| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “Separatizm Dünya Düzəninə Təhdid Kimi” mövzusunda beynəlxalq konfrans keçirmişdir

2018-10-03 11:37:48

3 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Separatizm Dünya Düzəninə Təhdid Kimi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.



Tədbir iştirakçılarını salamlayan Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov separatizmin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə və o cümlədən dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş əsas təhdidlərdən biri olduğunu bildirmiş, bu kontekstə Ermənistanın Azərbaycana qarşı yürütdüyü separatizm siyasətini regional sülh və sabitliyin əldə edilməsində əsas maneə kimi qiymətləndirmişlər.




Daha sonra Türkiyənin sabiq Xarici işlər naziri Hikmet Çetin mövzu ilə bağlı fikirləri davam etdirərək hazırda qlobal arenada cərəyan edən separatizm proseslərinin beynəlxalq dialoq və dövlət quruculuğunun təməl dayaqlarını sarsıtdığını ifadə etmişdir.



ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluq etdiyi “Separatizm nəzəri və hüquqi kontekstdə” mövzusundakı birinci paneldə Almaniyanın Boxum Rur Universiteti nəzdində fəaliyyət göstərən Sülh və Hərbi Münaqişələr üzrə Beynəlxalq Hüquq İnstitutunun aparıcı təhlilçisi Hans-Yoahim Hayntze, “Elcano” Kral İnstitutunun Baş analitiki İqnasio Molina və eləcə də Ankara Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi Cavid Abdullazadə beynəlxalq hüquqda öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipi, məcburi sesessiya, habelə  Avropada separatizm və Kataloniya məsələsinə dair məruzələrlə çıxış etmişdir.



SAM-ın Xarici Siyasət Məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyevin moderatoru olduğu  “Şərqi Avropa və Cənubi Qafqazda ərazi bütövlüyü və separatizm” mövzusundakı növbəti paneldə millət vəkili Rasim Musabəyov, Serbiyanın Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunun Avrasiya Tədqiqat Mərkəzinin sədri Duşan Prorokoviç, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun aparıcı elmi işçisi Giorgi Badridze və Moldova Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi Oktavian Taku mövzuya dair məruzə etmişlər.

 

Tədbir sual-cavab sessiyası və Fərhad Məmmədovun yekun nitqi və ilə başa çatmışdır. 

 



 

: 1508