| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Parisdə “Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

2012-04-14 01:52:00

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) beynəlxalq əlaqələrini genişləndirir. Hazırda dünyanın bir sıra ölkələrdəki analoji qurumlarla qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə səmərəli birgə tədqiqat işləri aparılır.

2012-ci ilin aprel ayının 13-də Parisdəki Fransa Beynəlxalq Münasibətlər İnstitutunda (İFRİ) "Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın rolu" mövzusunda keçirilmiş beynəlxalq konfrans belə layihələrdəndir. Aprel ayının 12-də SAM və İFRİ arasında imzalanmış Əməkdaşlıq haqqında Saziş çərçivəsində həyata keçirilmiş bu ilk tədbir Fransanın 90-a qədər müxtəlif hökumət qurumlarının təmsilçilərini, ekspertlərini, iş adamlarını bir araya gətirdi. Tədbir İFRİ-nin Enerji Mərkəzinin Direktoru Maite Jorji-Nodənin,  Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) Fransadakı ofisinin rəhbəri Eliza Piterin və SAM-ın Direktor müavini Gülşən Paşayevanın giriş sözləri ilə açıldı. Qaz təchizatının diversifikasiyasının Avropa İttifaqı ölkələri üçün mühüm əhəmiyyət daşıdığını qeyd edən natiqlər, bu baxımdan Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın rolunun əhəmiyyətini vurğuladılar.

Daha sonra TOTAL SA Azərbaycan şirkətinin vitse prezidenti Natali Komatitşin, IFRI-nin Enerji Mərkəzinin tədqiqatçısı Laura Parmigianinin, Edison SpA şirkətinin beynəlxalq qaz infrastrukturları bölməsinin rəhbəri Elio Ruccerinin, SAM-ın tədqiqatçısı Gülmirə Rzayevanın, Moskvada Dövlət Energetika Fondunun baş direktoru Konstantin Simonovun məruzələri dinlənildi. "Şahdəniz” yatağının ikinci mərhələsinin istismarı dövründə Trans-Anadolu Qaz Kəməri (TANAP) və "Nabucco”nun müxtəlif yarımlayihələri də daxil olmaqla Azərbaycandan başlayan və yaxud keçən müxtəlif qaz kəməri layihələri ətrafında səmərəli fikir mübadiləsi aparıldi,  Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verə biləcəyi töhfələr ekspertlər tərəfindən qiymətləndirildi.

Səfər çərçivəsində SAM-ın Direktor müavini G.Paşayeva Parisdəki Beynəlxalq Risklərin Təhlili və Proqnozlaşdırılması Mərkəzininin (CAPRİ) direktoru Aleksis Bautzman və Beynəlxalq və Strateji Əlaqələr İnstitutunun (İRİS) nəşrlər üzrə direktoru Didye Bilyon ilə görüşmüşdür.

SAM və İFRİ arasında Əməkdaşlıq üzrə Sazişin imzalanma mərasimində və IFRI-də keçirilmiş konfransda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirak etmişdir.



 

: 393