| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat

2015-12-29 12:40:07

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) elmi-tədqiqat, elmi-təşkilatçılıq, analitik-informasiya və elmi-nəşriyyat istiqamətlərindəki fəaliyyətini davam etdirmək üçün məqsədyönlü səylər göstərmişdir.

 

Cari ildə SAM-ın müvafiq şöbələri tərəfindən ümumilikdə  41 elmi-tədqiqat mövzusu üzərində iş aparılmış və 38 elmi-tədqiqat işi müvəffəqiyyətlə yerinə yetirilmişdir. 3 uzunmüddətli tədqiqatın 2016-cı ildə yekunlaşdırılması planlaşdırılır.

 

Ümumiyyətlə, 2015-ci ildə SAM tərəfindən Azərbaycan və xarici dillərdə 12 monoqrafiya, 7 toplu, 2 broşür, 1 tədris vəsaiti və 2  buklet çap edilmişdir. Onlardan 17-si xaricdə (Türkiyə Respublikası, ABŞ, Fransa, Belçika Krallığı, Böyük Britaniya, AFR, Polşa, Gürcüstan və Özbəkistanda), 7-si  isə Azərbaycanda işıq üzü görmüşdür. SAM-ın əməkdaşları tərəfindən eləcə də 100-dən artıq qapalı xarakter daşıyan arayış və hesabat hazırlanmış, 90-na yaxın məqalə və kitab çap edilmiş və mətbuatda 50-dən artıq çıxış və müsahibə verilmişdir.

 

Hesabat dövründə SAM-ın elmi nəşrləri olan "Caucasus International" və "Strateji təhlil" öz fəaliyyətini davam etdirmiş və hər iki jurnalın hər birinin 3 sayı çap edilmişdir.

 

"Caucasus International" jurnalının Qafqaz və Avrasiya regionunda miqrasiya və qaçqınlar probleminə; beynəlxalq hüquq və beynəlxalq münasibətlər sistemində yaşanan böhrana və Azərbaycanın qonşusu və strateji müttəfiqi olan Gürcüstandakı siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə həsr edilmiş saylarında 30-dan artıq xarici və yerli ekspertin məqalələri, müsahibələr, Cənubi Qafqaz haqqında yeni nəşr edilmiş kitabların qısa icmalları öz əksini tapmışdır.

"Strateji təhlil" jurnalının 3 sayının hər birində 15 məqalə olmaqla cari ildə 45 məqalə çap edilmişdir. Onlar milli inkişafın strateji prioritetlərinə, xarici siyasət və beynəlxalq münasibətlərin aparıcı meyillərinə, müasir dövlət quruculuğuna, Azərbaycan Respublikasının hüquq və qanunvericilik sisteminə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, milli dövlət və qlobal geosiyasi məkanın çağırışlarına, qlobal və milli sosial-iqtisadi sistemin aktual məsələlərinə və s. mövzulara həsr edilmişdir. Jurnalda yeni çap edilmiş kitablar haqqında təhlil xarakterli rəylər də öz əksini tapmışdır.

 

Hesabat dövründə xüsusi araşdırmaları özündə əks etdirən "SAM Review"-nün (Alternativ enerji mövzusunda) bir, "SAM-ın şərhləri"nin isə üç sayı (Paradoksal alyanslar - Cənubi Qafqazda alyans siyasəti və strategiyaları ilə bağlı; Almaniya və Fransada müsəlman icmaları haqqında) çap edilmişdir.

 

Elmi-təşkilatçılıq baxımından 2015-ci ildə SAM tərəfindən Azərbaycanda və xaricdə 19 tədbir keçirilmişdir. Onlardan 7 tədbir (1 beynəlxalq konfrans, 1 beynəlxalq toplantı, 2 dəyirmi masa, 2 kitab təqdimatı və 1 mühazirə) Azərbaycanda, 12 tədbir isə (7 beynəlxalq konfrans, 2 dəyirmi masa, 2 kitab təqdimatı, 1 mühazirə) xaricdə təşkil edilmişdir. Azərbaycanda keçirilmiş 7 tədbirdən 5-ni yalnız SAM, 2 tədbiri isə SAM və onun tərəfdaşları birgə həyata keçirmişlər. Xaricdə təşkil edilmiş 12 tədbir isə yalnız birgə tərəfdaşlıq nəticəsində reallaşmışdır.

 

Ümumilikdə, 6  xarici ölkədə (Türkiyə Respublikası, Gürcüstan Respublikası, İordaniya Haşimi Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Fransa Respublikası və Belçika Krallığı) təşkil edilmiş tədbirlər beynəlxalq konfrans, dəyirmi masa, kitab təqdimatı və mühazirə formatlarında keçirilmişdir.

 

Eyni zamanda hesabat dövründə SAM-ın 19 əməkdaşı dünyanın 23 ölkəsində təşkil edilmiş 52 beynəlxalq tədbirdə məruzəçi kimi qatılmış və SAM tərəfindən xaricdə həyata keçirilməsi nəzərdə tutulan  elmi-tədqiqat və elmi-təşkilati fəaliyyət çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmişlər.

 

Cari ildə eləcə də SAM və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə birgə həyata keçirilən "Qonaq elmi işçilərin mübadiləsi proqramı" da uğurla davam etdirilmiş və Rusiya Federasiyasını, AFR-i, Çin Xalq Respublikasını (2 nəfər), Özbəkistan Respublikasını, İspaniyanı, Polşanı, Çex Respublikasını və  Litvanı təmsil edən 9 xarici ekspert müxtəlif mövzularda SAM-da elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmuşlar.

 

Hesabat dövründə SAM-ın 3 əməkdaşı pedaqoji fəaliyyət ilə məşğul olmuş və Azərbaycanın 3 ali təhsil ocağında - Bakı Dövlət Universitetində, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında və Xəzər Universitetində  saathesabı müəllim kimi fəaliyyət göstərmişlər. Eyni zamanda SAM-ın Ali məktəb tələbələri üçün təcrübə proqramı çərçivəsində 9  yerli və 2  xarici ölkənin ali təhsil müəssisələrini təmsil edən 23 tələbə/məzun iştirak etmişdir.

 

SAM-ın əməkdaşlarının il boyu mətbuatda 50-dən artıq çıxış və müsahibəsi, aktual məsələlərlə bağlı 40-dan çox video rəyi öz əksini tapmışdır.

 

Cari ildə SAM-ın rəsmi internet səhifəsi, "Facebook" və "Twitter" səhifələri, eləcə də "Youtube" kanalı mütəmadi olaraq məqalə, müsahibə, foto və video materiallarla daha da zənginləşmişdir.

 

SAM-ın "Facebook" səhifəsinin istifadəçilərinin sayı 6.000-ə yaxın, "Twitter" səhifəsinin izləyiciləri 2.600-dən çoxdur. İl ərzində rəsmi internet səhifəmizə 90.000-dən, "Facebook" səhifəmizə isə 130.000-dən artıq baxış olmuşdur.

 

2015-ci ildə yerli və xarici ölkə ekspertlərinin aktual mövzularda məqalələrinin dərc edildiyi "Caucasus International" jurnalının internet səhifəsi və "Facebook" səhifəsi, "Strateji təhlil" jurnalının internet səhifəsi və "Facebook" səhifəsi də fəaliyyət göstərmişdir.



 

: 1594