| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

NATO-nun yeni Strateji Konsepsiyasına Rumıniyanın baxışı

2010-04-09 17:11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində 9 aprel 2010-cu il tarixində xüsusi layihə üzrə Azərbaycanda diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşlər çərçivəsində Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyinin rəhbəri cənab Nikolae Ureke ilə görüş keçirilmişdir.

"NATO-nun yeni Strateji Konsepsiyasına Rumıniyanın baxışı” mövzusuna həsr olunmuş görüşün əvvəlində cənab Nikolae Ureke bu cür tədbirə dəvət olunduğu üçün Mərkəzin rəhbəri Elxan Nuriyevə öz dərin təşəkkürünü bildirdi və Azərbaycan-Rumıniya arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri haqqında danışaraq, bildirdi ki, ikitərəfli əlaqələr sürətlə inkişaf edir və yüksək səviyyədədir. Tədbirdə millət vəkilləri, XİN-nin məsul əməkdaşları, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər, eləcə də SAM-ın əməkdaşları iştirak etmişlər.

"NATO-nun yeni Strateji Konsepsiyasına Rumıniyanın baxışı” mövzusunda məruzə ilə çıxış edən səfir Nikolae Ureke Azərbaycanın antiterror əməliyyatlarında fəal iştirakına, geostrateji mövqeyinə və enerji təhlükəsizliyi probleminin həlli üçün potensialına görə NATO üçün əhəmiyyətli ölkə olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, həmçinin NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlığı, əsasən, "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", həmçinin, "Planlaşdırma prosesi və analiz" proqramları əsasında həyata keçirildiyini bildirdi.

Tədbirdə həmçinin 2008-ci ilin avqust ayında Gürcüstanda baş verən hadisələr, NATO və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq perspektivləri, NATO-Rusiya münasibətləri, enerji sahəsində əməkdaşlıq, terrorizmə qarşı mübarizə, beynəlxalq təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər bu kimi məsələlərə də toxunuldu.
NATO-nun yeni Strateji Konsepsiyası haqqında danışan səfir bildirdi ki, NATO strateji konsepsiyasının yenilənmə prosesi Xəzər regionu ölkələri ilə əməkdaşlığın inkişafını özündə birləşdirir və Azərbaycanın bu strategiyada xüsusi yeri var.

Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ ətrafında yeddi rayonun işğalı ilə bağlı sualı cavablandıran səfir qeyd etdi ki, Aİ kimi NATO-da Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir. NATO-nun bu məsələyə dair mövqeyi barəsində danışan cənab Nikolaye Urke bildirdi ki, NATO-nun münaqişə ilə bağlı mövqeyi hər iki tərəfə balansla yanaşmadan ibarətdir. O, vurğuladı ki, dondurulmuş münaqişələr heç kimə lazım deyil.

"Nabucco” layihəsi barədə suala cavab verən səfir qeyd etdi ki, "Nabucco" alternativ qaz mənbəyi kimi çox əhəmiyyətlidir və Rumıniya onun gələcəyinə nikbin baxır. Bununla belə, səfirin sözlərinə görə, bu layihənin maliyyələşdirilməsi onun reallaşmasında ciddi problemdir. Eyni zamanda bir neçə bank layihəni maliyyələşdirmək istəyində olduğunu bəyan edib.


 

: 399