| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Rusiya İslam Komitəsinin sədri Heydər Camal və İTAR-TASS informasiya agentliyinin əməkdaşı Səadət Qədirova ilə dəyirmi masa

2009-09-28 19:50:00

28 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "Dəyirmi masalar” layihəsi çərçivəsində keçirdiyi növbəti görüş "Diaspora və soydaşlar birliyi: azərbaycanlıların xaricdə fəaliyyətinin iki inkişaf istiqaməti” mövzusuna həsr edilmişdi.

Yerli ekspertlərin, XİN-in məsul əməkdaşlarının, DAK-ın nümayəndələrinin, dövlət strukturlarını təmsil edən rəsmilərin, beynəlxalq münasibətlər üzrə mütəxəssislərin, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələrinin, eləcə də SAM-ın əməkdaşlarının iştirak etdiyi tədbirdə məruzəçi qonaq qismində Rusiya İslam Komitəsinin sədri, politoloq və dinşünaslıq sahəsində tanınmış alim Heydər Camal və İTAR-TASS informasiya agentliyinin əməkdaşı Səadət Qədirova iştirak edirdilər.

SAM-ın direktoru Elxan Nuriyev giriş sözündə, Heydər Camalın artıq Mərkəzdə ikinci tədbirdə iştirak etdiyini, bundan əvvəl siyasi islam və onun təzahürlərinə dair məruzə etdiyini, bu günkü dəyirmi masada isə diasporanın aktual məsələləri barədə fikirlərini bölüşəcəyini qeyd etdi.

Məruzəçi qonaq Heydər Camal çıxışına bütövlükdə diaspora problemi, müasir dövrdə onun rolu və funksiyasına dair öz baxışını təqdim etməklə başladı. O qeyd etdi ki, xaricdə soydaşların mövcuduğu, diasporanın olması demək deyil. Həmvətənlər və soydaşların diaspora statusunu qazanması üçün təşkilatlanması, fəaliyyət proqramına malik olması və onu reallaşdırması zəruridir.

H.Camal vurğuladı ki, Rusiyadakı Azərbaycan icması bu gün üçün hələlik daha çox soydaşlar birliyidir, çünki bu diasporanın nümayəndələrinin əksəriyyəti Rusiya cəmiyyətinə inteqrasiya olunmur, konkret proqrama malik deyil, qapalı həyat tərzi keçirir, vətənlə daimi əlaqədə olur və milli ənənələrə sadiq qalır. Məruzəçinin fikrinə görə, "əgər, azərbaycanlılar diasporaya çevrilmirsə, yaşadığı əhatəyə qaynayıb-qarışır, rusiyalı olmağa can atır və beləliklə də Azərbaycan onları itirmiş olur”.

Rusiyada digər millətlərə münasibətdən danışan Heydər Camalın fikrincə, azərbaycanlılara orta asiyalılar və şimali qafqazlılarla müqayisədə daha yaxşı münasibət var.

İTAR-TASS informasiya agentliyinin əməkdaşı Səadət Qədirova diaspora mövzusu barəsində danışaraq, bildirdi ki, Rusiyada azərbaycanlıların müxtəlif diaspora təşkilatları yaradılsa da, onlar heç bir iş görmür. Azərbaycanlıların əksəriyyəti ticarət sahəsində məşğul olur və intellektual fəaliyyətdə qismən təmsil olunmuşdur. Halbuki, informasiya müharibəsi və təbliğat dövründə bu çox önəmlidir.

Səadət Qədirovanın fikrincə, əgər ermənilər ilk növbədə kilsə və qondarma soyqırım ideyası ətrafında təşkilatlanırlarsa, azərbaycanlılar da ilk növbədə Dağlıq Qarabağ mövzusu ətrafında birləşməli, Rusiya dövlət strukturlarında, dumada, televiziya kanallarında intensiv olaraq çıxış edən, ölkəmizin imicini formalaşdıran və lobbiçilik fəaliyyətini yüksək səviyyəyə qaldıra bilən intellektual diaspora təmsilçiləri olmalıdır. S.Qədirova həmçinin Rusiyada uğur qazanan azərbaycanlıları diasporanın fəaliyyətinə cəlb etməyin də mühüm məsələ olduğunu qeyd etdi.




 



 

: 89