| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM "Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsinin ən böyük humanitar faciəsidir" mövzusunda dəyirmi masa keçirmişdir

2017-02-23 15:20:46

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsr bəşəriyyət tarixinin ən qanlı soyqırımı cinayətlərindən biri baş vermişdir. Ermənistanın silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etmiş, Azərbaycan xalqına qarşı törədilmiş növbəti kütləvi qırğın aktı nəticəsində şəhərin 613 nəfər sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla qətlə yetirilmiş, 1275 dinc sakin əsir götürülmüş, 487 nəfər ömürlük şikəst qalmışdır. Xocalının dinc əhalisinin 155 nəfərinin taleyi haqqında isə indiyədək məlumat yoxdur.


Hər il Azərbaycanda və dünyanın bir sıra dövlətlərində Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunur, Ermənistanın işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətini pisləyən kütləvi etiraz aksiyaları təşkil edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə və onun hüdudlarından kənarda Xocalı soyqırımının iyirmi beşinci ildönümünün qeyd olunması haqqında sərəncam imzalamışdır.

 

2017-ci ilin fevral ayının 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar mərkəzində (SAM) «Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsinin ən böyük humanitar faciəsidir» mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Milli Məclisin üzvləri, diplomat və ekspertlərlə yanaşı Türkiyə, Moldova və Gürcüstandan gəlmiş alim və mütəxəssislər, insan hüquqları müdafiəçiləri, eləcə də Xocalı şəhər sakinlərinin nümayəndələri iştirak etmişlər. Tədbirdə ilk olaraq Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

 


SAM-ın direktoru Fərhad Məmmədov tədbiri açaraq  Xocalı soyqırımının insanlıq əleyhinə törədilən ən böyük cinayətlərdən biri olduğunu bildirmiş və qeyd etmişdir ki, yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımının mahiyyəti açıqlanmış, 1994-cü ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisi bu cinayətə hüquqi-siyasi qiymət vermiş, onun tanıdılması, beynəlxalq hüquq çərçivəsində dəyərləndirilməsi istiqamətində genişmiqyaslı fəaliyyətə başlanılmışdır. Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il fevral ayının 26-sı «Xocalı soyqırımı günü» kimi qeyd olunur. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Ermənistan Respublikasının işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması məqsədilə ardıcıl iş aparılır. Humanitar faciə ilə bağlı təbliğat işində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri vardır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən «Xocalıya ədalət!» kampaniyası çərçivəsində hər il dünyanın bir sıra dövlətlərində silsilə tədbirlər təşkil olunur.

 

 

Tədbirdə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru Namiq Əliyev, Əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov, Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu, «Xocalıya ədalət!» kampaniyasının Ankara təmsilçisi Gözde Kılıç Yasin, Gürcüstan Demoqrafiya Cəmiyyətinin sədri Anzor Totatdze,  Moldovanın Effektiv Siyasət İnstitutunun direktor müavini Ruslan Şevçenko, Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulia və başqaları çıxış edərək, Ermənistanın işğalçılıq və soyqırımı siyasətini pisləmişlər. Bildirilmişdir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnaməsinə, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər nüfuzlu beynəlxalq qurumların müvafiq qərarlarına baxmayaraq, münaqişə beynəlxalq hüququn prinsip və tələbləri, ən əsası Azərbaycanın  ərazi bütövlüyünün təmin olunması çərçivəsində hələ də öz həllini tapmamışdır.

 

 

Çıxışçılar Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasının, cinayətkarların cəzalandırılmasının  Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, hazırda bu istiqamətdə aparılan fəaliyyətin nəticələrini yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, indiyədək ABŞ-ın 20 ştatının, Pakistanın, Sudanın, Bosniya və Hersoqovinanın, Çexiya Respublikasının, İordaniyanın, Kolumbiyanın, Gibutinin, Qvatimalanın, Panamanın, Meksikanın, Perunun parlament, senat, nümayəndələr palatası, baş assambleya, qubenatorluq və s. səviyyələrində, İslam Əməkdaşlıq Təşkilatının Zirvə konfransı və Xarici İşlər Nazirləri Şurasının sessiyası çərçivəsində Xocalı hadisələri «soyqırım aktı»  kimi tanınmışdır. 




 

: 1543