə salmışdır. Məhrumiyyətlər qarşısında qalan Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Azərbaycanda isə 1994-cü ildən həyata keçirilən iqtisadi strategiya bu gün də uğurla davam etdirilir. "Əsrin müqaviləsi2nin imzalanması Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirmiş, onun geosiyasi əhəmiyyətini ön plana çıxarmışdır. Bu, uzaqgörən və praqmatik siyasətin nəticəsidir”.
Konfransın işinə uğurlar arzulayan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev nitqini aşağıdakı fikirlərlə yekunlaşdırmışdır: "Yeni qaz yataqlarının kəşf edilməsi Azərbaycanın ixrac potensialını artırmış, onu dünyanın əsas qaz hasilatçıları sırasına yüksəltmişdir. Azərbaycan artıq Avropanın əsas enerji tərəfdaşına çevrilmişdir. Eyni zamanda, regionda həyata keçirilən enerji layihələri, o cümlədən neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti regional əməkdaşlığa da xüsusi töhfə vermişdir. Bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlət olaraq regional əməkdaşlığın əsas aparıcı qüvvəsinə çevrilmişdir. Bu isə Azərbaycanda səmərəli dövlətçiliyin, güclü iqtisadiyyatın və milli birliyin bariz nümunəsidir”.
Azərbaycanın 20 illik müstəqilliyi dövründə əldə etdiyi nailiyyətləri vurğulayan BMT-nin İnkişaf Proqramının Azərbaycandakı ofisinin rezident-nümayəndəsi Fikrət Akçura ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin bunun nəticəsi olduğunu demişdir. BMT rəsmisi qeyd etmişdir ki, ötən 20 ildə keçmiş sovet respublikaları arasında yalnız Azərbaycan ən yüksək iqtisadi göstəricilərə nail olmuşdur. Müstəqilliyinin ilk illərində Azərbaycan üzləşdiyi siyasi, iqtisadi və sosial çətinlikləri dəf edərək çox mühüm inkişafa nail olmuş, müstəqilliyini möhkəmləndirmiş, işsizliyin, yoxsulluğun səviyyəsini azaltmış, insan hüquqlarının qorunması sahəsində yaxşı nəticələr əldə etmişdir. Yoxsulluğun səviyyəsinin 49 faizdən 9 faizədək azaldılması Azərbaycanın ən böyük uğurudur.
Fikrət Akçura demişdir ki, Azərbaycan dövləti mühüm addımlar ataraq, ölkənin ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Gender bərabərliyi, o cümlədən qadınların təhsil alması, onların işlə təmin edilməsi sahəsində Azərbaycanda heç zaman problem olmamışdır. Azərbaycanın siyasi, iqtisadi, sosial və s. sahələrdə sürətli inkişafına ən böyük maneə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti cəlb edən F.Akçura beynəlxalq təşkilatların ciddi səylərinə baxmayaraq, problemin hələ də həll olunmadığını vurğulamışdır.
O, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə ölkəmizdə 2020-ci ilədək həyata keçiriləcək bir sıra layihələrin Azərbaycanda qeyri-neft sektorunun inkişafı, yaşayış standartları və əhalinin işlə təmin olunmasında regional fərqlərin aradan qaldırılması, iqtisadiyyatın bütün sahələrinin işçi qüvvəsi ilə təmin olunması, zəif qrupların dəstəklənməsi imkanlarını artıracağını demişdir.
Sonra konfrans öz işinə bölmə iclaslarında davam etmişdir.
"İyirmi illiyin nailiyyətləri” adlı birinci bölmə iclasında "İqtisadi artım və yoxsulluğun azaldılması” mövzusunda məruzə ilə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirmişdir ki, ulu öndər Heydər Əliyevin inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nazir öz çıxışında "2003-cü ilə nisbətən 2010-cu ildə ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2.7 dəfə, qeyri-neft sektoru 2 dəfə, iqtisadiyyata kredit qoyuluşları 13.7 dəfə əsas kapitala yönəldilmiş investisiyalar 2.9 dəfə, xarici ticarət dövriyyəsi 5.4 dəfə, o cümlədən ixrac 8.2 dəfə artdığını” qeyd etmişdir.
Hazırda Azərbaycanın valyuta ehtiyatlarının 40 milyard dollardan artıq olduğunu deyən nazir bütün bu nailiyyətlərin dünya birliyi tərəfindən də yüksək qiymətləndirildiyini vurğulamışdır. Nazir, həmçinin təhsil, səhiyyə, sosial və ekologiya sahələrində görülən işlərdə Heydər Əliyev Fondunun xidmətlərini xüsusi vurğulamışdır.
"Davamlı inkişaf üçün nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edən Asiya İnkişaf Bankının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono Azərbaycanda yolların, xüsusilə də kənd yollarının çəkilişində böyük irəliləyişlərin əldə olunduğunu qeyd etmişdir.
"Quruculuq naminə resursların istifadəsi” mövzusunda məruzə ilə çıxış edən Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyasının əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, neft gəlirlərinin toplanması və şəffaf istifadəsi məqsədilə 1999-cu ildə yaradılan Dövlət Neft Fonduna 2001-2011-ci illərdə 63,5 milyard dollar vəsait daxil olmuşdur. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına böyük məbləğdə vəsait sərf edən Fond Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Qğuz-Qəbələ-Bakı su kəməri, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və digər mühüm layihələrin maliyyələşdirilməsində fəal iştirak etmişdir.
Konfransın "Gələcək onilliyin məqsədləri” adlı ikinci  sessiyasında "Mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğunun növbəti addımları” mövzusunda məruzə ilə çıxış edən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirmişdir ki, ölkəmiz artıq inkişafın mühüm mərhələsinə çatmışdır və hazırda yeni perspektivlər üzərində iş aparılır. Azərbaycan demokratik əsaslar üzərində inkişafını təmin etməklə yanaşı, yeni yazılan tarixin səhifələrində öz dəst-xəttini qeyd edir. Bu, bizim dinamik və mütərəqqi dövlət quruculuğumuzun əsas səciyyəvi cəhətidir. Dövlət və cəmiyyət arasında inam və etibar Azərbaycanın möhkəm təməllər üzərində gələcək inkişafının əsas amilləridir.
Cənab Aslanov bildirmişdir ki, Azərbaycan tarixinin mahiyyətindən irəli gələn səciyyəvi cəhətlərin nəzərə alınması yeni inkişaf strategiyasının uğurla həyata keçirilməsini və gələcək çağırışların aradan qaldırılmasını şərtləndirir.
Azərbaycanın həm Avropa, həm də Asiya dövlətləri ilə əlaqələrini inkişaf etdirdiyini söyləyən Elnur Aslanov demişdir ki, "Şərq tərəfdaşlığı” proqramının fəal iştirakçısı olmaqla, ölkəmiz Aİ-nin etibarlı enerji tərəfdaşıdır. Həmçinin, yeni yaradıcı və intellektual təbəqənin formalaşmasının əsas zəmini kimi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbulu mühüm əhəmiyyət kəsb edir.
Sonra rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Biliklərə əsaslanan dövlət quruculuğu” mövzusunda məruzə ilə çıxış etmişdir. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafın əsas istiqamətlərindən danışan E.Vəlizadə bildirmişdir ki, 2000-ci ildə BMT-nin Minilliyin sammitinin qərar və tövsiyələrindən irəli gələrək Azərbaycan informasiya cəmiyyətinə keçidi başlıca hədəf kimi müəyyənləşdirən Milli Strategiyanı işləyib hazırlayan ilk dövlətlərdən biri olmuşdur. Nazir müavini qeyd etmişdir ki, ölkəmizdə elektron hökumətin formalaşdırılması dövlətin inkişaf siyasətinin tərkib hissəsidir. Qəbul edilmiş dövlət proqramları və "Elektron hökumətin formalaşdırlması üzrə Fəaliyyət Proqramı”ı bunun əyani təzahürüdür. Dövlətin informasiya cəmiyyətinin tələblərindən irəli gələrək vətəndaşlar, biznes qurumlar, ictimai təşkilatlar ilə əlaqələrində daha da şəffaf və nəzarətli olması, sadə və münasib üsüllarla münasibətlərin təşkilinin təmin edilməsi üçün geniş şəkildə elektron xidmətlərin tətbiq edilməsi həyata keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınların cəmiyyətdə və iqtisadiyyatda bərabər tərəfdaşlığı” mövzusunda məruzə ilə çıxış etmişdir. Komitə sədri bildirmişdir ki, Azərbaycanda aparılan uğurlu gender siyasətinin nəticəsində qadınların öz potensialını reallaşdırmaları, ictimai-siyasi həyatda daha fəal olmaları üçün geniş zəmin yaranmışdır. Müasir Azərbaycanda qadınların hakimiyyət orqanlarında iştirakı getdikcə daha da artır. Təsadüfi deyildir ki, parlamentdə qadın deputatların təmsilçiliyi ötən çağırışla müqayisədə 14 nəfərdən 20 nəfərə qədər yüksəlmiş, bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 26,5 faizə çatmışdır.
H.Hüseynova demişdir ki, Azərbaycanda qadın siyasətinin uğurları beynəlxalq müstəvidə də çox yüksək qiymətləndirilir.
"Növbəti nəslin profili - gənclər Azərbaycanın gələcəyi üçün” mövzusunda məruzə ilə çıxış edən gənclər və idman naziri Azad Rəhimov son 20 ildə gənclər təşkilatlarının ictimai-siyasi fəaliyyətdə əldə etdiyi uğurlardan danışmışdır. Gənclərimizin bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini vurğulayan nazir idman sahəsində də əldə olunan müvəffəqiyyətlərdən bəhs etmişdir. Azərbaycanın idman ölkəsinə çevrildiyini deyən nazir beynəlxalq yarışlarda idmançılarımızın yüksək nailiyyətlər qazanmasının dövlətin onlara göstərdiyi diqqət və qayğının bəhrəsi olduğunu vurğulamışdır. Həmçinin, nazir hazırda ölkənin 31,2% və ya təxminən 2 milyon 800 min nəfərin gənc olduğunu bildirmişdir.
"Çoxşaxəli iqtisadiyyatda məhsuldar aqrobiznes” mövzusunda məruzə ilə çıxış edən Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov milli iqtisadiyyatın formalaşdırılması və dünya iqtisadiyyatına sürətli inteqrasiyasından, eləcə də Azərbaycan iqtisadiyyatının inkişafında xüsusi yeri olan aqrar sahəyə göstərilən dövlət dəstəyindən danışmışdır. Azərbaycanda ərzaq təhlükəsizliyi riskinin olmadığını vurğulayan A.Əmiraslanov, əksinə, ölkəmizdə geniş ixrac imkanlarının mövcudluğunu diqqətə çatdırmışdır. Şöbə müdiri qeyd etmişdir ki, Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin istiqamətlərinin çoxşaxəliliyi, istehsalçıların torpaq vergisindən başqa bütün vergilərdən azad edilməsi, aqrar sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi, güzəştli kreditlərin verilməsi, subsidiyalaşma siyasəti və aqrolizinqin genişləndirilməsi aqrar sektorun inkişafının prioritet sahələrdən biri olmasının bariz nümunəsidir.
"Çağırışlara cavab” adlı sonuncu bölmə iclasında "Artımın və ətraf mühitin mühafizəsinin balanslaşdırılması” mövzusunda məruzə ilə çıxış edən Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ötən 20 ildə ətraf mühitin qorunması istiqamətində görülən işlərdən söz açmışdır. Nazir bildirmişdir ki, Azərbaycanda son 20 ildə atmosferə atılan karbon birləşmələrinin həcmi iki dəfə azalmışdır.
(Shekil 109)BMT-nin İnkişaf Proqramının MDB və Avropa üzrə Regional Bürosunun baş iqtisadçısı Ben Sley "Qloballaşma və rəqabətli iqtisadiyyat şəraitində iş yerlərinin yaradılması” mövzusunda məruzəsində Azərbaycanda son 20 il ərzində sürətli və davamlı iqtisadi inkişafın, məşğulluğun artırılması, əmək məhsuldarlığının yüksəlməsi, sosial təhlükəsizliyin, müavinətlərin ödənilməsi sayəsində yoxsulluğun azaldılmasını yüksək qiymətləndirmişdir.
"Turizm - şaxələndirmənin aparıcı qüvvəsidir” mövzusunda məruzə edən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Mahir Qəhrəmanov ölkəmizdə son illərdə turizm sahəsinin sürətlə inkişaf etdiyini vurğulamışdır. "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2010-2014-cü illər üçün Dövlət Proqramı” ölkəmizdə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm müəssisələrinin yaradılması, bu sahəyə yerli və xarici investorların cəlb edilməsi turizm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə imkan yaratmışdır.
SAM-ın aparıcı elmi işçisi Vüsal Qasımlı "Azərbaycanın çoxşaxəli iqtisadiyyatına aparan yollar” mövzusunda məruzəsində bildirmişdir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də payı 2009-cu ildəki 47%-dən 2015-ci ildə 61,3%-ə yüksələcəkdir. Diqqətə çatdırılmışdır ki, qravitasiya modelinin nəticələrinə görə Azərbaycan Dünya Ticarət Təşkilatına qəbul olunduqdan sonra ixrac həcmini 80 faiz artıracaqdır. Qravitasiya modeli gələcək 10 ildə ÜDM-i iki dəfə artırmaqla bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsdləri təsdiq edir. 



 

: 911