| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Romada keçirilən seminarda Azərbaycanın Avropaya inteqrasiya istiqamətində səyləri yüksək qiymətləndirilib

2014-10-10 17:09:50

İtaliyanın “İstituto Affari İnternazionali” (İAİ) beyin mərkəzinin və Azərbaycanın bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə Romada “Avropa İttifaqı və Cənubi Qafqaz: Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda seminar keçirilib.

Tədbiri açan İAİ-nin direktoru professor Ettore Greko Cənubi Qafqazın strateji baxımdan önəmli region olduğunu deyib. Vurğulayıb ki, bu səbəbdən də tədqiqatçılar və ekspertlər regiona daha böyük diqqət ayırmalıdırlar.

Seminarın moderatoru, İAİ-nın aparıcı tədqiqatçısı xanım Nona Mikhelidze müzakirə olunacaq mövzular, gündəmdə olan məsələlərlə bağlı məlumat verib. Cənubi Qafqaz ölkələrinin Aİ ilə münasibətlərinə toxunan tədqiqatçı Azərbaycanın Avropaya inteqrasiya istiqamətində səylərini yüksək qiymətləndirib.

Belçikada fəaliyyət göstərən siyasət məsələləri üzrə Avropa Mərkəzinin analitiki və icraçı inzibatçısı Amanda Pol çıxış edərək Avropanın Cənubi Qafqaz bölgəsinə həssaslıqla yanaşdığını deyib. Qeyd edib ki, xüsusən Azərbaycanla əlaqələrin inkişafı hazırda Avropanın gündəmində olan önəmli bir mövzudur. Bunun əsas səbəbi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında açar ölkə olmasıdır. “Aİ ilə Azərbaycan arasında əlaqələrin yeni mərhələyə qədəm qoyması üçün önəmli bir dönəm yaşayırıq. Bununla belə, Avropa Azərbaycan ilə münasibətləri yenidən genişləndirmək niyyətində olsa da, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə hələ də ikili standart siyasəti sərgilənir”.

Seminarda çıxış edən Polşa Beynəlxalq Əlaqələr İnstitutunun tədqiqatçısı Konrad Zasztovt Cənubi Qafqaz ölkələrində Avropaya inteqrasiya istiqamətində görülən işlərdən danışıb. Azərbaycanda həyata keçirilən sosial islahatlardan bəhs edən tədqiqatçı “ASAN xidmət”in fəaliyyətini xüsusi vurğulayıb. K.Zasztovt Aİ ilə “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələr arasında əlaqələrin daha da dərinləşməsinin vacibliyini diqqətə çatdırıb, qurumun bu ölkələrlə bir çox istiqamətlərdə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva çıxış edərək “Şərq Tərəfdaşlığı”nın Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiyası baxımından önəmli təşəbbüs olduğunu deyib. Proqramın iştirakçı ölkələrinin hazırkı xarici siyasət prioritetlərini təhlil edən G.Paşayeva Azərbaycanın balanslaşdırılmış siyasət yeritdiyini, həm Qərb, həm də Rusiya ilə yaxşı əlaqələr qurmağa çalışdığını diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamlara toxunan SAM-ın direktor müavini ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan torpaqlarının hələ də Ermənistanın işğalı altında olması, danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun, müxtəlif beynəlxalq təşkilatların problemlə bağlı mövqelərinə dair fikirlərini bölüşüb. Qeyd edib ki, bu münaqişə Cənubi Qafqazın inkişaf imkanlarının geniş olduğu vahid məkana çevrilməsinə maneçilik törədir, regionu parçalayır. Aİ bu problemin tənzimlənməsi prosesinə daha fəal qoşulmalı, münaqişənin həllinə töhfə verməlidir.

“FRİDE” Avropa beyin mərkəzinin aparıcı tədqiqatçısı, Avropa-Mərkəzi Asiya Monitorinq Proqramının (EUCAM) rəhbəri Jos Bunstra Aİ - “Şərq Tərəfdaşlığı” əlaqələrinin hazırkı vəziyyətini və qurumun Cənubi Qafqaz ölkələrinə münasibətdə gələcək fəaliyyət istiqamətlərini təhlil edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Maqsud Dadaşov

AzərTAc-ın xüsusi müxbiri

Roma


 

: 1140