| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da “Azərbaycanın gələcək durumu indeksi (AZ-SOFI-2011)” üzrə tədqiqatın təqdimat mərasimi keçirildi

2011-11-25 16:52:00


2011-ci il 25 noyabr tarixində  Strateji Araşdırmalar Mərkəzində (SAM) Azərbaycan Futuroloqlar Cəmiyyəti tərəfindən "Minilliyin Layihəsi” ilə birgə SAM, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA-nın dəstəyi ilə ilk dəfə hazırlanmış "Azərbaycanın gələcək durumu indeksi (AZ-SOFI-2011)” üzrə tədqiqatın təqdimat mərasimi keçirilib. Tədbirdə bildirilib ki, AZ-SOFI indeksi- son 20 ildə ölkədə inkişaf templəri və aparılan islahatlar əsasında ölkənin gələcək 10 ildə (2011-2020) inkişaf perspektivlərini müəyyən edən indeksdir. 
Tədbiri açan SAM-ın Daxili siyasətin təhlili şöbəsinin müdiri Tahirə Allahyarova vurğulamışdır ki, Azərbaycan dövləti gələcəyə yönəlmiş siyasət aparır. Bunu dünyanın üzləşdiyi böhranlardan ölkəmizin  ən az itkilərlə çıxması və istənilən halda artım templərinin təmin edilməsi sübut edir. Elmi-ekspert cəmiyyətinin bu siyasətə  dəstəyi isə məhz bu gün təqdim edilən araşdırmalarla bilavasitə bağlıdır.
Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova  tədqiqatın ərsəyə gəlməsində əməyi olan bütün qurumlara və alimlərə öz minnətdarlığını bildirmişdir. R.Hüseynova tədbir iştirakçılarına tədqiqat prosesinin gedişatı, onun elmi-praktiki dəyəri, dövlət üçün əhəmiyyəti və eləcədə müxtəlif qurumların ortaq səyləri barədə qısa məlumat vermişdir. "Azərbaycanın Gələcək Durumu İndeksi”nin ilk nüsxəsinin "BakuTel-2011” beynəlxalq sərgisində Prezident İlham Əliyevə təqdim olunduğunu bildirmişdir. 
Təqdimatda çıxış edən əsas məruzəçi, "Minilliyin layihəsi”nin direktoru Cerom Kleyton Qlenn bildirmişdir ki, layihə çərçivəsində cari ilin oktyabrında sorğu keçirilmişdir. Bu sorğuda 13 ölkədən 101 ekspert iştirak edərək ölkənin inkişafına təsir göstərən mühüm 24 hadisə haqqında təhlil aparmışlar. Həyata keçirilən tədqiqata əsasən, Azərbaycanda geniş zolaqlı internetdən faydalanma fiber-optik kabel istifadəsi nəticəsində 2020-ci ildə 100 faiz yaxşılaşacağını proqnozlaşdıra bilərik. Azərbaycanın yerin peykinin 2013-cü ildə kosmosa buraxılması, informasiya-kommunikasiya texnologiyaları sahəsində gəlirləri ən azı 30 faiz artıracağını proqnozlaşdırır. Azərbaycan Dünya Ticarət Təşkilatına daxil olacaq və bu, ərzaq təhlükəsizliyində və kənd təsərrüfatı müəssisələrinin fəaliyyətinə müsbət təsir göstərəcəkdir. Azərbaycanda yoxsulluq həddində yaşayan vətəndaşların sayı 12-15 faiz və ya daha aşağı səviyyədə qalacaqdır. Orta məktəbləri bitirənlərin ən azı 30 faizi ali təhsil müəssisələrinə qəbul olacaqlar. Eyni zamanda, ölkədə urbanizasiya prosesinin güclənməsi əhalinin müəyyən nöqtəərdə sürətlə artmasına, bununla da ekoloji və sosial problemlərə yol aça bilər.
Təqdimat ətrafında məruzəçilər çıxış etmişlər.
Prezident Adminstrasiyasının Siyasi təhlil və proqnoz sektorunun müdiri Fərhad Məmmədov bildirmişdir ki, tədqiqatın başlıca yekunu kimi proqnozların Azərbaycanın inkişafının müsbət istiqamətdə getdiyini göstərməsi təqdirəlayiqdir. F.Məmmədov bu cür tədqiqatın  Cənubi Qafqaz dövlətləri arasında müqayisəli aparılmasını tövsiyə edərək fikrini belə əsaslandırmışdır ki, belə olduğu halda regionun iqtisadi inkişafının 75 %-ni təşkil edən Azərbaycanın və xarici dövlətlərə borcları 60 % təşkil edən Ermənistanın  gələcək inkişafının daha real və aydın mənzərəsinin  yaranması mümkün ola bilər. F. Məmmədov onu da xüsusi olaraq vurğuladı ki,  Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi  olmasaydı, Azərbaycanın bu indeksdə əksini tapan müsbət göstəriciləri dəfələrlə  daha yüksək ola bilərdi.
Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin şöbə müdiri Elçin Zeynalov qeyd etdi ki, tədqiqatda yer alan  innovativ və yaradıcılıq potensialının inkişafına dair təhlillər Azərbaycanda biliyə əsaslanan cəmiyyət və insan kapitalının inkişafına yönümlü dövlət siyasətinin  təkmilləşməsi üçün əhəmiyyətlidir.  İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru , professor Rasim Həsənov araşdırmanın müxtəlif elm sahələrindən olan  mütəxəssislərin səmərəli fikir mübadiləsi və yeni ideyaların yaranması üçün dəyərli mühiti fortmalaşdırdığını vurğulamış, həmçinin, Azərbaycanda ilk geoiqtisadi atlasın hazırlanmasını qeyd etmişdir.
İqtisad Universiteti nəzdində Elmi-Tədqiqat Araşdırmalar institutunun şöbə müdiri Aydın Hüseynov tədqiqat gedişində onun gələcək təkmilləşdirilməsi məsələlərinə toxunmuş, bəzi prioritetləri vurğulamışdır. Buraya- ekspertlər üçün treniniqlərin təşkilini, nəticələrim qərar qəbulu sisteminə tətbiqini və s. məsələləri aid etmişdir. AMEA-nın akademiki Urxan Ələkbərov  müasir dövlətin inkişafını əks etdirən  reytinqi və indekslərin çox olduğunu, gələcəyə dair indekslərin isə az olduğu üçün bu təqdimatın xüsusi yer tutduğunu qeyd etmişdir. Akademik Azərbaycan dövlətinin gələcək inkişafa dair aydın konsepsiyaya malik olduğunu bu sahədə qəbul edilən strateji proqram və layihələrdə ifadə edildiyini bildirmişdir. Qərb Universitetinin professoru Fikrət Sadıxov  öz çıxışında tədqiqatda yer alan  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ssenari və qənaətlərə toxunmuşdur. SAM-ın aparıcı elmi işçisi Vüsal Qasımlı Azərbaycanın yaxın 10 ildə bütün parametrlər üzrə inkişaf edəcəyinin başqa konkret reytinqlərdə də göstərildiyini qeyd etmişdir. Dövlət İqtisad Universitetinin  müəllimi, tədqiqatda "sosial dəyişənlər” blokunun təhlili üzrə   ekspert kimi iştirak edən Murad Bağırzadə bu təqdimatın Azərbaycana "gələcəyə baxış” və "strateji təfəkkür mədəniyyəti” gətirəcəyinə və onu ənənəyə çevirəcəyinə əmin olduğunu bildirmişdir. 
Çıxışlardan sonra məruzəçilər təqdimat mərasiminin iştirakçılarının  çoxsaylı suallarını cavablandırmışlar. AMEA-nın, respublikanın digər  aparıcı universitetlərin alimləri   bu cür layihələrin Azərbaycanın gələcək inkişafı üçün əhəmiyyətini qeyd edərək  Azərbaycan Futuroloqlar Cəmiyyətinə və Minilliyin Layihəsinə birgə əməkdaşlıqda yeni-yeni uğurlar arzulamışlar.

 



 

: 29