| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və AMEA Coğrafiya İnstitutu birgə «Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizik kontekstində» mövzusunda beynəlxalq konfrans keçirmişdir

2014-11-25 10:33:27

Mövcud vəziyyətlə bağlı qısa arayış: Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirinsuçatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisaditəzyiqvasitəsinə çevriləcəkdir. Bu gün Yer üzündə 700 milyon insan su qıtlığından əziyyət çəkir. Əsaslı müdaxilələr olmasa, on il sonra onların sayı 3milyard nəfərə çata bilər. Belə ki, dünya əhalisinin 40%-i  iki və ya daha çox ölkənin nəzarət etdiyi transsərhəd su mənbələrindən asılıdır.BMT-ninstatistikasınagörə, təkcə son 50 il ərzində şirinsuehtiyatlarınanəzarətuğrunda 500 siyasiqarşıdurmavə 37 silahlı toqquşmabaş vermişdir. Hazırda dünya dövlətləri arasında yeni qütbləşmə tipi – su ehtiyatlarına malik olan və su çatışmazlığı ilə üzləşən dövlətlərin koalisiyalar yaratması səyləri müşahidə olunmaqdadır. BMT-nin, Avropa İqtisadi Komissiyasının və digər beynəlxalq təşkilatların transsərhəd sulardan səmərəli istifadə olunmasına dair 20-dək sənəd qəbul etmələrinə baxmayaraq, həmin konvensiyaların bir çoxu hələ də tətbiq olunmamışdır.

 

Su ehtiyatlarının təqribən 70%-i transsərhəd axarlar hesabına formalaşan Azərbaycan Respublikası həmin konvensiyalara qoşulsa da, regionun digər dövlətləri həmin beynəlxalq sənədlərin bəzilərini imzalamaqdan imtina edərək, transsərhəd axarlardan istifadəyə dair müstəqil siyasət yürütməkdədirlər. Regionda su ehtiyatlarına dair beynəlxalq hüquq normalarının hamılıqla qəbul olunmaması nəticəsində transsərhəd Kür, Araz və Alazan çaylarının sənaye və məişət tullantıları ilə çirkləndirilməsi davam etdirilir, qonşu dövlətlərlə razılaşdırılmamış qaydada çaylarda suyun həcmini azaldan hidrotexniki qurğuların tikintisi planlaşdırılır. Ermənistanın Azərbaycana axan transsərhəd çayların istiqamətini dəyişdirməsi, işğal altında olan ərazilərdəki Sərsəng su anbarından mülki əhaliyə, bölgənin ekologiyasına qarşı hidrodiversiya vasitəsi kimi istifadə etməsi niyyətləri və s. məsələnin hərbi-siyasi xarakter aldığını göstərir.

 

2014-cü il noyabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və AMEA-ın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda «Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizik kontekstində» mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbir transsərhəd sulardan və su çatışmazlığından siyasi-iqtisadi təzyiq kimi istifadənin yolverilməzliyinə, dünyada şirin su zəminində baş verən və proqnozlaşdırılan münaqişələrə, beynəlxalq hüququn fəallaşdırılmasına və bu istiqamətdə tövsiyələrin hazırlanmasına həsr olunmuşdur. Konfransda Azərbaycan alimləri və siyasətçiləri ilə yanaşı, Türkiyə, Serbiya, Misir, Gürcüstan, ABŞ, Qazaxıstan, İordaniya, Niderland və Bosniyadan gəlmiş mütəxəssislər də iştirak etmiş, onların çıxışları dinlənilmiş, səmərəli fikir mübadiləsi aparılmışdır.

 

Məruzəçilər Yaxın və Orta Şərqdə, Şimali Afrikada, Mərkəzi Asiyada və Cənubi Qafqazda su ehtiyatlarından səmərəli istifadəyə və onların qorunmasına yönəldilmiş səylərin zəruriliyini vurğulamış, onları beynəlxalq sülh və qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm amil olaraq dəyərləndirmişlər. Bildirilmişdir ki, su mənbələrinin inhisara alınması və onlardan istifadə sahəsində yol verilən israfçılıq, iqlim dəyişməsi, demoqrafik artım, geosiyasi və geoiqtisadi maraqlar, su ehtiyatlarının sürətlə siyasiləşdirilməsi onların geosiyasi təzyiq vasitəsinə çevrilməsi ilə nəticələnmişdir. Müasir dövrdə bu tendensiya qlobal və regional miqyasda getdikcə özünü daha kəskin büruzə verməkdədir. Yaranmış vəziyyət isə təkcə ayrı-ayrı dövlətlərdə deyil, bütövlükdə Yer üzündə sülh və təhlükəsizliyə, o cümlədən ekoloji təhlükəsizliyə qarşı yönəldilən ciddi təhdiddir. Eyni zamanda, bir dövlətin digərlərinə qarşı su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadəsi qətiyyətlə pislənilmiş, Ermənistanın transsərhəd su ehtiyatlarından, işğal altında olan ərazilərdəki hidrotexniki qurğulardan Azərbaycan Respublikasına qarşıhidrosiyasi təzyiq vasitəsi kimi istifadəsinə beynəlxalq hüquq müstəvisindən  qiymət verilmişdir. 

 

Konfransda o da vurğulanmışdır ki, dünyanın su ehtiyatları ümumbəşəri nemətdir, onun çirkləndirilməsi, inhisara alınması, hidrosiyasi və hidrodiversiya vasitəsi kimi istifadəsi yolverilməzdir. Tədbir iştirakçıları müasir şəraitdə su ehtiyatlarına nəzarət uğrunda artan mübarizənin, bir sıra dövlətlərin transsərhəd su mənbələrini inhisara almaq səyləri nəticəsində yeni siyasi-iqtisadi qütbləşmələrin, konfrontasiyaların, münaqişə zonalarının və hərbi-siyasi  ittifaqların yaranmasından birgə narahatlıqlarını da ifadə etmişlər. Tövsiyyə olunmuşdur ki, beynəlxalq təşkilatlar bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirməli, dünya dövlətlərinin şirin su ehtiyatları zəminində münaqişələrin qarşısının alınmasına yönəlik səyləri birləşdirilməli, eyni zamanda transsərhəd su axarlarının istifadəsinə, onların qorunmasına dair beynəlxalq prinsip və normaların bütün dünya dövlətləri tərəfindən tanınmasının və qeyd-şərtsiz icra olunmasının, transsərhəd su mənbələrinə dair beynəlxalq konvensiyalara daha çox dövlətin qoşulmasının təmin edilməsinə səy göstərməlidirlər.

 

Tədbirin sonunda Birləşmiş Millətlər Təşkilatına, onun ixtisaslaşdırılmış qurumlarına və Ümumdünya Su Şurasına ünvanlanmın Bakı Bəyannaməsi qəbul olunmuşdur.



 

: 3706