| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Qonşuluqda etimad başlıca şərtdir!

2017-12-09 06:07:40

2013-cü ilin iyun ayında Həsən Ruhaninin İran İslam Respublikasının prezidenti seçilməsindən sonra enişli-yoxuşlu yol keçmiş Azərbaycan-İran münasibətlərində həmin ərəfədə müşahidə olunan gərginlik səngidi, əlaqələrdə konstruktiv əməkdaşlıq meyli özünü göstərməyə başladı. Xüsusən Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü ilin aprelində Tehrana rəsmi səfəri, İran siyasi ekspertlərinin həmin vaxt vurğuladıqları kimi, ikitərəfli münasibətlərdə soyuqluq buzlarını əritdi, qarşılıqlı əlaqələrdə yeni səhifə açdı.


Son dörd ildə Azərbaycan-İran münasibətləri öz tarixinin ən sürətli inkişaf mərhələsini yaşamaqdadır, siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr bütün istiqamətlər üzrə genişlənməkdədir. Qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi, mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı hər iki dövlət rəhbərinin iradəsi də ortadadır. Artıq İran və Azərbaycan yalnız ikitərəfli müstəvidə deyil, regional və qlobal əhəmiyyətli layihələrdə də uğurlu əməkdaşlıq həyata keçirir.


Bu isə təbii ki, öz işğalçılıq siyasəti nəticəsində regionda həyata keçirilən bütün iri layihələrdən kənarda qalmış Ermənistanı narahat edir. Elə bu narahatlığın təzahürü olaraq, Ermənistan rəhbərliyi son dövrdə bir tərəfdən İranla əlaqələri intensivləşdirmək üçün səylər göstərir, ikitərəfli əməkdaşlıqda zahirən cəlbedici görünən, lakin reallaşması qeyri-mümkün olan ideyalar irəli sürür, digər tərəfdən də Azərbaycan-İran münasibətlərinə xələl gətirmək üçün müxtəlif vasitələrdən yararlanmağa çalışır. Təəssüf ki, İranın özündə də Azərbaycanla İran arasında bərabərhüquqlu əməkdaşlığın inkişafından qıcıqlanan dairələr vardır və onlar bu nöqtədə istər-istəməz Ermənistanın maraqlarının icraçısına çevrilərək, iki ölkə arasında mehriban münasibətlərə kölgə salan müəyyən addımlar atırlar.

  

Əlbəttə, İranla Ermənistan arasında rəsmi münasibətlər başqa bir söhbətin mövzusudur, hərçənd burada da sual doğuran məqamlar vardır. Hər halda iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri zamanı müzakirə edilən məsələlər onu göstərir ki, bu münasibətlər, heç də iddia olunduğu kimi, formal qonşuluq münasibətləri deyildir. Buna əmin olmaq üçün sadəcə cari ilin yanvar-fevral və oktyabr aylarında Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın və baş naziri Karen Karapetyanın Tehrana rəsmi səfərlərinin proqramına nəzər salmaq kifayətdir.


Lakin Ermənistan tərəfi, deyildiyi kimi, İranla əlaqələrini genişləndirmək cəhdlərində təkcə ikitərəfli münasibətlərin genişlənməsinə çalışmır, həm də məkrli anti-Azərbaycan fəaliyyətini həyata keçirir. Bunun üçün rəsmi kanalların yetərli olmadığını yaxşı anlayan Ermənistan rəhbərliyi “xalq diplomatiyası”ndan, qeyri-hökumət təşkilatlarından, media vasitələrindən, İranda yaşayan ermənilərin imkanlarından istifadə edir və İrandakı müəyyən qüvvələr də, təəssüf ki, buna şərait yaradır. Təfsilata varmadan son dövrə aid bir neçə faktın üzərində dayanmaq istərdik.


Noyabrın 15-də Tehranda İran ermənilərinə məxsus Ararat idman-mədəniyyət kompleksinin konfrans zalında “Yeni dəyişikliklər və regionun geosiyasi perspektivi” mövzusunda seminar keçirilmişdir. Tədbirin təşkilatçıları İran ermənilərinin “Hur” Tərcümə və Tədqiqat İnstitutu və İran Beynəlxalq Araşdırmalar Assosiasiyası olmuşdur. Lakin nədənsə həmin seminarda yerli ekspertlərlə yanaşı, İran ermənilərinin təmsilçiləri deyil, Ermənistandan getmiş politoloqlar (Yerevan Dövlət Universiteti Beynəlxalq münasibətlər fakültəsinin dekanı Vahram Petrosyan, Yerevan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin müəllimi Armen İsraelyan, Yerevan Dövlət Universitetinin professoru Stepan Qriqoryan və b.) məruzə etmişlər. Seminardakı panellərdən birinin “Dağlıq Qarabağda geosiyasi balans və təhlükəsizlik müəmması: coğrafiyanın strategiyaya təsiri” mövzusunda olması onlara Azərbaycan əleyhinə fikirlər səsləndirmək imkanı yaratmışdır. Üstəlik, onlardan biri (Armen İsraelyan) fürsətdən yararlanaraq, rəsmi İRNA agentliyinə müsahibə vermişdir. Beləliklə, təsisçiləri sırasında İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifin də adı olduğu İran Beynəlxalq Araşdırmalar Assosiasiyası erməni alimlərinə anti-Azərbaycan təbliğatı üçün bir növ platforma yaratmışdır. Diqqəti çəkən məqamlardan biri də odur ki, seminar barədə geniş hesabatı İranda islahatçı cinaha aid olduğu deyilən “Qanun” qəzeti dərc etmiş, İran ermənilərinin internet saytları da həmin hesabatı məhz bu qəzetə istinadla yaymışlar.


Bundan əlavə, son aylarda İranda Dağlıq Qarabağla bağlı erməni müəlliflərinin yazdığı iki kitab nəşr olunmuşdur (yada salaq ki, İranda Mədəniyyət və İslami İrşad nazirliyinin rəsmi icazəsi olmadan kitab nəşri mümkün deyildir). Bunlardan birincisi İranda yaşayan erməni müəllif İsaak Unanesyanın “Artsax (Qarabağ) məsələsi” adlı kitabı, ikincisi isə Ermənistan tədqiqatçıları Aleksandr Manasyan və Alen Qevondyan tərəfindən yazılmış və 2010-cu ildə Yerevanda nəşr edilmiş “Dağlıq Qarabağ. Necə olmuşsa...” adlı kitabın fars dilinə tərcüməsidir. Başdan-ayağa anti-Azərbaycan və anti-türk məzmunlu bu kitablar Azərbaycan əleyhinə davamlı təbliğat aparan “Azəriha” saytı tərəfindən geniş reklam edilmişdir.


Eyni zamanda oktyabrın 8-də Tehran Universitetinə bağlı Qafqaz Araşdırmaları İnstitutunda qeyd olunan birinci kitabın təqdimatı keçirilmişdir. İran parlamentinin deputatı Karen Xanlaryanın da iştirak etdiyi həmin mərasimdə Tehran Universitetinin Əli Əlibabayi və Kavə Bayat kimi professorları Qarabağın Ermənistana məxsus olduğunu bəyan etmiş, Xocalı faciəsi barədə erməni yalanlarını təkrarlamışlar.


Bütün bu prosesin sanki kulminasiyası olaraq, dekabrın 2-də İranın nüfuzlu “Şərq” qəzetində qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Masis Mailyanla geniş müsahibə dərc edilmişdir. Müsahibəyə yazılmış girişdə qondarma qurum “geosiyasi gerçəklik” kimi təqdim olunmuş, onun İranla 138 kilometrlik müştərək sərhədə malik olduğu bildirilmişdir. Masis Mailyan da bu fürsətdən istifadə edərək, müsahibə zamanı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını təkrarlamış, Azərbaycanı sülh prosesinə zərbə vurmaqda ittiham etmişdir. Bu müsahibəni dərc etməklə “Şərq” qəzeti, necə deyərlər, əndazəni o qədər aşmışdır ki, ölkənin hətta Azərbaycana rəğbət bəsləməyən media orqanları belə ona etiraz ifadə edən məqalə və müsahibələr yaymışlar.


İranın bəzi media vasitələrinin erməni yalanlarını tirajlaması ilə bağlı faktlar bununla bitmir. Təqribən bir həftə öncə yuxarıda adı keçən “Qanun” qəzeti “Ermənistan və Dağlıq Qarabağdakı İran məscidlərinin (?!) vəziyyəti” adlı geniş hesabat dərc etmişdir. Həmin hesabat olduğu kimi “Azəriha” portalında və onun Azərbaycan dilinə müxtəsər tərcüməsi “Badkubeh” saytında yayılmışdır. Hesabatda işğal olunmuş ərazilərdə “məscidlərin dağıdılması barədə Azərbaycanın apardığı təbliğatın” həqiqəti əks etdirmədiyi bildirilir, “Dağlıq Qarabağ hökumətinin Şuşa və Ağdam məscidlərinə heç bir zərər vurmadığı, əksinə, onların təmirinə böyük məbləğdə maliyyə vəsaiti sərf etdiyi” iddia olunur. O da iddia olunur ki, “hüquqi baxımdan Ağdam və Şuşadakı İran məscidlərinin Azərbaycan Respublikası ilə çox cüzi əlaqəsi var; bu məscidlər iranlıların Qafqazda, xüsusilə də Şuşadakı yadigarıdır”.


Göründüyü kimi, hesabat müəllifləri erməni yalanlarının tam təsiri altındadırlar, eyni zamanda Qarabağdakı məscidləri “iranlı” kimi təqdim etməklə, İranın “özəl sektoruna” aid qurumun onların təmirində iştirakına bəraət qazandırmağa can atırlar. Lakin istənilən halda ortaya bəzi suallar çıxır. Əvvəla, məscid müsəlmanlar üçündür, orada etnik mənsubiyyət əhəmiyyət kəsb etmir, odur ki, məscidi bu şəkildə təqdim etmək gülünc deyilmi?. İkincisi, məscidləri tikdirən şəxslər kimi hesabatda adları keçən Pənah xan, İbrahim xan, onun qızı Gövhər ağa azərbaycanlı deyildilərmi? Nəhayət, Ağdam məscidinin tikildiyi 1868-1870-ci illərdə (bu tarix hesabatda qeyd olunur) həmin ərazi İranın tərkibində idimi? Hesabat müəllifləri təbii ki, bu suallar üzərində düşünməmişlər.


Bəllidir ki, son illər Azərbaycanla İran arasında turizm əlaqələri də sürətlə inkişaf edir. Məlumatlara görə, “Asan-viza” sistemi vasitəsilə viza alan xarici vətəndaşlar içərisində iranlılar birinci yeri tutur. Bu proses təbii ki, işğalçı rejimi ciddi narahat edir və o, iranlı turistləri işğal olunmuş ərazilərə cəlb etmək üçün bütün vasitələrə əl atır, o cümlədən, İran mediasının imkanlarından yararlanmağa çalışır. Təəssüf ki, bəzi media orqanları (misal üçün, “Pul-nyus” saytı) bu siyasətin xidmətçisinə çevrilərək, “Qarabağa səyahət bələdçisi” dərc edirlər. Həmin bələdçidə Qarabağ ərazisi “İranla həmsərhəd olan müstəqil bölgə” kimi təqdim olunur, İran vətəndaşlarına Ermənistandan keçməklə həmin bölgəyə turist səfərinin təhlükəsiz olduğu, hüquqi problem yaratmadığı təlqin edilir.


Əlbəttə, bu cür misalların sayını artırmaq da olar. Lakin bir şey şübhəsizdir ki, Ermənistanla əlaqələr, Dağlıq Qarabağ məsələsinə yanaşma Azərbaycan-İran münasibətlərində mühüm təsir faktorudur və İran tərəfi bunu nəzərə almalıdır. İran tərəfi əlaqələrə “üçüncü ölkə”nin təsirindən danışmağı çox xoşlayır və bu zaman üstüörtülü də olsa, İsrailə işarə  edir. Lakin unudulmamalıdır ki, “üçüncü ölkə” həm də Ermənistandır və İranın onun üçün “nəfəslik” rolunu oynaması işğalçı rejimin azı iki prezidenti tərəfindən etiraf olunmuşdur.


İran mediası Azərbaycan-İsrail əlaqələrindən yazmaqdan yorulmur. Məsələn, “Məşriq-nyus” portalının bu mövzuda iki üzdəniraq ekspertlə müsahibəsi on gündür, saytdan-sayta “qonur”. Lakin Ermənistanın bu ölkə ilə genişlənən əlaqələri barədə İran mediası susmağa üstünlük verir. İsraili “işğalçı rejim” adlandıran İran tərəfi ali dini lideri ayətullah Xameneyinin “müsəlman torpağı” adlandırdığı Qarabağı işğal etmiş rejimi də öz adı ilə çağırmalıdır. Yoxsa, bəzi İran rəsmiləri etnik azərbaycanlıların yaşadığı Şərqi Azərbaycan ostanını Ermənistanla əməkdaşlığın əsas meydanına çevirməyə çalışmaqla, bütün dünya azərbaycanlıları üçün xüsusi dəyəri olan Təbriz şəhərində “Erməni muzeyi” açmağı planlaşdırmaqla nəyə nail olmaq istəyirlər? Bu zaman öz həmvətənlərinin rəyi və mövqeyini nəzərə alırlarmı? Bunun Azərbaycan Respublikası ilə münasibətlərə təsirsiz ötüşmədiyinin fərqindədirlərmi?!


Şübhəsiz, bu və digər bu kimi faktlar Azərbaycanla İran İslam Respublikası arasında hazırkı münasibətlərin ümumi ruhuna uyğun gəlmir, qarşılıqlı əlaqələrdə etimada zərbə vurur. Etimad isə mehriban qonşuluqda başlıca şərtdir! Azərbaycan Respublikasının dövləti və milləti etimad və etibar olunası qonşu və tərəfdaş olduğunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir. O cümlədən, İranın sərt beynəlxalq sanksiyalar altında olduğu dönəmdə. Təsadüfi deyil ki, İran prezidenti Həsən Ruhani Bakıya ilk rəsmi səfəri zamanı demişdi: “Sanksiyalar dövründə qonşular bizi tək qoymadılar. Biz sanksiyalar dövründə bu dərsi öyrəndik ki, prioritet qonşularla münasibətdir”. Bu sözlərin məhz Azərbaycanda deyilməsi isə ilk növbədə hansı qonşudan söhbət getdiyini aydın göstərir!       

       

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi     

    



 

: 63