| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"SAM Review" nəşrinin növbəti sayı "Dövlət-Özəl Əməkdaşlığı. Asiyadan baxış: Azərbaycan üçün tövsiyələr" adlanır

2017-03-07 05:03:56

2016-cı ilin əvvəlində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) «Dövlət-Özəl Əməkdaşlığı. Asiyadan baxış: Azərbaycan üçün tövsiyələr» mövzusunda layihənin icrasına başlamışdır.


SAM-ın elmi işçisi Mahir Hümbətovun əsas elmi araşdırmalar mövzusu olan, həmçinin   Hindistandan olan və SAM-da qonaq elmi işçi qismində fəaliyyət gösətərən, Paris Beynəlxalq Münasibətlər Universitetinin Beynəlxalq iqtisadi əlaqələr üzrə magistr tələbəsi Nikita Sinqlanın birgə tədqiqat işində Yaponiya, Çin, Hindistan, Koreya, Malayziya və digər inkişaf etmiş və inkişaf etməkdə olan Asiya ölkələri nümunəsində milli iqtisadiyyatın dövlət və özəl sektorları arasında tərəfdaşlıq münasibətləri və bu əməkdaşlığın müsbət təcrübəsi öyrənilmişdir. Azərbaycanda bu mövzuda ilk tədqiqat işi olan layihənin icrası zamanı həmin qarşılıqlı fəaliyyəti tənzimləyən yerli normativ - hüquqi bazalar, birgə infrastruktur layihələrinin maliyyələşdirilməsi yolları, dövlət şirkətlərinin idarə olunması təcrübəsi, bu ölkələrdə özəlləşdirmə prosesi, həmçinin hər iki sektorun əməkdaşlığı nəticəsində əldə edilmiş iqtisadi nailiyyətlər, yaranan problem və çətinliklərin səbəbləri araşdırılmışdır.


Qeyd etmək lazımdır ki, bu ölkələrin tədqiqat obyekti kimi seçimində bir sıra mühüm amillər – bu tipli əməkdaşlıq formasının tətbiqi metodologiyası, həmin dövlətlərdə iqtisadiyyatın idarə olunması prinsipləri, coğrafi mövqe, özəl sektorun inkişaf tempi, maliyyə sistemi və s. kimi xarakterik xüsusiyyətlərin Azərbaycan Respublikasındakı analoji göstəricilərə yaxınlığı, bu dövlətlərin iqtisadi strategiyası, xarici investisiyaların cəlb olunmasına yönəlik siyasəti, monitorinq qaydaları və s. nəzərə alınmışdır. Bundan başqa, dövlət və özəl sektorlar arasında tərəfdaşlığın tip və tətbiq mexanizmləri, onların üstün və zəif cəhətləri, dövlət şirkətlərinin idarə edilməsində özəl sektorun iştirakı, beynəlxalq maliyyə institutlarının neoliberal mövqeyinin möhkəmlənməsi nəticəsində adı çəkilən ölkələrdə milli iqtisadiyyatda dövlət sektorunun rolunun azaldılması və s. məsələlərə də toxunulmuşdur. Tədqiqatçılar əldə olunan nəticələrin müqayisəli təhlilini aparmış, bu təcrübənin Azərbaycanda tətbiqinin yerli iqtisadiyyatın inkişafına təsiri ilə bağlı proqnoz və tövsiyələr təqdim etmişlər. Bununla yanaşı, Dövlət-Özəl Əməkdaşlığın Azərbaycanda mövcud vəziyyəti, çatışmayan tərəfləri və üstünlükləri, iqtisadiyyatın hansı sahələrinin bu prinsiplərə cəlb olunması kimi məsələlər də araşdırılmışdır. Neft qiymətlərinin aşağı həddə olduğu və qeyri-neft sektorunun inkişaf etdirilməsinin hədəf qoyulduğu bir dövrdə Dövlət-Özəl Əməkdaşlığının ölkəmizdə səmərəli tədbiqi və bunun uçun əlverişli mühitin formalaşması kimi mövzular tətqiqat işində öz əksini tapmışdır. 


SAM Review PPP.pdf

 


 

 




 

: 1195