| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Nabukko” layihəsinin hazırkı mərhələsi və onun Macarıstanın qaz təchizatı prosesində təhlükəsizliyin artırılmasındakı rolu

2009-10-06 17:34:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində 06 oktyabr 2009-cu il tarixində növbəti dəyirmi masa keçirilmişdir. Tədbir "Nabukko layihəsinin hazırkı mərhələsi və onun Macarıstanın qaz təchizatı prosesində təhlükəsizliyin artırılmasındakı rolu” mövzusuna həsr olunmuşdur. Mövzu üzrə məruzəçi qismində Macarıstan dövlətinin "Nabukko” layihəsi ilə bağlı xüsusi səlahiyyətli səfiri Mixay Bayer çıxış etmişdir.

Strateji Araşdırmalar Mərkəzinın direktoru Elxan Nuriyev "Dəyirmi masa”nı giriş sözü ilə açaraq, səfir M.Bayerin diplomatik fəaliyyəti, eləcə də hazırda dünya analitiklərinin gündəmində olan "Nabukko” layihəsi, Azərbaycan dövlətinin bu layihəyə münasibəti və mövqeyi barədə qısa məlumat verdi.

Daha sonra Elxan Nuriyev layihənin beynəlxalq səviyyədə reallaşdırılmasının gedişatı, maliyyələşdirilməsinin hazırda hansı mərhələdə olması, təchizat, tranzit və maliyyə qaynaqları ilə bağlı iştirakçıları tanış etmək üçün sözü səfir M.Bayerə verdi. Öz növbəsində səfir çıxışına başlayaraq qeyd etdi ki, müzakirə həm də canlı əyani vasitələrin nümayişi ilə edilən təqdimatla müşayiət olunacaqdır.

Mixay Bayer ilk əvvəl, Avropanın öz istehlakçılarını zəruri miqdarda enerji ilə təmin edə bilmədiyi və illik istehlakın 80%-ni başqa ölkələrdən idxal etdiyi üçün enerji təchizatı mənbələrinin diversifikasiyasına ehtiyac duyduğunu iştirakçıların diqqətinə çatdıraraq vurğuladı: "2017-ci ildə idxalın həcmi 93%-ə çata bilər. "Nabukko” layihəsi məhz bu baxımdan bir nömrəli prioritet hədəflərdəndir”.

M.Bayer daha sonra bildirdi ki, layihə siyasi deyil, kommersiya xarakterli olduğundan, enerji daşıyıcılarının Avropaya çatdırılması üçün digər regional layihələrə nəinki mane olmayacaq, əksinə, onların stimullaşdırılmasına xidmət edəcəkdir. Onun sözlərinə görə, ilkin mərhələdə layihənin maliyyələşdirilməsi ilə bağlı problem yaranmayacaq. Artıq Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı layihəyə maraq göstərmiş və onun maliyyələşdirilməsində iştirak edəcəklər.

Azərbaycanın "Nabukko” layihəsində rolundan danışan səfir Bayer bildirdi ki, "Azərbaycan Avropa üçün etibarlı qaz tədarükçüsü kimi strateji tərəfdaş olacaqdır. "Nabukko" layihəsi Azərbaycana əhəmiyyətli dərəcədə iqtisadi fayda gətirəcək”.

M.Bayer dəyirmi masa iştirakçılarının Nabukko layihəsinin gerçəkləşdirilməsi yönündə qlobal və regional güclərin enerji siyasəti, Avropa Birliyinin bu sahədə enerji diplomatiyası və s. barədə çoxsaylı suallarını cavablandırdı.

O cümlədən, Türkiyə ilə münasibətləri normallaşacağı təqdirdə, Ermənistanın layihədə iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandıran M.Bayer bildirdi ki: ""Nabukko” layihəsinin konsepsiyası artıq formalaşdırılıb və dəyişdirilməyəcək. Qaz kəməri istənilən halda Türkiyədən keçəcək. Düşünmürəm ki, konsepsiya dəyişdirilsin və qaz kəməri Ermənistandan, yaxud Gürcüstandan keçsin”.

Tədbirin sonunda səfir M.Bayer tədbirdən çox məmnun qaldığını bildirərək, Mərkəzin rəhbəri cənab Elxan Nuriyevə öz dərin təşəkkürünü bildirdi.




 

: 49