| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktoru “Yeni İpək Yolu: Təkliflər və imkanlar” mövzulu tədbirdə çıxış etmək üçün İstanbula səfər etmişdir

2014-12-12 12:41:45

11-12 dekabr 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi, Çin Xalq Respublikasının Dövlət Şurasının İnkişaf Tədqiqat Mərkəzi və Serbiyanın Beynəlxalq Əlaqələr və Davamlı İnkişaf Mərkəzinin dəvəti ilə “Yeni İpək Yolu: Təkliflər və imkanlar” mövzulu tədbirdə çıxış etmək üçün İstanbula səfər etmişdir.


Tədbir Türkiyə Cümhuriyyətinin Baş Naziri Əhməd Davudoğlu adından iştirakçılara ünvanlandırılmış salamlama məktubu ilə açılmışdır. Daha sonra tədbirdə ilk çıxışçılar siyahısında Monteneqronun Baş Nazirinin müavini və Xarici İşlər Naziri İqor Luksiç, Çinin Türkiyədəki səfiri Yu Hongyang, Serbiyanın keçmiş Xarici İşlər Naziri Vuk Jeremic və başqaları olmuşdur. Eyni zamanda, tədbirin yekun nitqlər hissəsində İspaniyanın keçmiş Xarici İşlər Naziri Migel Angel Moratinos Kuyaube, Pakistanın keçmiş Baş Naziri Şavkat Aziz və digər məruzəçilər çıxış etmişdir. İştirakçılara Türkiyə Cümhuriyyətinin Xarici İşlər Naziri Mövlut Çavuşoğlu tərəfindən şam yeməyi verilmişdir.


Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov "İpək yolları boyunca infrastruktur layihələri" mövzusunda çıxış etmişdir. O, öz çıxışında ipək yollarının canlandırılmasının hələ 90-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən təklifedildiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, bu gün dünyada Çinin yeni ipək yolu təklifi ilə çıxış edərək “Bir zona – bir yol” təşəbbüsünü irəli sürməsi təqdirəlayiqdir və Bakı-Tiflis-Qars dəmir yolu da bu təşəbbüsün mühüm bir hissəsidir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı-Tiflis-Qars və Azərbaycanın digər nəqliyyat və loqistika infrastrukturu və bu barədə gələcək planlarına aid fikirləri də F.Məmmədov tərəfindən səsləndirilmişdir. Eyni zamanda öz çıxışında F.Məmmədov Bakı-Tiflis-Qars layihəsinin Gürcüstan hissəsini Azərbaycanın maliyyələşdirməsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etmiş olması və qeyd edilən dəmir yolu layihəsinə süni maneələr yaratmağa çalışması, Ermənistan rəhbərliyinin diktator rejimi və bu ölkənin regionda stabilliyə zərər vurması, Türkiyənin də Azərbaycana görə Ermənistanla öz sərhədlərini bağlamış olması və Azərbaycanın işğal edilmiş əraziləri qaytarılmayınca Türkiyənin Ermənistanla sərhədləri açmayacağıvə s. məsələləri qeyd etmişdir. O, həmçinin bildirmişdir ki, Bakı-Tiflis-Qars layihəsinin tikintisində bir sıra əngəllərin olmasına baxmayaraq Azərbaycan bu layihəni yekunlaşdırıb gələn ilin sonuna istifadəyə verməyi planlaşdırır ki, bu da Azərbaycan Prezidentinin siyasi iradəsinin təzahürüdür.


Konfransda ümumi olaraq ipək yollarından qarşılıqlı fayda əsasında istifadə, onların vasitəsi ilə ticarət və investisiya axını, ipək yolları qovşaqları, ipək yolları üzərində infrastruktur layihələri, açıq və hərtərəfli ipək yolları, sabit və ətraf mühitə zərər vurmayan ipək yolları, ipək yolları boyunca yerləşən ölkələrdəki beyin mərkəzlərinin əməkdaşlığı və s. mövzular müzakirə edilmişdir.



 

: 859