| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İnsan İnkişafı hesabatları və Azərbaycan

2011-07-14 12:34:00

Dünya praktikasında əhalinin rifah səviyyəsinin qiymətləndirilməsi üçün iqtisadi və sosial nailiyyətlərə əsaslanan müxtəlif göstəricilər arasında İnsan İnkişafı İndeksi (İİİ) özünəməxsus bir yer tutur. Pakistanlı iqtisadçı Məhbub ul Haq tərəfindən 1990-cı ildə gündəmə gətirilmiş bu indeks hələ 20 il əvvəl qərar qəbul edən şəxslərin diqqətini iqtisadiyyatdan insanların rifahı məsələsinə yönəltdi. Məhz onun rəhbərliyi altında dünya şöhrətli bir sıra iqtisadçılar (P.Striten, F.Stevart, Q.Ranis, K.Qriffin, S.Anand, M.Desai) İnsan İnkişafı Hesabatları yaratmaq ətrafında müzakirələr apardılar, lakin belə hesabatlar üçün konseptual çərçivə məhz hind iqtisadçısı, 1998-ci ildə iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Amartya Sen tərəfindən yaradıldı.

Beləliklə, 1990-cı ildən başlayaraq, BMT-nin İnkişaf Proqramı (BMTİP) dünya ölkələrində əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatları nəşr etdirir. Bu hesabatların birinci nəşri sonrakı hesabatlar üçün aparıcı prinsip olacaq bu sözlərlə başlamışdı: "Hər bir dövlətin həqiqi sərvəti onun insanlarıdır”. 20 il ərzində BMTİP-in dəstəyi, hökumətlərin resursları, o cümlədən yerli mütəxəssislərin iştirakı ilə 19 qlobal İnsan İnkişafı Hesabatları ilə yanaşı 600-ə yaxın milli İnsan İnkişafı Hesabatları hazırlanmışdır.

İnsan İnkişafı Hesabatlarının əsasını təşkil edən insan inkişafı indeksi üç göstərici əsasında formalaşır: uzun və sağlam ömür (bu doğulanda gözlənilən ömür uzunluğu əsasında hesablanır), təhsil səviyyəsi (böyüklər arasında savadlılıq (indeksin 2/3 hissəsi) və ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti (indeksin 1/3 hissəsi) əsasında hesablanır) və layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti paritetini (AQP) nəzərə almaqla ABŞ dollarında hesablanmış adambaşına düşən ümumi daxili məhsul (ÜDM). Bu göstəricidə gender, gəlir bərabərsizliyi, insan hüquqları kimi məsələlərin əks edilməməsinə baxmayaraq, o, insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsində geniş yanaşmanı təmin edir.

2009-cu ilədək BMTİP-in İnsan İnkişafı Hesabatlarında müqayisə olunan ölkələr 3 kateqoriyaya bölünürdü: inkişaf etmiş (insan inkişafının yüksək səviyyədə olduğu), inkişaf etməkdə olan (insan inkişafının orta səviyyədə olduğu) və kifayət qədər inkişaf etməmiş (insan inkişafının aşağı səviyyədə olduğu) ölkələr. 2009-cu ildən etibarən isə reytinq 4 kateqoriya üzrə aparılır, yəni əvvəlki üç kateqoriyaya insan inkişafının "çox yüksək" olduğu ölkələr də daxil edilən dördüncü kateqoriya da əlavə edilmişdir.

Azərbaycan Respublikası da öz müstəqilliyini əldə etdikdən sonra insan inkişafı baxımından müqayisə edilən ölkələr sırasına daxil edildi. 1993-cü ildən başlayaraq BMTİP-in qlobal İnsan İnkişafı Hesabatlarında İİİ də daxil olmaqla müxtəlif göstəricilər əsasında hazırlanan reytinq cədvəllərində Azərbaycanın da nəticələri öz əksini tapdı. Eyni zamanda 1992-ci ilin göstəricilərinə əsaslanan Azərbaycanın ilk Milli İnsan İnkişafı Hesabatı 1995-ci ildə nəşr edildi. Ümumilikdə bu 15 il ərzində Azərbaycan üzrə doqquz milli İnsan İnkişafı Hesabatı nəşr edilmişdir.

Müstəqilliyin ilk illərində ölkənin iqtisadi çətinliklərlə, hərbi təcavüzlə, ərazilərinin işğalı və çoxsaylı qaçqın və məcburi köçkünlərin mövcudluğu problemləri ilə üzləşməsi 1991-1995-ci illərdə ÜDM-in səviyyəsinin kəskin azalmasına və nəticədə insan inkişafı indeksinin aşağı düşməsinə səbəb oldu. Məsələn, BMTİP-in 1992-ci il göstəriciləri əsasında hazırlanmış 1995-ci il qlobal İnsan İnkişafı Hesabatında Azərbaycan İnsan İnkişafı İndeksi üzrə 174 ölkə arasında 99-cu, 1995-cü il göstəriciləri əsasında hazırlanmış 1998-ci il qlobal İnsan İnkişafı Hesabatında isə 174 ölkə arasında 110-cu yeri tuturdu.
Lakin Azərbaycan hökumətinin beynəlxalq təşkilatlarla çıx əməkdaşlıq şəraitində insan inkişafı istiqamətində düşünülmüş və mütəmadi tədbirlər vasitəsilə məqsədyönlü şəkildə həyata keçirdiyi fəaliyyəti nəticəsində 1997-ci ildən başlayaraq, iqtisadi inkişaf tempinin sürətlənməsi nəticəsində yoxsulluğun azaldılması, ölkənin iqtisadiyyatında əks edilən artım və adambaşına düşən ÜDM-in, eləcə də ömür uzunluğu və təhsil səviyyəsinin artması insan inkişafı göstəricisinin də səviyyəsinin ardıcıl surətdə artmasına səbəb olmuşdur. 1995-ci ildən 2010-cu ilə kimi Azərbaycanın İnsan inkişafı İndeksi 27% artaraq 0.563-dən 0.713 qədər yüksəlmişdir. BMTİP-in 2010-cu il üçün qlobal İnsan İnkişafı Hesabatına əsasən 169 ölkə arasında 67-ci yeri tutan Azərbaycan indiyə qədər aid edildiyi "orta insan inkişafı” ölkələri kateqoriyasını tərk edərək "yüksək insan inkişafı” kateqoriyasına daxil edilmişdir. Ölkəmiz 2000-2010-cu illər üzrə İnsan İnkişafı İndeksinin orta illik artım tempinin 1.77 olması ilə keçmiş Sovet İttifaqı məkanında qabaqcıl bir ölkəyə çevrilmişdir. Bu irəliləyişi daha geniş perspektivdə nümayiş etdirmək üçün onu qlobal miqyaslı iki dövlətin, yəni Çinin (1.57) və Hindistanın (1.66) eyni göstəriciləri üzrə nailiyyətləri ilə müqayisə etmək olar.
Azərbaycan əhalisinin rifahının yüksəlməsi istiqamətində əldə edilmiş bu yüksək göstəricilər ölkədə son onillik ərzində icra edilən bır sıra vacib dövlət proqramlarının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” çərçivəsində 2003-2005-ci illərdə ölkədə ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, dinamik iqtisadi artımın davamlılığı və eləcə də inflyasiya və milli valyutanın məzənnəsi məqbul səviyyədə saxlanılması təmin edilmişdir . Əhalinin rifah halını yaxşılaşdırmaq və ölkənin iqtisadi və sosial həyatındakı müsbət meylləri davam etdirmək məqsədilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (YADİDP) icra edilməyə başlamışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2009-cu ildə yoxsulluq səviyyəsi 2003-cü ildəki 44,7%-dən 10,9%-ə enmişdir.
Eyni zamanda 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” uğurla yerinə yetirilmiş, 2009-cu ildən isə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılmışdır.
Yoxsulluğu yaradan əsas amillərdən birinin işsizlik olduğunu nəzərə alaraq və ölkənin əməkqabiliyyətli əhalisinin məşğulluğunu təmin etmək məqsədilə 2007-ci ildən "Azərbaycan Respublikasında məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)" icra edilir. Proqram çərçivəsində əmək bazarının təkmilləşdirilməsi, onun institusional inkişafı, məşğulluq sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri həyata keçirilir 2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2010-cu ilin doqquz ayı ərzində ölkədə 55983 yeni, o cümlədən 41032 daimi iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ilin IV rübündən bu günə qədər olan dövrdə ölkədə 895873 yeni, o cümlədən 643120 daimi iş yeri açılmışdır.
Ötən müddət ərzində əhalinin sosial müdafiəsi sahəsində də müəyyən işlər görülmüşdür. 2010-cu ildən başlayaraq ölkə üzrə yaşayış minimumu 87 manat, ünvanlı sosial yardımların təyin edilməsi üçün ehtiyac meyarının həddi 65 manat məbləğində müəyyən edilmişdir3.

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, onların məşğulluq səviyyəsinin ölkə üzrə orta məşğulluq səviyyəsinə çatdırılması istiqamətində "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" çərçivəsində mütəmadi olaraq bir sıra tədbirlər həyata keçirilməkdədir. 2010-cu ilin birinci yarım ilində Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmış və 70 məcburi köçkün ailəsi mənzillə təmin edilmişdir. Bir sıra rayonlarda da (Ağdam, Qəbələ, Goranboy, Mingəçevir, Ağcabədi) məskunlaşmış məcburi köşkün ailələri üçün yaşayış binalarının tikintisinə başlanılmışdır.

 2010-cu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 30 məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 582 min manat güzəştli kredit vəsaiti ayrılmış və bu layihələr hesabına 543 məcburi köçkünün işlə təmin olunması nəzərdə tutulmuşdur4 .
Qeyd edildiyi kimi, İnsan İnkişafı İndeksinin səviyyəsinə təsir edən faktorlar arasında səhiyyə və təhsil ilə bağlı göstəricilər də mühüm rol oynayır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2003-2009-cu illərdə Azərbaycanda 303567 ümumtəhsil məktəblərində əlavə şagird yeri, məktəbəqədər uşaq müəssisələrində 6935 yeni yer açılmışdır. Həmin illər ərzində xəstəxanalarda 3039 yeni çarpayı, ambulatoriya-poliklinika müəssisələrində 4401 əlavə qəbul yerləri açılmışdır. Görülən tədbirlər nəticəsində ölkədə əhalinin doğulanda gözlənilən ömür uzunluğu göstəricisi 2003-cü ildən 1,7 faiz artaraq 2009-cu ildə 73,5 yaş olmuşdur. Bu göstərici kişilər üçün 70,9 yaş, qadınlar üçün isə 76,1 yaş təşkil edir.

 Beləliklə, Azərbaycan Respublikasında əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətindəki məqsədyönlü dövlət siyasəti nəticəsində insanların şəxsi inkişafı üçün yaradılan imkanlar Azərbaycanın gələcəkdə də insan inkişafına aparan yolda daha böyük nailiyyətlər əldə etməsinə ümid verir.
 

1. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", fəsil 1, səh.1
http://w1.economy.gov.az/index.php?option=com_content&view=article&id=34...
2. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı" haqqında. Dövlət Proqramının icrasına dair arayış. http://w1.economy.gov.az/index.php?option=com_content&view=article&id=34...
3. Yenə orada
4. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" haqqında. Dövlət Proqramının icrasına dair arayış. http://w1.economy.gov.az/index.php?option=com_content&view=article&id=34...



 

: 1046