| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Polşa Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə dəyirmi masa keçirmişdir

2018-11-08 12:10:56

Polşa Xarici İşlər Nazirinin müavini Bartoş Çixotski və eləcə də Polşanın nüfuzlu beyin mərkəzlərinin ekspertlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə 8 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) dəyirmi masa keçirilmişdir.Yerli və xarici mütəxəssislərin iştirakı ilə keçirilən dəyirmi masa Azərbaycan-Avropa İttifaqı əlaqələrinin Polşa kontekstindən müzakirəsinə həsr edilmiş və tədbir ikitərəfli münasibətlərin siyasi-iqtisadi, habelə enerji və təhlükəsizlik aspektlərinin müzakirəsi baxımından əlverişli  platforma rolunu oynamışdır.




SAM-ın direktoru Fərhad Məmmədov dəyirmi masa iştirakçılarını salamlayaraq hər iki ölkə arasındakı strateji tərəfdaşlığın qarşılıqlı dialoq və ikitərəfli əməkdaşlıq üçün münasib zəmin yaratdığını qeyd etmişdir. Fərhad Məmmədov Polşanın beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən əsas tərəfdaşlardan biri olduğunu xatırladaraq, ikitərəfli əlaqələrin müsbət istiqamətdə inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.



Daha sonra, Polşa Xarici işlər nazirinin müavini cənab Bartoş Çixotski Azərbaycan və Polşa arasında tarixən mövcud olan çoxtərəfli əlaqələrə toxunmuş, qarşılıqlı fəaliyyət sahələrinin  genişləndirilməsində iqtisadiyyat, nəqliyyat və energetika üzrə əməkdaşlığın vacibliyini vurğulamışdır. Cənab Çixotski təhsil və rəqəmsal texnologiya sahəsində əməkdaşlığın da əlaqələrin genişlənməsində faydalı olacağını iştirakçıların diqqətinə çatdırmışdır.



Tədbirin təhlükəsizlik məsələləri, siyasi dialoqun qurulması və eləcə də enerji və nəqliyyat mövzularının  müzakirəsinə həsr edilmiş panellərində SAM-ın Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev və İqtisadiyyatın təhlili şöbəsinin elmi işçiləri — Orxan Bağırov və Mahir Hümbətov mövzuya dair mühazirələrlə çıxış etmişdir.



Tədbir sual-cavab sessiyası və Fərhad Məmmədovun yekun nitqi ilə başa çatmışdır.

 



 

: 210