| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın dəstəyi ilə nəşr edilmiş “Gürcüstan-Azərbaycan Strateji Tərəfdaşlığı: Tarix və müasir dövr” kitabının Tbilisidə təqdimat mərasimi keçirilmişdir

2018-06-06 08:41:56

6 iyun 2018-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və dəstəyi ilə Gürcüstanda nəşr edilmiş və tarix elmləri doktoru Omar Ardaşelianın müəllifi olduğu “Gürcüstan-Azərbaycan Strateji Tərəfdaşlığı: Tarix və müasir dövr” kitabının təqdimat mərasimi keçirilmişdir.



İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində təşkil edilmiş təqdimat mərasimi Gürcüstanda akkreditə olunmuş dipomatik korpusun əməkdaşlarının, Gürcüstanın  tanınmış elmi-ictimai xadimləri və beynəlxalq münasibətlər üzrə ekspertlərinin, habelə mətbuat nümayəndələri və universitetdə təhsil alan tələbə və məzunların iştirak ilə həyata keçirilmişdir.



Azərbaycanla Gürcüstan arasındakı çoxəsrlik iqtisadi və mədəni  əlaqələrin əksini tapdığı bu yeni nəşrdə iki ölkə arasındakı strateji tərəfdaşlıq  ortaq  tarixi və siyasi inkişaf kontekstindən təhlil edilmiş, hər iki ölkənin tarixi təkamül yolu, ölkələr arasındakı mədəni əlaqələrin inkişafı, xalqlar arasındakı qarşılıqlı anlaşma, dostluq və mehriban qonşuluq dəyərləri və eləcə də genişmiqyaslı əməkdaşlığın fundamental faktorlarına aydınlıq gətirilmişdir.Bununla yanaşı, kitabın müxtəlif bölmələrində unikal geoiqtisadi və geosiyasi əhəmiyyətə malik olan Gürcüstan və Azərbaycanın dinamizimlə xarakterizə edilən və regionda sülh və təhlükəsizliyin bərqərar olmasını hədəfləyən  qlobal iqtisadi prosseslərə də birgə inteqrasiya etdiyi müəllif tərəfindən oxucuların diqqətinə çatdırılmışdır.



Kitabın müəllifi, Suxumi Dövlət Universitetinin professoru Dr. Ardaşelia Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin inkişaf dinamikasından bəhs edərək Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsilə diplomatik münasibətlərin daha da genişləndiyini qeyd etmiş və dövlətlərarası əlaqələrin zaman keçdikcə daha da dərinləşəcəyinə ümid bəslədiyini nəzərə çatdırmışdır.


Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Gürcüstanla Azərbaycan arasındakı mehriban qonşuluq münasibətlərinə toxunaraq dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində iki ölkə arasındakı əlaqlərin uğurla inkişaf etdiyini bildirmişdir.



Daha sonra, SAM-ın direktoru Fərhad Məmmədov iki ölkə arasındakı tarixi əlaqələrin strateji əhəmiyyətli sahələrdə yüksələn xətt üzrə davam etdiyini vurğulamış, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmiş və qonşu ölkənin regionda həyata keçirilən nəhəng layihələrin icrasında Azərbaycanın etibarlı və əsas tərəfdaşlarından biri olduğunu qeyd etmişdir.






 

: 1247