| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İqlim dəyişikliyi və Geniş Qara Dəniz regionunda bərpa olunan enerji mənbələri

2011-07-09 12:55:00

8 iyul 2011-ci il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi (Yunanıstan) "Yunanıstan-Azərbaycan Yaşıl Enerji Oxu” Forumu çərçivəsində "İqlim dəyişikliyi və Geniş Qara Dəniz regionunda bərpa olunan enerji mənbələri” adlı dəyirmi masa keçirmişdir.

Tədbiri giriş sözü illə Strateji Araşdırmalar Mərkəzinin direktor müavini, xanım Gülşən Paşayeva açmışdır. O, bildirmişdir ki, iqlim dəyişikliyinə və alternativ energetikanın inkişafına dair çağırışlar dünyada müzakirə mövzusuna çevrilib: "Bu çağırışlara effektiv cavab vermək üçün, dövlətlər və beynəlxalq təşkilatlar öz imkanlarını səfərbər etməlidirər.” Həmçinin, o, vurğulamışdır ki, Azərbaycan hökuməti alternativ energetikanın inkişafı üçün lazım olan şəraiti daim təkmilləşdirməkdə davam edir. Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin baş direktoru, xanım Zefi Dimadama, öz növbəsində, qeyd etmişdir ki, iqlimin dəyişməsi Geniş Qara Dəniz regionu üçün çox önəmli məsələdir və iqlim dəyişikliyinə dair çağırışlara cavab vermək üçün regionun ölkələri birgə işləməlidirlər. Tədbirin açılışında, Yunanıstanın Azərbaycandakı səfiri, cənab İoannis Metaksas, iştirak edərək ölkəsinin bu sahədə əldə etdiyi nəticələr haqqında dəyirmi masa iştirakçılarına məlumat vermişdir.

Dəyirmi masanın birinci paneli bərpa olunan enerji mənbələri üzrə əsas çağırışlara dair adaptasiya strategiyasına həsr olunmuşdur. Bu paneldə məruzə edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, cənab Hüseynqulu Bağırov qeyd etmişdir ki, iqlim dəyişmələri artıq baş vermiş faktdır. Onun sözlərinə görə, atmosferdə istilik effekti yaradan qazların konsentrasiyası və günəş radiasiyasının dəyişməsi iqlim sistemində enerji balansının dəyişməsinə səbəb olur: "İqlim dəyişmələrini təsirinə adaptasiya zamanı alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi əhəmiyyətli məsələdir.” Həmçinin, nazir bildirdi ki, Azərbaycan müxtəlif alternativ enerji mənbələrindən istidadə imkanına malik olan ölkədir və onların istifadəsi hazırda hökumətinin prioritet istiqamətlərindən biridir.

Zefi Dimadama öz məruzəsində dedi ki, yaşıl eneji sahəsini inkişaf etdirmək üçün, Geniş Qara Dəniz regionuna daxil olan ölkələr daxili islahatlar aparmalıdırlar və bunun üçün onlara Avropa İttifaqı ilə əməkdaşlıq tövsiyə olunur. Onun fikrincə, ətraf mühitlə bağlı islahatların səmərəliyi artırmaq üçün, dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları və bütövlükdə vətəndaş cəmiyyəti bu prosesdə iştirak etməlidir.

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyin direktoru, Akim Bədəlov, məruzə edərək, bildirmişdir ki, hazırda Azərbaycanda 2020-ci ilədək Alternativ enerjinin strateji inkişafı üzrə dövlət proqramı hazırlanır. Həmçinin, o, qeyd etmişdir ki, onun rəhbərlik etdiyi qurum alternativ enerji sektorunda hüquqi bazanın təkmilləşdirməsinin üzərində çalışır.

Birinci panelin sonunda, Qafqaz Universitetin kafedra müdiri, Rövşən İbrahimov çıxış etmişdir. O, bildirmişdi ki, iqlim dəyişməsinin təsirini azaltmaq üçün alternativ enerji mənbələrinin rolu əvəzolunmazdır.

İkinci paneldə iqlim dəyişikliyinə adaptasiya olunmaq üçün iqtisadi resursların mobilizasiya imkanları müzakirə olunmuşdur. Azərbaycanda BMT İnkişaf Proqramının direktor müavini, Nato Alhazişvili öz məruzəsində qeyd etmişdir ki, Azərbaycanda son on il ərzində orta hava temperaturu 0,41oC artmışdır və daha 1,5oC artması gözlənilir. Hava temperaturunun yüksəlməsi daşqınların sayının çoxalmasına və əhalinin ürək-damar xəstəliklərinə həssaslığının artmasına səbəb olur. Xanım Alhazişvilinin sözlərinə görə iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün, dövlət adaptasiya siyasəti yürütməlidir.

Ekoenergetika Akademiyasının prezidenti, Fəğan Əliyev məruzəsində bildirmişdir ki, yaşıl energetikanı inkişaf etdirmək uçun müvafiq beynəlxalq siyasi arxitektura, ölkə daxili siyasi təşəbbüs və fiskal stimul olmalıdır. Məruzəçi təklif edib ki, Azərbaycanda alternativ enerji sektorunu inkişaf etdirmək üçün hüquqi baza beynəlxalq standartlara uyğunlaşdırılmalı, yeni maliyyə təşəbbüsləri tətbiq edilməli, xarici investisiyalar cəlb olunmalı və beynəlxalq qurumlarla bu sahədə əməkdaşlıq davam etdirilməlidir.


Sonda, Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti, cənab Ramiz Rəhmanov çıxış etdi. O, öz məruzəsində qeyd etmişdir ki, alternativ enerji sektorunu inkişaf etdirmək üçün, Azərbaycanda əlverişli təbii şərait, siyasi iradə, ilkin stimul alətləri və geniş maliyyə resursları var. Rəhmanovun fikrinə görə, alternativ enerji mənbələrinin daha sürətli inkişafı üçün, Azərbaycanın hökuməti alternativ enerji sektoru üçün maliyyə fondu yaratmalı və vergi imtiyazları tətbiq etməlidir.


 

: 908