| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da “Zaqafqaziya uğrunda mübarizə 1917-1921” kitabının təqdimat mərasimi keçirilmişdir

2011-11-11 01:52:00

10 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Amerikada yaşayan azərbaycanlı  alim və ictimai xadim, Yel Universitetinin(ABŞ) professoru Firuz Kazımzadənin 1951-ci ildə çapdan çıxmış və 2010-cu ildə Qafqazın Strateji Tədqiqatları İnstitutu tərəfindən rus dilində nəşr olunmuş "Zaqafqaziya uğrunda mübarizə 1917-1921”(Борьба за Закавказье 1917-1921) adlı kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan SAM-ın Daxili siyasətin təhlili şöbəsinin müdiri Tahirə Allahyarova kitabın müəllifinə və onu rus dilinə tərcümə edən Qafqazın Strateji Tədqiqatları İnstitutunun direktoru Eldar İsmayılova təşəkkürünü bildirmişdir. T.Allahyarova kitabın əhəmiyyəti haqqında danışaraq bildirmişdir ki, Azərbaycan dövlətçiliyi kimi, Azərbaycan tarix elmi də çətin mərhələlərdən keçmişdir. Sovet İttifaqı dönəmində xüsusilə də 1917-1921-ci illərdə baş vermiş hadisələrin təhlili və öyrənilməsi tarixçilərə yasaq edilmişdir. Həmin dövrdə məhz   belə kitablar baş verən mürəkkəb  proseslərə dair həqiqətləri əks etdirmişdir. Kitab həmçinin "tarix və tarixçi” münasibətlərinə də aydın cavabdır. Bu cür tarixi obyektivlik hissi ilə yazılan kitablar həmişə aktuallığını saxlayır.
Təqdimat mərasimində çıxış edən Qafqaz Strateji Tədqiqatlar İnstitutunun direktoru Eldar İsmayılov Qafqazşünaslığın tədqiqində bu kitabin əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, kitaba ön sözü Firuz Kazımzadənin tələbəsi, Con Hopkins Universitetinin professoru, politoloq Frederik Starr yazmışdır.
Müəllifin sözlərinə görə o, bu kitabı 60 il əvvəl yazanda  heç ağlına gəlməzdi ki, kitab Azərbaycanda bu qədər maraq  doğuracaq. "Çox şadam ki, kitabı rus dilinə tərcümə ediblər və o hələ də faydalıdır” – deyə Firuz Kazımzadə bildirmişdir.
Bakı Dövlət Universitetinin professoru, millət vəkili Musa Qasımlı əlavə etmişdir ki, bu tədqiqat əsəri 20-ci illərin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi prosesləri, daşnakların türklərə qarşı amansız vəhşilikləri, erməni-gürcü münasibətləri düzgün, obyektiv və dolğun əks etdirmişdir: "Müəllif alimlərin yalnız SSRİ dağıldıqdan sonra əlinin çatdığı sənədlərdən istifadə edə bilmişdir. Kitabda geniş tarixi materiallardan istifadə olunmuşdur və gənc nəsli düşünməyə vadar edir”.
Bakı Dövlət Universitetinin professoru Anar İskəndərov müəllifin Zaqafqaziyada gedən proseslərin ssenarilərinin əksər hallarda kənardan hazırlanmasına dair qənaətinin düzgün olduğunu vurğuladı. Tarix elmləri doktoru İradə Bağırzadə isə taleyin hökmü ilə sovet dönəmində müəllifin əsərinin aid edildiyi "burjua sovetologiyasını” tədqiq edərkən F.Kərimzadənin əsəri ilə tanış olduğunu qeyd etdi.
Təqdimat mərasimində həmçinin tarixçi alimlər, millət vəkilləri və elmi ictimaiyyətin nümayəndələri  iştirak etmişdir. Sonda müəllif F.Kazımzadə Azərbaycanda onun yaradıcılığına olan maraq və rəğbətə görə minnətdarlığını bildirdi.
Qeyd edək ki, Firuz Kazımzadə 1924-cü ildə Moskvada anadan olmuşdur. Atası İran səfirliyinin əməkdaşı olan Firuz Kazımzadə ilk təhsilini Moskvada almışdır. Daha sonra ABŞ-a gedən həmyerlimiz Stenford Universitetinə qəbul olunmuşdur. 1946-cı ildə universiteti əla qiymətlərlə bitirərək, 1950-ci ildə Harvard Universitetində Rusiya tarixi üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1954-1956-cı illərdə Harvard Universitetində işləyən Firuz Kazımzadə sonradan Yel Universitetində fəaliyyətini davam etdirmişdir. 15 may 1998-ci ildən 23 may 2003-cü ilə qədər ABŞ-da beynəlxalq dini azadlıq komissiyasının üzvü olmuşdur.


 

: 186