| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Qlobal enerji təhlükəsizliyi və alternativ enerji mənbələri

2009-12-24 17:45:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində 24 dekabr 2009-cu il tarixində müzakirəli görüş keçirilmişdir. Tədbir "Qlobal enerji təhlükəsizliyi və alternativ enerji mənbələri” mövzusuna həsr olunmuşdur. Mövzu üzrə məruzəçi qismində Rusiya Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin İqtisadi Strategiyalar İnstitutunun təsisçisi və baş direktoru Aleksandr Ageyev təqdimatla çıxış etmişdir.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev tədbiri giriş sözü ilə açaraq, cənab Aleksandr Ageyevin elmi fəaliyyətinin əsas istiqamətləri ilə iştirakçıları tanış etdi, məruzəçinin korporativ, regional və dövlət səviyyələrində strateji idarəetmə, proqnozlaşdırma, innovasiya strategiyaları, menecment və investisiyaların beynəlxalq standartları və s. sahələr üzrə mütəxəssis kimi tanındığını, Rusiyanın bir sıra tanınmış ali məktəblərinin və Böyük Britaniyanın Kinqston Biznes Məktəbinin məzunu olduğunu, ABŞ və Cənubi Koreyada təcrübə keçdiyini qeyd etdi.

Sonra Elxan Nuriyev müasir dünyada ənənəvi və alternativ enerji məsələlərinin prioritetliyinin diqqət mərkəzində olduğu, Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi layihələr barədə qısa məlumat verərək Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması haqqında Azərbaycan Prezidentinin imzaladığı 16 iyul 2009-cu il sərəncamını xüsusi vurğuladı. Elxan Nuriyev qeyd etdi ki, A.Ageyevin ölkəmizə səfərində əsas məqsəd, qlobal enerji təhlükəsizliyi, alternativ enerji mənbələrinin yaradılması və inkişafı sahəsində fikirlərini və təcrübəsini Azərbaycanla bölüşməkdir.

SAM-ın konfrans zalında təşkil edilən və maraqlı müzakirələrlə müşayiət olunan tədbirdə Mərkəzin əməkdaşları, elm və təhsil sahəsinin təmsilçiləri, QHT nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak etmişlər. A.Ageyev təqdimat gedişində verdiyi məlumata görə, neft, qaz və kömür kimi mənbələrə əsaslanan ənənəvi enerji bazarı 2030-cu ilə qədər inkişaf edəcəkdir. Lakin tədricən hidrogen, külək və günəş kimi alternativ enerji mənbələrinin rolu artacaqdır. 2015-ci ildə artıq alternativ enerji mənbələrinin tətbiqi barəsində düşünmək olar. Lakin yaxın illər ərzində dünya enerji kompleksi sistemində alternativ enerji mənbələri elə də əhəmiyyətli yer tutmayacaqlar.

Qonaq bildirib ki, dünya enerjiyə qənaət sahəsində müşahidə olunan tendensiyalar tətbiqi sahəsində Azərbaycan Rusiya kimi 3-8 il gecikə bilər. A.Ageyevin sözlərinə görə, Rusiyada bu proses hazırda da müşahidə olunur: "Azərbaycanda da enerjiyə qənaət üzrə tendensiyalar bir neçə il gecikir”. Ekspertin sözlərinə görə, gələcəyin tədqiqinə dair araşdırmalara geniş yer verən Heydelberq klubunun (dünya siyasətinin və iqtisadiyyatının 147 ən tanınmış şəxsləri bu klubun üzvüdür) iclaslarının birində vurğulanıb ki, dünyada cərəyan edən proseslər tədricən nəzarətdən çıxır və artıq idarə oluna bilmir. A.Ageyev bildirib ki, alternativ enerji mənbələrinin inkişafı və tətbiqi sahəsində idarəedici orqanların böyük rolu var və gələcəkdə bu enerji mənbələri mobil rabitə, telekommunikasiya, informasiya texnologiyaları, maşınqayırma və digər sahələr üzrə fərdiləşdiriləcək.

Məruzəsində A.Ageyev dünyada Qərb və digər sivilizasiyalar arasında qlobal qarşıdurmanın yaranmasının bır sıra əsas səbəblərini qeyd etdi. Qonağın sözlərinə görə, dünya əhalisinin artımı və resursların azalması kasıb ölkələrdən Avropanın və Amerikanın zəngin ölkələrinə kütləvi mühacirətə gətirib çıxarır. Qərb dövlətlərinin isə fikrincə, mühacirətlərin axını onların ideologiyalarına və cəmiyyətlərinə təhlükə törədir.

A.Ageyev çıxışından sonra iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.






 

: 1042