| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM - da "Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə" kitabının təqdimat mərasimi keçirilmişdir

2017-04-07 13:04:08

7 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) tanınmış şərqşünas-alim, filologiya üzrə fəlsəfə doktoru, SAM-ın baş elmi işçisi Məsiağa Məhəmmədinin müəllifi olduğu "Əfqanıstan.Sovet işğalından Amerika müdaxiləsinə" adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə alim və mütəxəsislər, politoloqlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.


SAM-ın direktoru Fərhad Məmmədov tədbiri giriş sözü ilə açaraq qlobal və regional güclərin geosiyasi mübarizəsi kontekstində Şərq dövlətlərində baş verən hadisə və proseslərin araşdırılmasının SAM-ın tədqiqat istiqamətlərindən biri olduğunu qeyd etmiş, Məsiağa Məhəmmədinin "Əfqanıstan.Sovet işğalından Amerika müdaxiləsinə" adlı kitabının bu sahədə uğurlu bir nailiyyət olduğunu bildirmişdir. O, Əfqanıstanın coğrafi baxımdan Azərbaycandan uzaqda yerləşmədiyini diqqətə çatdıraraq, bu ölkədə baş verən hadisələrin Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini vurğulamışdır. 

Daha sonra kitabın elmi redaktoru, SAM-ın direktor müavini Gülşən Paşayeva bu kitab haqqında öz fikirlərini bölüşmüşdür. O qeyd etmişdir ki, müəllif XX əsrin 70-ci illərindən başlayaraq Əfqanıstan və onun ətrafında baş verən hadisələri daxili və xarici amillər baxımından təhlil edərək, kitabda onilliklər keçsə belə nə üçün bu ölkədə sabitlik və sülhün əldə edilməməsi sualına cavab tapmağa çalışmışdır. Eyni zamanda, Əfqanıstan haqqında müxtəlif dillərdə çoxsaylı kitabların yazılması və eləcə də M.Məhəmmədinin 1985-1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olması onun bu ölkə ətrafında baş verən hadisələri mükəmməl şəkildə təhlil etməsinə imkan vermiş və nəticədə Əfqanıstanın tarixi və beynəlxalq əlaqələrinə dair Azərbaycan dilində yazılmış bu ilk əsərin ərsəyə gəlməsinə səbəb olmuşdur.

Tədbirdə  Əfqanıstanda müxtəlif dövrlərdə diplomatik, siyasi və hərbi sahələrdə fəaliyyət göstərmiş bir sıra tanınmış alim, diplomat və s. şəxslər bu kitab haqqında öz fikirlərni bölüşmüşlər. Onlar müasir geosiyasi və geoiqtisadi maraqlar, sivilizasiyalararası münasibətlər konteksində Əfqanıstanda baş verən hadisələrin dəyərləndirilməsində kitabın mühüm əhəmiyyətini yüksək qiymətləndirmiş və bu istiqamətdə tədqiqatların davam etdirilməsinin zərurətini vurğulamışlar.


Sonda, kitabın müəllifi Məsiağa Məhəmmədi mərasim iştirakçılarına öz minnətdarlığını bildirmişdir.

 

 




 

: 643